Fikrət Fəraməzoğlunun qohumlarının imzası “saxta” çıxarıldı
“DSK sədri Yardımlının icra başçısı Sevindik Hətəmovun sifarişini “uğurla” həyata keçirdi”
72 saylı Yardımlı-Masallı seçki dairəsindən namizədliyini irəli sürmüş JAM.AZ-ın baş redaktoru Fikrət Fəraməzoğlunun namizədliyi qeydə alınmayın. Dünən saat 16:00-a təyin olunmuş iclasda DSK-nın çıxardığı qərarda göstərilir ki, guya, namizəd üçün toplanılmış 550 imzadan 135-i “saxta” çıxarılıb. 11 imza isə şəxsiyyət vəsiqələrinin vaxtı keçməsi səbəbindən etibarsız sayılıb.
Məsələ ilə bağlı JAM.AZ-a açıqlama verən Fikrət Fəraməzoğlu bu qərarın sifarişli olduğunu və reallığı əks etdirmədiyini bildirib. O qeyd edib ki, hələ xeyli əvvəldən namizədliyinin qeydə alınmayacağından xəbəri olub. “Bir neçə gün əvvəldən bilirdim ki, namizədliyim qeydə alınmayacaq. Və sifarişin də məhz Yardımlının icra başçısı Sevindik Hətəmov tərəfindən verildiyində də xəbərdar idim. Dünən DSK-da keçirilən iclasda sözün həqiqi mənasında qarşımda bir sürü miskin insan gördüm. Sifariş əsasında çıxardıqları qərara belə haqq qazandıra bilməyəcək qədər aciz idilər”.
Baş redaktor qeyd edib ki, DSK-nın qərarına əsasən 135 nəfərin imzası “saxta” çıxıb. “Qərarda göstərilən bütün bəhanələrin hamısı oyunbazlığın, özbaşınalığın, qanunsuzluğun, siyasi isfarişin göstəriciləridir. Biz 550 nəfərin imzasını yalnız və yalnız doğulduğum kəndlərdən topladıq. Çünki hamısı qohum-əqrabadır. Üstəlik, bu imzalardan onların imtina etməsi mümkün deyildi. Həmçinin bu addımı işimizi etibarlı tutmaq üçün atmışdıq. Paralel olaraq imza vərəqlərinə imza atmış şəxslərin ayrıca bir vərəqdə mənim namizədliyimi irəli sürməyim üçün imza verdiyinə dair öz dəsti-xətti ilə imzalarını da almışdıq. Onları DSK-ya təqdim edəndə rəngləri bəmbəyaz olmuşdu. Çünki gözləmirdilər. Eyni zamanda, DSK-nın çıxardığı qərara inansaq 135 qohumumun imzası” saxta çıxıb və ya onlar məndən “imtina” ediblər. Guya, işçi qrupu yaradıblar, amma nə tərkibi məlumdur, nə də bu qurp fəaliyyətdə olarkən bizə heç bir məlumat verilməyib. Üstəlik, belə bir qrupun yaradıldığı heç inandırıcı görünmür. Nə hüquqşünasın, nə xətşünasın rəyləri ortada yoxdur. Bütün bunlar bir tərəfə. Gülməli olan məqam odur ki, həmin 135 insanın nə adı var, nə də imtinaya dair ərizəsi. Qanuna əsasən isə vətəndaşın imzasından imtinası üçün məhkəmə qərarı lazımdır. İclasda bu mövzulardan yayınmaq üçün min bir bəhanə uydururdular. Çünki saxtaklarlıq etdiklərinin fərqindəydilər. Hətta iclas başa çatdıqdan sonra İşçi Qrupunun rəhbəri kimi özünü təqdim edən şəxs arxamca düşüb özünün yalanlarına məni inandırmağa çalışırdı”.
Fəraməzoğlu bildirir ki, DSK-nın çıxardlğı qərarın saxta olduğunu isbat edən yetərli qədər faktlar var. Amma ən əsas məsələnin isə siyasi sifariş olduğunu vurğulayıb. “Bir neçə gün əvvəldən xəbərim var idi ki, Yardımlının icra başçısı Sevindik Hətəmov mənim namizədliyimin qeydə alınmaması üçün DSK sədrinə təlimat verib. Hətta deyib ki, “siz qeydə almayın, getsin MSK-da qeydə alınsın”. Əlimdə olan ilkin bilgilər odur ki, bu adam mən namizəd olacağım təqdirdə butün kəndləri gəzəcəyimi və oradakı problemləri ictimailəşdirəcəyimdən bərk qorxuya düşüb. Həmçinin siyasi mövqeyimin də prosesdə təsiri böyük olub. Amma adam bir şeyi unudub ki, mən zatən o əraziləri və həmin ərazilərin problemlərini çox yaxşı bilirəm. Bunun üçün seçkilərə qatılmağa gərək yoxdur. Elə Yardımlı və Masallının bütün problemlərindən xəbərimiz var və zaman içində yazmışıq və bundan sonra da yazacam. Yəni, Hətəmovun qorxduğu başına gələcək. Üstəlik, adamın qorxduğu rayonda yol verdiyi yeyintilərin üzərinin açılması ilə bağlıdır”.
72 saylı Yardımlı-Masallı DSK-nın sədri Qabil Canəliyev haqqında da danışan baş redaktor vurğulayıb ki, o, bu tip adamlardan bir o qədər də günah görmür. “Qabil Canəliyev xaraktercə qul tıbiətli biridir. O, ona verilən sifarişləri yerinə yetirdiyi üçün DSK sədri qoyulub. Bu adamın 2010-cu il seçkilərində saxtakarlıq üçün dəridən-qabıqdan çıxması da kimsənin yadından çıxmayıb. Belə adamlar istifadə edilmək üçün lazımdır və istifadə də edilir. Amma bu yazıqlar anlamırlar ki, sabah vəziyyət dəyişib, problem ortaya çıxarsa məsuliyyəti onlara sifariş vermiş Sevindik Hətəmov deyil, onların özləri daşıyacaq. Əminliklə deyirəm ki, heç bir DSK sədri icra başçısı üçün saman çöpü qədər dəyərli deyil. Eyniylə də Qabil Canəliyev Sevindik Hətəmov üçün heç bir dəyər daşımır”.
Fəraməzoğlu üzləşdiyi saxtakarlıqdan dolayı MSK-ya müraciət edəcəyini bildirib. O qeyd edib ki, bu gün sənədləri hazır edib, təqdim edəcək.
979 dəfə oxundu