Ermənistan yazılı öhdəlik götürməyib - Paşinyan öz imzasından imtina edir?

Ermənistan yazılı öhdəlik götürməyib -

“Azərbaycan elə bir təəssürat yaratmağa çalışır ki, regionda və Ermənistan ətrafında hansısa gündəm yaradıb və bunu diktə edir”.

Gundeminfo.az xəbər verir ki, bunu Ermənistanın yeni təyin olunmuş Baş naziri Nikol Paşinyan Müdafiə naziri Arşak Karapetyanı nazirlik aparatına təqdim edərkən deyib.

O, regionda vəziyyətin sabit olmadığını, Azərbaycanın Ermənistana münasibətdə “müəyyən aqressiv siyasət” apardığını vurğulayıb. “Bizim öz gündəmimiz var, Ermənistan Respublikası özünün beynəlxalq öhdəlikləri çərçivəsində hərəkət edib və edir”, – deyən Paşinyan regionda kommunikasiya xətlərinin açılmasına da toxunub. O, sözügedən məsələnin 9 noyabr atəşkəs razılaşmasının əsas maddələrindən biri və Ermənistan hökuməti üçün prioritetlərdən olduğunu vurğulayıb.

“Bəs Azərbaycan nə edir? Bu məsələyə mahiyyətcə Ermənistan Respublikası üçün qəbuledilməz komponentləri əlavə etməyə çalışır. Xüsusilə dəhliz haqda söhbətləri nəzərdə tuturam.

Hamınız bilməlisiniz ki, Ermənistan Respublikası öz ərazisindən dəhlizlə bağlı hansısa razılaşma olmayıb. Ermənistan Respublikası üzərinə bu mövzuda hansısa şifahi, yaxud yazılı öhdəlik götürməyib, oxşar təkliflər səslənəndə öz mövqeyini aydın ifadə edib. Əldə etdiyimiz razılaşmalar 9 noyabr və 11 yanvar bəyanatlarında əks olunub”, – deyə Paşinyan bildirib.

Baş nazirin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinlə 11 yanvar bəyanatında bildirilir ki, tərəflər bir-birinin ərazisindən tranzit imkanı əldə etməlidirlər.

“11 yanvar bəyanatının mətnində aydın yazılıb ki, gömrük, sərhəd, sanitar və fitosanitar nəzarətlə bağlı razılaşmalar müzakirə edilərək əldə olunmalıdır… Məntiqlə Ermənistan ərazisində tranzit məqsədilə istifadə də digər hallarda tətbiq olunan qaydalara uyğun baş verməlidir. Məsələn, bu gün Gürcüstan, yaxud İran İslam Respublikasının vətəndaşları sərhədi necə keçirlər? Yəni, həmin qaydalar üzrə. Əlbəttə ki, bu məsələni qəbul etdik”, – deyən Paşinyan kommunikasiyaların açılmasının Azərbaycanın deyil, onların gündəmi olduğunu qeyd edib. “Hesab edirik ki, kommunikasiyaları açmaqla Azərbaycanın Ermənistanın blokadasıyla bağlı siyasətini üstələyirik”, – deyə o, sözlərinə əlavə edib.

“Azərbaycan da elə bu səbəbdən dəhliz məntiqini irəli sürür, bunun qəbuledilməz olduğunu anlayır. İstəyir, hadisələr elə inkişaf eləsin ki, kommunikasiyalar açılmasın. Yəni, Ermənistan blokadadan çıxmasın”, – deyə o bidlirib.

Prezident Əliyev bir müddət öncə Zəngəzur (Ermənistanın Sünik vilayəti) dəhlizi ilə bağlı müzakirələrdə yaxşı nəticələr olduğunu deyirdi.

Paşinyan sərhədlərin demarkasiyası və delimitasiyası məsələsinin də Ermənistanın gündəmində olduğunu söyləyib, Azərbaycan əsgərlərinin “bizim ərazimizdə” olmasını qəbuledilməz adlandırıb.

Ermənistan bu il mayın 12-də Azərbaycan əsgərlərinin ərazisinə girdiyini bəyan edib. Azərbaycan isə sadəcə, sərhəd mövqelərini tutduğunu bildirir./azadlıq.org/



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1503 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...