"Hökumət inflyasiyanı önləmək imkanına malik deyil" - Manatı nə gözləyir?

"Hökumət inflyasiyanı önləmək imkanına malik deyil" -

"İnflyasiya tək Azərbaycanın deyil, eyni zamanda inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin probleminə çevrilib". Bu sözləri Bizimyol.info saytına açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli bildirdi.

İnflyasiyanın Azərbaycan bazarlarına birbaşa təsir göstərdiyini bildirən ekspertin sözlərinə görə, ölkəmizdə də son 1 ildə qiymətlərin artım sürəti əhalinin gəlirlərini bir neçə dəfə üstələyib: "Bu da əhalinin real gəlirlərinin aşağı düşməsinə səbəb olub və insanlarımız ötən illərə nisbətən bu il xeyli kasıblayıb. Bu da onların real alıcılıq qabiliyyətini və sosial vəziyyətini pisləşdirib. Onların istehlak səbətində ərzaq məhsullarının üstünlük təşkil etdiyini nəzərə alsaq, qiymət artımının onların büdcəsinə necə təsir etdiyini açıq şəkildə görmək olar. Son dövrlərdə baş verən proseslər göstərir ki, artıq Azərbaycan hökuməti inflyasiyanın qarşını almaq imkanlarına malik deyil".

Qeyd edək ki, Azərbaycanda 2022-ci ilin yanvarından etibarən əmək haqları, pensiyalar, müavinətlər və digər sosial müavinətlər artırılacaq. Bu məsələyə aydınlıq gətirən müsahibimiz bildirdi ki, bu addım inflyasiya ilə mübarizədə və əhalinin real alıcılıq qabiliyyətinin qorunub saxlanılması üçün mühüm addımdır: "2022-ci ilin büdcəsində də bu artımlar ciddi şəkildə nəzərə alınıb. Yəqin ki, gələn ilin əvvəlindən bununla bağlı müvafiq əmrlər, qərarlar və sərəncamlar görəcəyik".

Belə iddialar səsləndirilir ki, gələn il manatla bağlı əhalini xoş olmayan sürprizlər gözləyir. Belə ki, manat bu dövrdə 2 dollarlıq həddi keçəcək. Bu iddialar nə dərəcədə doğrudur? Belə halda ölkənin iqtisadi və sosial vəziyyəti necə olacaq?

Sualımızı cavablandıran ekspertin sözlərinə görə, hazırda neftin və qazın qiyməti hökumətin həm 2021-ci ilin proqnozundan, həm də 2022-ci il üçün nəzərdə tutduğu proqnozlardan 40-50 faiz yüksəkdir: "Baxmayaraq ki, Dövlət Neft Fondu bu ili kəsirlə yekunlaşdıra bilər. İstənilən halda bu kəsirlər hökumətin planlaşdırdığı kəsirlərdən çox aşağıdır. Qeyd edim ki, bu il üçün dövlət büdcəsində defisit nəzərdə tutulsa da, əksi baş verir, yəni yüksək rəqəmli artımın (profisitin) olacağı bildirilir. Bu baxımdan, qonşu ölkələrdə, əsasən də Türkiyədə milli valyutanın dəyərdən düşməsi Azərbaycan manatına qarşı da təzyiq formalaşdırır. Neftin və qazın qiymətinin yüksək saxlanılması bu riski hələlik aktuallaşdırmır. Mərkəzi Bankın manatın kursunu müəyyənləşdirdiyini nəzərə alsaq, həm hazırkı tədiyyə balansının, həm dövlət büdcəsinin icra vəziyyəti, həm də Dövlət Neft Fondunda gözlənilən kəsirin məbləği manatın devalvasiyası üçün xüsusi şərtlər formalaşdırmır. Onu da nəzərə alaq ki, manat devalvasiyaya məruz qalarsa, inflyasiya daha da sürətlənəcək. Buna görə də indiki məqamda manatı devalvasiya edərək inflyasiyanı yenidən artırmaq dövlətin iqtisadi və sosial maraqlarına uyğun gəlmir".
Bizimyol.info



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
929 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...