Elman Rüstəmov bahalaşmanın öhdəsindən gələ bilmədi
Azərbaycan Mərkəzi bankı (AMB) ötən həftə uçot dərəcəsini 7%-dən 7,25%-ə yüksəltdi. Faiz dərəcələri dəhlizinin yuxarı həddi 8%-dən 8,25%-ə qaldırıldı, aşağı hədd isə dəyişmədən 6% səviyyəsində qaldı. Bu, Mərkəzi bank tərəfindən uçot dərəcəsinin son ildə artıq üçüncü dəfə yüksəldilməsidir.
Ehtimal ki, Elman Rüstəmov bu addımı atmağı elə də istəmirdi, heç daxili amillər da buna rəvac vermirdi. Ancaq son vaxtlar iqtisadiyyata inflyasion təzyiq güclənir, bunun səbəbi isə qiymətlərin formalaşmasında həlledici rol oynayan xarici amillərdir. Xammalın dünya qiymətlərinin artması və tərəfdaşlarda baş verən inflyasiyalar, daşınmalar zəncirindəki nasazlıqların təsiri və nəqliyyat xərclərində yüksəlişlər gözləniləndən daha böyük və davamlı oldu. Daxili amillər isə qiymət artımının gözləntilərdən çox olması səbəbindən inflyasiyanı nəzərdə tutan göstəricilərlə əlaqələndirməyə mane olur.
İnflyasiyanın dinamikasının formalaşmasında monetar amillərin də rolu azdır. Valyuta bazarındakı tarazlıq qiymətlərin stabilliyinin bu əsas amilini möhkəmlədir və xarici inflyasiyanı yetərincə neytrallaşdırır. Monetar şərtlərin sərtləşdirilməsi ilə bağlı qərarlar isə monetar faktorların inflyasiyaya tarazlaşdırıcı təsirini gücləndirir. Faiz dərəcələrin dəhlizinin parametrləri ilə bağlı növbəti qərarlar inflyasiya risklərinin balansındakı dəyişiklikləri və orta perspektivdə iqtisadiyyatı nəzərə alaraq qəbul ediləcək.
Mərkəzi Bankın bəyanatını sakitləşdirici hesab etmək çətindir. Elə çıxır ki, inflyasiyanı durdurmaq üçün monetar amillər bəs etmir. Və bu ilin yekunlarına görə Mərkəzi Bank orta illik inflyasiyanı 6,3%-6,6%, illik inflyasiyanı isə 11,4-11,9% səviyyəsində gözləyir. Həm orta illik, həm də illik inflyasiya Mərkəzi Bankın ilkin proqnozlarından yüksəkdir. Müqayisə üçün, 2020-ci ildə ölkədə orta illik inflyasiya cəmisi 2,8% olub. Halbuki ötən il qlobal iqtisadiyyat, həmçinin Azərbaycan iqtisadiyyatı üçün daha uğursuz il sayılırdı.
Bu il isə bütün proqnozlara görə iqtisadiyyatın inkişafı üçün uğurlu il olmalıydı. Azərbaycanda iqtisadiyyat həqiqətən aydan aya artır, ancaq inflyasiya da artır. Anlaşılmaz vəziyyət yaranır - dövlət qurumları hər ayın yekununda ÜDM-in artdığını uca səslə elan edərək inflyasiyanın artmasını da yavaşdan söyləyirlər və bütün günahları xarici amillərin üzərinə atırlar. Yəni, belə deyirlər ki, bizdə inflyasiya kənardan gəlmədir. Yeri gəlmişkən, beynəlxalq bazarların hətta səthi analizi də göstərir ki, bu vəziyyətə bir çox ölkələrdə rast gəlinir. Onlarda da Mərkəzi banklar inflyasiya ilə bağlı vəziyyəti eyni arqumentlərlə əsaslandırırlar.
Dünya pandemiyadan sonrakı dövrdə inflyasiyanın artacağını gözləyirdi və Mərkəzi banklar buna qarşı tədbirlər görürdü. Təəssüf, reallıq gözləntiləri xeyli ötdü, tədbirlər isə yetərincə effektiv olmadı. Əlbəttə, obyektiv amilləri heç kim inkar edə bilməz. Ancaq Mərkəzi bankların da ixtiyarında inflyasiyaya təsir göstərmək üçün çoxsaylı vasitələr var. Buraya monetar amil da daxildir və bizim Mərkəzi bank bir qayda olaraq onu həmişə sərtləşdirir. Yeri gəlmişkən, AMB iddia edir ki, yalnız valyuta bazarındakı sabitlik qiymət stabilliyinin bu amilini möhkəmlədir və xarici inflyasiyanı xeyli neytrallaşdırır. Başqa sözlə desək, yalnız manatın kursunun stabilliyi sayəsində inflyasiya ilə yaxşı-pis mübarizə aparmaq mümkündür. Manatın kursu isə qlobal bazarda neftin qiyməti, müəyyən qədər də Neft fondundan dövlət büdcəsinə transfertlər hesabına qorunub saxlanılır.
