"Bank of Baku"nun da filialları bağlanır
"Bank of Baku" ASC-nin Bakı şəhərində yerləşən 3 filialı fəaliyyətini dayandırıb. Fins.az-ın məlumatına görə, bununla bağlı Bank rəsmi məlumat yayıb. Bu, Nəsimi rayonu, Rəşid Beybudov küçəsi,17 ünvanında yerləşən "28 may" filialı, Nizami rayonu, Babək prospekti,2269-cu məhəllə ünvanında yerləşən "Babək" filialı və Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinin "D" massivi, Günəşli küçəsində yerləşən "Yeni günəşli" filialıdır.
Məsələ ilə bağlı bankdan verilən rəsmi açıqlamaya görə, bu qərar filial şəbəkəsinin optimallaşdırılması siyasətinə uyğun qəbul olunub. "Bank of Baku" ASC-nin səhmdarların qəbul olunmuş 3 illik “yeni persperktivlər” planı çərçivəsində Bank dayanıqlı gəlirlilik və effektivliyi təmin etmək məqsədilə filial şəbəkəsinin optimallaşdırılması prosesinə başlayıb. Optimizasiya prosesinə görə, müştəri axını az olan, bir-birinə yaxın olan, həcmi kiçik olan bir neçə filialın yaxınlıqda olan daha böyük filiallarla birləşdirilməsi qərarı verillib.
Məlumata əsasən, kiçik həcminə görə işçilərin sayı az olan və bu səbəbdən müştərilərə xidmət operativ aparılmadığına görə tez-tez müştərilərin narazılığına səbəb olan "28 May" filialı yaxınlıqda yerləşən S.Vurğun filialı ilə birləşdirilir.
Eyni zamanda, avtokreditlərin verilməsinə fokuslanan "Babək" filialı bu kreditlərə azalan tələbatı nəzərə almaqla yaxınlıqda olan "Neftçilər" filialı ilə birləşdirilir.
Həmçinin, pilot layihə olaraq yeni açılmış, nəqliyyat yolundan uzaq yerləşdiyinə görə müştəri axını az olan "Yeni Günəşli" filialı isə "Bakıxanov" filialı ilə birləşdiriləcək. Məlumata əsasən, bu proses çərçivəsində həmin filialların müştərilərinə digər filiallarda xidmət olunacaq, həmin filialların əməkdaşları isə fəaliyyətini bankın digər filiallarında davam edəcəklər.
Hazırda təsdiq olunmuş 3 illik plana görə növbəti bir il ərzində daha bir filialın bu proses çərçivəsində birləşdirilməsi nəzərdə tutulur.
"Qeyd edək ki, 3 illik plan çərçivəsində filial şəbəkəsinin optimallaşdırılması ilə yanaşı, biznes proseslərə yenidən baxılması və sadələşdirilməsi, alternativ və texnoloji satış kanallarının müştəri xidmətlərində daha geniş istifadəsi, risk menecmenti alətlərinin təkmilləşdirilməsi, yeni və innovativ qeyri-kredit məhsullarının yaradılması, kredit portfellərinin diversifikasiyası və real sektorun inkişafı üçün layihələr, məhsul əsaslı xidmətdən müştəri əsaslı xidmətə keçid və digər mövzular ətrafında müxtəlif layihələr işlənəcək. Əsas hədəf daha çevik, daha innovativ, daha texnoloji və daha sağlam bank olmaqdır", - deyə Bankdan bildirilib.
1229 dəfə oxundu