“Ay alan, saxta yağ satıram...” - Monopolistlər keyfiyyətsiz yağı ölkəyə necə gətirirlər?
Assosiasiya rəhbəri: "Xarici istehsalçı məhsulun üzərinə tərkibinə dair yalan məlumat vura bilməz”
Bu ilin əvvəlindən Azərbaycanda sürətlənən qiymət bahalaşması davam edir. Dövlət Statistika Komitəsinin rəsmi məlumatından aydın olur ki, ölkədə ən çox bahalaşma ərzaq məhsullarında qeydə alınır. Belə ki, 2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda zaman ərzaq məhsulları, içkilər və tütün məmulatları 6 faiz bahalaşıb. Cari ilin sentyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatlarında bahalaşma əvvəlki aya nisbətən 2,6 faiz, əvvəlki ilin sentyabr ayına nisbətən isə 10,4 faiz təşkil edib.
Qiyməti bahalaşan ərzaqların içində kərə yağı da var. Ölkədə kərə yağının qiymətləri müxtəlifdir və 14-20 manat arasında dəyişir. Lakin ekspertlər deyir ki, qiymətlərin bahalaşması ilə yanaşı, yağın keyfiyyəti də narahatlıq doğurur. Onlar iddia edir ki, istehsalçı olan ölkədə kərə yağı Azərbaycandan daha baha satılır, bu isə ölkəmizdə eyni adla satılan məhsulun saxta olmasından xəbər verir. Bununla yanaşı, Azərbaycanda satılan bəzi marka yağların adı istehsalçıların saytında və hətta İnternetdə belə tapılmır. Bəzi markalarda isə 82,5 faiz yağlılığın olması bəyan olunsa da, istehsalçıların saytında bu məhsulun yağlılığı 72 faiz kimi göstərilir. Ekspertlərin fikrincə, kərə yağların keyfiyyətinə demək olar ki, heç bir qurum nəzarət etmir, istehlakçılarının kütləvi aldadılması baş verir. O da iddia olunur ki, kərə yağları həm Bakıda saxtalaşdırılır, həm də ölkəyə digər yerlərdən kərə yağı adı altında gətirilir.
Qeyd edək ki, ərzaq qiymətləri yalnız Azərbaycanda deyil, bütün dünyada bahalaşmaqdadır. BMT Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının(FAO) məlumatına əsasən sentyabr ayı ərzində Qlobal Ərzaq Qiyməti İndeksi orta hesabla 130.0 bənd təşkil edib ki, bu da avqust ayı ilə müqayisədə 1.2 faiz (1.5 bənd), ötən ilin sentyabr ayı ilə müqayisədə isə 32.8 faiz (32.1 bənd) çoxdur. Bu zaman kərə yağı da daxil olmaqla, süd məhsullarının qiymət indeksi sentyabr ayında orta hesabla 117.9 bənd təşkil etməklə, avqust ayı ilə müqayisədə 1.5 faiz (1.7 bənd), ötən ilin sentyabr ayı ilə müqayisədə isə 15.2 faiz (15.6 bənd) çox olub.
Azərbaycanda kərə yağı ilə təminat həm yerli istehsal, həm də idxal hesabına təmin olunur. Rəsmi ərzaq balansından aydın olur ki, kərə yağı idxalı 2018-ci ildəki 9,7 tondan 2020-ci ildə 15 min 39 tona çatıb. Yerli istehsal isə 23 638 tondan 24 622 tona qədər artıb. 2020-ci ildən 2021-ci ilə ölkəmiz 2519 ton kərə yağı ehtiyatı ilə keçib. Ötən il Azərbaycanın kərə yağı ilə özünütəminat səviyyəsi 62,7 faiz təşkil edib.
Bu ilin yanvar-avqust aylarında ölkədə 16 898,9 ton kərə yağı istehsal edilib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz çoxdur. Sentyabrın 1-nə anbarlarda 52,3 ton yağ ehtiyatı olub. Bu dövrdə Azərbaycana 46 milyon 706,46 min dollarlıq 9 239,56 ton kərə yağı idxal edilib. Bu dövrdə Ukraynadan 10 milyon 114,7 min dollar dəyərində 1 986,33 ton, Belarusdan 5 milyon 648,47 min dollar dəyərində 1093,18 ton, Finlandiyadan 2 milyon 721,33 min dollar dəyərində 480,33 ton, Fransadan 1 milyon 725 min dollar dəyərində 288,22 ton, Polşadan 1 milyon 564,44 min dollar dəyərində 322,26 ton, Yeni Zelandiyadan 21 milyon 670,98 min dollar dəyərində 4 416,23 ton kərə yağı idxal etmişik. Bundan əlavə, Almaniya, Belçika, İtaliya, Latviya, Litva, Rusiya və digər ölkələrdən də kərə yağı almışıq.
