Hədəfdə Hikmət Mirzəyev: General-leytenantı niyə ləkələmək istəyirlər?

Hədəfdə Hikmət Mirzəyev:

Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı, Xüsusi Təyinatlı Qüvvələrin komandanı, Aprel döyüşlərinin və İkinci Qarabağ müharibəsinin hərbi rəhbərlərindən biri, Vətən Müharibəsi Qəhrəmanı Hikmət Mirzəyev tərəfli-tərəfsiz Azərbaycan xalqının sevgisini qazanıb.

Hikmət Mirzəyevin Aprel döyüşlərində və İkinci Qarabağ müharibəsində göstərdiyi şücaət haqqında danışmaq artıqdır. Hikmət Mirzəyev Polad Həşimov da deyil, deyək ki, borcu var, krediti var. Bunu desək, yalançı olarıq. Ancaq dəqiq deyə bilərik ki, adı rüşvətdə, intriqada hallanmayıb. Artıq sirr deyil ki, sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkov hətta Xüsusi Təyinatlı Qüvvələri belə ləğv etmək üçün əlindən gələni edib.

Hikmət Mirzəyev sıradan bir adam da deyil. Hikmət Mirzəyevin müharibədə göstərdiyi fəaliyyət, haqqında deyilənlər onu Azərbaycanda marağı olan ölkələrin xüsusi xidmət orqanlarının bir nömrəli hədəflərindən birinə çevirib desək, yalan olmaz. Burada hədəfə çevrilmə dedikdə onu izləmə, başına hansısa bir işin gətirilməsi anlamına gəlmir, ən azı, adam haqqında informasiya yığır, onu öyrənməyə çalışırlar. Bunu özü də, dövlət də bilməmiş deyil. Hansı dövlət olmasından aslı olmayaraq bilir ki, Azərbaycana qarşı hansısa bir hərəkətə yol versə, onun qarşısına ilk çıxarılacaq qüvvə hansıdır və onun rəhbəri kimdir. Düşünürəm ki, təkcə bu fakt kifayət edir. Bundan əlavə, anlamaq lazımdır ki, əslində Xüsusi Təyinatlı Qüvvələr zərurətdən aktiv döyüşlərin iştirakçısı oldu. Əgər milli ordunun döyüş qabiliyyəti yüksək olsaydı və əmrləri vaxtında və dəqiq icra etsəydi, heç XTQ haqqında bu qədər danışmayacaqdıq. Çünki onlar aktiv döyüşlərdən daha çox düşmənin arxasında, dərinliklərdə işləyəcəkdi, diversiya əməliyyatları həyata keçirəcəkdi, bildiyimiz və bilmədiyimiz çox fəaliyyət göstərəcəkdi. İddia edirəm ki, ordunun döyüş hazırlığı yüksək olsaydı, XTQ sırf öz işinə köklənsəydi, müharibə daha qısa zamanda və daha az itki ilə başa çatardı. Beləcə XTQ haqqında ancaq əfsanələr dolaşacaqdı, adlarını bilməyəcəkdik, üzələrini görməyəcəkdi, elə fəaliyyətlər olacaqdı ki, kimin törətdiyi barədə nağıllar danışacaqdıq.

Düşünürəm ki, Azərbaycanda maraqları olan qüvvələr üçün XTQ daha təhlükəlidir. Çünki ixtisaslaşdığı sahə üzrə qarşılaşa bilərlər.

Hikmət Mirzəyevin evində oğurluq edilməsi ilə bağlı məlumat yayıldı. İlk ağlıma gələn bu oldu: Ölkədə ləkələnməmiş adam qalmamalıdır.

Əslində, oğurluq hadisəsi ilə bağlı insanları maraqlandıran ilk şey nə qədər pul və qiymətli əşya götürülüb oldu. Bəli, bunu kim hesablayıbsa, kim düşünübsə, Azərbaycan xalqını, Azərbaycan ictimaiyyətini çox gözəl analiz edib və əlinin içi kimi tanıyır. Düşünürəm, oğurluq faktı təstiqlənir, rəsmi olaraq evdən böyük bir məbləğ oğurlandığı açıqlanır. Misal üçün 100, 300, 500, lap 1 milyon pul oğurlanmış olur. Hikmət Mirzəyevin nə Qarabağ müharibəsindəki fəaliyyətini, nə də yuxarıda sadaladıqlarımın heç biri 90-95 faiz insanların ağlına belə gəlməyəcəkdi. İlk sual bu olacaqdı: Bir elə pulu haradan və necə qazanıb? Beləcə icra başçılarından belə fərqli olmayan bir münasibətlə qarşı-qarşıya gələcəkdi.

Bunu kim edə və etdirə bilərdi? Bir qədər beyin gimnastikası edək. Hikmət Mirzəyevin evi rəsmi deyilənin əksinə, həqiqətən, yarılmış olur. Bunu hansısa xarici bir qüvvə planlayır. Azərbaycana konkret olaraq mesaj verilmiş olur ki, sizin ən çox güvəndiyiniz qüvvənin və ən etibarlı şəxsin evinə oğru göndərib pulun aparırıq, xəbəriniz belə olmur. Düşünün, gör başqa nələr edə bilərik…

İkinci bir məsələ: Hikmət Mirzəyev Azərbaycanda hansısa güclərin maraqlarına uyğun gəlmir. Qərar verilir ki, ləkələnsin. Bunun üçün onun evinə oğru göndərmək də lazım deyil. Rəsmi xəbərdəki kimi qohumunun evinə oğru göndərirsən, sosial şəbəkəyə və mətbuata Hikmət Mirzəyevin evinə oğru girib və bu qədər pulunu aparıb xəbərini sızdırıb, çəkilib kənardan izləyirsən…

Bu ölkədə məmurlar haqqında “Vəzifəsini düzgün icra etmir”, “Tapşırıqları yerinə yetirmir” kimi itihamlar yox dərəcəsindədir. İstər cəmiyyətə, istər mətbuata məmurların mülkləri, pulları daha çox maraqlıdır. Açığı, bu günə qədər həbs edilmiş məmurlar barəsində də, “Vəzifəsini icra edə bilmir” ittihamı yox, məhz nə qədər pul mənimsədiyi vacib hesab olunur. Oğurluğu təşkil edənlər və ya onu bu cür təqdim edənlər, yuxarıda dediyim kimi, Azərbaycan xalqını çox yaxşı tanıyır.

Görünən odur ki, dövlət Hikmət Mirzəyevi qorumaqda qərarlıdır. Ancaq ləkələmədə maraqlı olan tərəflər də zəif deyillər. Məsələnin partlaması üçün əllərindən gələni edirlər. Bu iş tamamilə bağlanana oxşamır və müxtəlif iddialar ortaya atılmaqda davam edəcək. İlk edəcəkləri iş də evdən aparılmış pulun miqdarını hansısa yolla cəmiyyətin müzakirəsinə çıxarmaqdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
834 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...