Səfər Mehdiyevdən iddialı açıqlamalar: “Rüşvətxorların adlarını çəkin!”
Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Virualaz.org saytına müsahibəsində iddialı açıqlamalar verib.
“Yeni Sabah” bildirir ki, o müsahibəsində komitə ilə bağlı tənqidlərin sifariş olduğunu qeyd edib: “Bu cür geniş miqyaslı hücumlardan sonra məndə də müəyyən şübhələr yaranır. Özümə sual verirəm: doğrudanmı, bu sifarişdir. Ehtimal ki bəli. Bizim üçün dövlətin maraqları işbazların və inhisarçıların iqtisadi və maliyyə maraqlarından yuxarıdadır. Üstəlik, prezident İlham Əliyevin rəhbərliyi altında aparılan kölgə iqtisadiyyatı ilə mübarizə siyasəti, şəffaflığın artması, vergidən yayınmaya qarşı mübarizənin gücləndirilməsi hansısa korrupsiyalaşmış qrupların maraqlarına toxunur”.
S. Mehdiyev deyib ki, bu hücumlar onu euhdan salmır: “Məqsədə çatmaq üçün dayanmamaq lazımdır. Və biz ölkənin gömrük sistemində islahatları davam etdiririk. Bəli, bizdə də mənfi hallara rast gəlinir. Ancaq biz bununla mübarizə aparırıq, hər bir faktı ictimaiyyətin və hüquq-mühafizə orqanlarının mühakiməsinə təqdim edirik. O ki qaldı böhtançı hücumlara, biz bu kampaniyaların təşkilatçıları ilə mübarizə aparmayacağıq. Bizim yeni uğurlarımız onlara ən yaxşı cavabdır”.
Komitə sədrinin sözlərinə görə, ölkəyə rəqabətə qabil malların ədalətli və qanuni gətirilməsi təmin olunub: “Biz inhisarçılara “Yox” deyirik! Biz əvvəllər müəyyən məhsulları yalnız özünün gətirəcəyində və birtərəfli qaydada qiymət təyin edəcəyində israrlı olan inhisarçıların arzularını puç etmişik. Bizi heç kim qaçaqmala himayədarlıqda və inhisarçılığı şirnikləndirməkdə ittiham edə bilməz. Mən sahibkarlara müraciət edirəm, əgər bu cür faktlar varsa, görüşməyə, dinləməyə və dərhal tədbirlər görməyə hazıram. Bəli, biz sərt siyasət yürüdürük, ancaq bu, sahibkarların maraqlarının müdafiəsi üçündür!
O ki qaldı qiymət artımı ilə bağlı suala, bu, gömrük rüsum və vergilərinin çoxalması ilə əlaqəli deyil. Bu, postpandemiya dövrünün ümumdünya trendidir. Daha bir vacib faktor - yük daşınmalarının logistikasının dəyəri 2-3 dəfə artıb. Azərbaycan isə dünyanın 185 ölkəsi ilə ticarət əlaqələri qurmuş bir ölkədir. Vəziyyətdən yeganə çıxış yolu milli istehsalın həvəsləndirilməsində və artırılmasında, idxalın əvəzlənməsinə nail olmaqdadır”.
Sahibkarların çoxsaylı şikayətinə gəldikdə S. Mehdiyev buna da özünəməxsus cavab verib: “Əvvəlcə “Kim şikayətlənir” sualına cavab verək. İstehsalçı, yoxsa makler, vasitəçi? Azərbaycanda xırda və orta sahibkarlığın inkişafı ilə bağlı çoxsaylı proqramlar yaradılıb və fəaliyyət göstərir…
Bəzən bizim xırda və orta sahibkarlarımız bir anın içində, istənilən vasitə və yolla iri biznesin sıralarına qatılmaq istəyirlər. Bəzən bərabər hüquqluluq və rəqabət qanunlarını pozurlar. Dünyanın heç bir ölkəsində hökumətin təqdim etdiyi güzəştlər əbədi deyil. Vaxt gəlir və bütün bu güzəştlər ləğv olunur. Başa düşün, istənilən güzəşt və imtiyaz ünvanlı olmalı və müəyyən dövr üçün nəzərdə tutulmalıdır. Əks halda sahibkarlar bu güzəştlərdə parazitlik edərək dövlətin daimi imtiyazlarına öyrəşəcəklər. Biznes həmişəlik dövlətin boynunda otura bilməz, əks halda bu, inkişafa yox, deqradasiyaya aparacaq. Mən iş adamları ilə bütün problemləri müzakirə etməyə hazıram. Təkrar edirəm, əgər iş adamı gömrük strukturlarında problemlə üzləşibsə, onları şəxsən dinləməyə və günahkarı cəzalandırmağa hazıram. Mənim qapılarım iş adamlarının hamısı üçün açıqdır.
Mən sizinlə yetərincə açıq danışıram və aramızda tabu qoyulmuş mövzu yoxdur. Mən hər bir sahibkarla da bu cür danışıram. Korrupsiya, rüşvətxorluq, çatışmazlıqlar, inhisarçılıq, lobbiçilik haqqında … Mən iş adamlarına müraciət edirəm - bizim sıralarımızdakı rüşvətxorların adlarını çəkin!”.
1615 dəfə oxundu