Rəsmi statistikadan da göründüyü kimi, 8 ayda ölkəyə kərə yağının orta idxal qiyməti 5 dollar, yaxud 8,5 manat təşkil edib. Halbuki pərakəndə satışda minimum qiymətlər 13 manatdan başlayır. Qiymətlərin belə bahalığı bir tərəfdən əhalinin ondan istifadəsini azaldır. Baha qiymətə kərə yağı ala bilməyən əhali məcburən maye yağlara, yaxud spred və marqarinlərə üz tutur. Bunu rəsmi statistikadan da görmək olur. Belə ki, 2014-cü ildə ölkədə adambaşına illik kərə yağı istehlakı 4,7 kiloqram təşkil etsə də, 2018-ci ildə bu, 3,3 kiloqrama düşüb, 2020-ci ilədək cüzi artaraq 3,6 kiloqram təşkil edib. Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının tərtib etdiyi qida normasına əsasən, sağlam inkişafı təmin etmək üçün bir nəfər il ərzində 7,2 kiloqram kərə yağı istehlak etməlidir. Bu isə o deməkdir ki, Azərbaycan əhalisi kərə yağını bu normadan 2 dəfə az istehlak edir.
Yağ alarkən diqqətli olun: Saxta yağlar ölkəni bürüyüb - Ens.az - 4 dildə xəbərlər və ensiklopediya, ən son xəbərlər, en son xeberler
Azərbaycanda kərə yağı ilə bağlı tətbiq olunan standart beynəlxalq "Codex" standartı əsasında hazırlanıb və tətbiq olunur. Bu standart birbaşa istehlak üçün nəzərdə tutulmuş kərə yağına aid edilir. Standarta əsasən, kərə yağı xüsusi olaraq süddən alınmış və ya süd məhsullarından hazırlanmış, əsasən suda -yağ emulsiya tipli formaya malik yağ məhsuludur.
Onun hazırlanmasında əsas xammal süd və ya süddən alınmış məhsullar olmalıdır. Kərə yağının tərkibinə qatılmasına icazə verilən inqrediyentlər xörək duzu, təhlükəsiz laktan turşusunun başlanğıc kulturaları və ya qoxu yaradan bakteriyalar və içməli sudur. Tərkibində minimum süd yağının miqdarı – 80 faiz m/m, maksimum su miqdarı – 16 faiz m/m, maksimum qeyri-yağ tərkibli südün quru maddəsinin miqdarı – 2 faiz m/m olmalıdır.
Standarta görə, markalanma zamanı məhsulun adı "Kərə yağı" kimi qeyd edilməlidir. "Kərə yağı" adı müvafiq xüsusiyyətlərlə birlikdə 95 faizədək yağlılığa malik kərə yağları üçün istifadə edilə bilər. Milli qanunvericiliyə uyğun olaraq kərə yağının duzlu və ya duzsuz olması mümkündür.
Məlumdur ki, yağın keyfiyyətinin qorunması üçün onun qablaşdırılması və daşınmasının böyük əhəmiyyəti var. Belə ki, hazırlanmış tara əvvəlcədən doymuş duz məhluluyla isladılmış perqament kağızı ilə örtülməlidir. Hava boşluqlarının qalmaması üçün yağ sıx yığılmalıdır. Pərakəndə satış üçün yağ perqament, yaxud folqaya bükülərək, xırda çəkilərlə qablaşdırıla bilər. Yağ ancaq avtorefrijeratorlarda 4-5ºC-də daşınmalıdır. Spesifik qoxusu olan məhsullarla birlikdə, eləcə də sanitar-gigiyenik tələblərə cavab verməyən nəqliyyat vasitələrində yağın daşınması qadağandır. Ticarət şəbəkələrinə yağ 10ºC-dən çox olmayan temperaturda daşınmalıdır. Anbarlarda isə yağ -2+2ºC-də 10-15 gün müddətində saxlanıla bilər. Ticarət şəbəkələrində yağ adətən 8ºC və daha yüksək temperaturda saxlanılır.