Ancaq təəssüf ki, neft sektorundan milyardlarla daxilolmalar və Neft fondundan büdcəyə transfertlər inflyasiya ilə sonadək mübarizə aparmağa yetmir. Düzdür, onlar ölkənin strateji ehtiyatlarını artırmağa yardım edir. Belə ki, bu ilin 11 ayı ərzində valyuta ehtiyatları 4,4% və ya 2,2 mlrd dollar artıb və artıq 53 mlrd. dolları ötür. Üstəlik ödəniş balansındakı profisit də ehtiyatları artırmağa imkan verir. Ancaq Mərkəzi bankın özünün ehtiyatları 10,2% artaraq 7 mlrd. dollara çatıb. Və indiki təmayül qalarsa, 2022-ci ildə də ödəniş balansında yetərincə profisit gözlənilir.
Mərkəzi Bank 2022-ci ilə böyük ümidlər bəsləyir. Səbəblər yenə də neftlə bağlıdır. Bu illə müqayisədə gələn il Neft fondundan dövlət büdcəsinə transfertlər xeyli çoxalacaq. Bu faktor təbii ki milli valyutanın - manatın sabitliyini təmin edəcək. Və hesablamalara görə, ödəniş balansının profisiti qəbul olunmuş makroiqtisadi platforma ilə birlikdə orta perspektivdə risk amillərini neytrallaşdıra bilər.
Ancaq görünür, Neft fondunun taleyi Mərkəzi Bankı maraqlandırmır. Bunu xatırlatmağa cəhd edək. Hesablama palatası bildirir ki, proqnozlara görə, 2022-ci ildə Dövlət Neft fondunun gəlirləri 32,4% artaraq 10,5 mlrd. manata çatacaq. Fondun xərcləri isə 4,4% artaraq 12,7 mlrd. manat olacaq. Beləliklə, Neft fondunun büdcəsində 2,2 mlrd. kəsir yaranacaq. Və bu, hər il təkrarlanacaq. Beləliklə, Fondda valyuta ehtiyatlarının artmasına imkan yaratmaq əvəzinə, büdcəni talamış oluruq. Həm də təkcə büdcədəki dəlikləri bağlamaq üçün yox, büdcənin gəlir hissəsinin yarıdan çoxunu təmin etmək üçün.
Əlbəttə, büdcəni doldurmaq lazımdır, ancaq yaxşı olardı ki, buna iqtisadi artımın, xüsusən də qeyri-neft sektorunun hesabına nail olunsun. Ancaq, bu çətindir, üstəlik çox gözləmək lazım gələcək. Belədə isə bir cibdən digərinə ötürmək çox asan işdir. Qeyri-neft sektorunu inkişaf etdirməyə də tələsməmək olar. Bəli, Neft fonduna cəzasız izni olan məmurlarda təşəbbüs yox olacaq, odur ki, bu imkanı məhdudlaşdırmaq lazımdır. Və bunun üçün təkcə monetar siyasətlə keçinmək olmayacaq. Hələliksə pul-kredit siyasəti sahəsində adekvat qərarlar qəbul etmək imkanı qazanmaq üçün Mərkəzi bank xərclər və təkliflərlə əlaqəli olan inflyasiya faktorlarını diqqətlə nəzarətdə saxlamağı və həm milli, həm dünya iqtisadiyyatının inkişaf proqnozlarını müxtəlif ssenarilərdə nəzərdə keçirməyi vəd edir.
O ki qaldı üzümüzə gələn ilə, inflyasiyanın artmasının qarşısını almaq çətin olacaq. Qeyd etmək yetərlidir ki, 2022-ci ilin əvvəlindən büdcə işçilərinin, o cümlədən güc strukturları əməkdaşlarının gəlirləri artacaq. Təqaüdlərdə və digər müavinətlərdəki artım da yeni ilin ilk günlərindən inflyasiyaya təsir göstərəcək. Qlobal miqyasda bütün növ malların qiymətlərinin enəcəyindən danışmağa dəyməz. “Omikron”-un dünyada artıq bir çox məhdudiyyətlərə səbəb olmuş son dalğası da yeni əndişələr yaradır. Bu faktor və üstəlik ABŞ-ın neftin qiymətini aşağı salmaq cəhdləri təkcə inflyasiya üçün yox, Azərbaycanın bütün iqtisadiyyatı üçün də birbaşa təhlükədir. Göründüyü kimi, inflyasiyanın artmasına şərait yaradan faktorlar Mərkəzi bankın ixtiyarında olan vasitələrdən daha çoxdur. Bu vəziyyətdə Elman Rüstəmov necə hərəkət edəcək? Cavabı çox gözləmək lazım gəlməyəcək.
Elnur Məmmədov, iqtisadiyyat şöbəsi
1438 dəfə oxundu