Mənfi 18ºC temperaturda duzsuz yağı 12, duzlu yağı isə 7 ay saxlamaq olar. Mənfi 12ºC temperaturda isə bu göstəricilər müvafiq olaraq 9 və 6 aydır. Xırda qablarda qablaşdırılmış yağ mənfi 18ºC-də bir aydan çox olmayan müddətdə, əridilmiş yağ mənfi 8 -mənfi 3ºC temperaturda 1 ilə qədər saxlanıla bilər.
Təəssüf ki, pərakəndə ticarət şəbəkələrində bir sıra hallarda yağ bu tələblərə əməl olunmadan saxlanılır ki, bu da məhsulun keyfiyyət göstəricilərinin kəskin pisləşməsinə gətirib çıxarır.
Samir Eyyubov - Food and Beverage Packaging Program in USA - Azerbaijan | LinkedIn
Azərbaycan Südçülər Assosiasiyasının sədri Samir Eyyubovun Musavat.com-a dediyinə görə, istehlakçıların aldadılması ehtimalı yağın açıq satışı zamanı qat-qat yüksək olur: "Keyfiyyət məsələsinə fərqli baxmaq lazımdır. Əsl kərə yağı spred və digərlərindən çox fərqlənir. Kərə yağının istehsalı zamanı onun qablaşdırılmasının üstünə tərkibinə dair dəqiq məlumatlar qeyd olunur. Yağın tərkibini düzgün qeyd etməməyə görə qanunvericiliklə ciddi cəzalar nəzərdə tutulur və istehsalçıların buna getməsi çətindir. İstehsal olunan hər yağ partiyasından Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri götürərək yoxlamalıdılar. Əgər tərkibdə hər hansı kənaraçıxma olarsa, bu, həmin yoxlamada aşkarlanır. Eyni zamanda agentliyin birbaşa pərakəndə satışda olan yağlardan nümunə götürərək yoxlamaq səlahiyyəti var. Buna görə də qablaşdırılmış yağlarda kənaraçıxmaların olması çox az ehtimallıdır. Əsas problemlər açıq satılan yağlardadır. Belə yağların keyfiyyəti barədə alıcılar yalnız satıcının sözlərinə güvənməli olurlar, çünki məhsulun tərkibini müəyyən etmək üçün hər hansı başqa mənbə olmur. Hesab edirəm ki, istehlakçıları açıq yağları almaqdan çəkindirmək üçün ciddi maarifləndirməyə ehtiyac var. Rusiyada təmiz məhsullarla qarışıqların satıldığı piştaxtaları ayırıblar. Bizdə də bu praktikanın tətbiqi yaxşı olardı”.
Assosiasiya sədri xaricdən saxta məlumatlarla yağ idxalını ehtimal etmir: "Bilirsiniz, ola bilər ki, idxalçı daxildə qiymətlərin yüksəldiyini, əhalinin baha qiymətə məhsul almaa imkanlarının azaldığını görüb xaricdəki parnyoruna məsələn, 82 faiz əvəzinə 60 faiz li yağ hazırlamağı xahiş edir. Bu zaman xaricdəki istehsalçı, hansı ki, yalnız Azərbaycana deyil, çoxlu sayda ölkəyə məhsul satır və reputasiyasını qorumağa ciddi önəm verir, sifariş olunan tərkibdə yağı istehsal edir, amma qablaşmanın üzərinə onun tərkibini dəqiq qeyd edir. Əks halda, öz ölkəsinin müvafiq qurumları saxtakarlığı aşkarlayaraq onu ciddi cəzalandıra bilərlər. Buna görə də saxta markalanmış yağın idxal olunması çox çətin məsələdir. Ölkəyə gətirildikdən sonra yağa nələrinsə qatılması ehtimalına gəlincə, buna görə Azərbaycan qanunvericiliyi cəzalar nəzərdə tutur. Dövlətin müvafiq qurumları var ki, belə qanunsuz fəaliyyətlərin olmaması üçün nəzarət tədbirləri həyata keçirirlər”.
S.Eyyubovun fikrincə, Azərbaycan istehlakçısı mütləq aldığı yağın tərkibinə dair məlumatların onun üzərində əks olunub-olunmamasına diqqət yetirməlidir: "Hər bir istehlakçı öz sağlamlığının qeydinə qalırsa, mütləq aldığı yalnız kərə yağının deyil, bütün məhsulların tərkibinə dair məlumatla tanış olmalıdır. Belə məlumat olmayan məhsulu isə almamalıdır”./Musavat.com
618 dəfə oxundu