YAP Gülər Əhmədovanın deputat seçildiyi dairəsindən yeni namizəd irəli sürüb
Hakim Yeni Azərbaycan Partiyası (YAP) 2012-ci ildə deputat mandatından imtina edən Gülər Əhmədovanın seçildiyi 34 saylı Xətai ikinci seçki dairəsindən yeni namizəd irəli sürüb.
"Report"un məlumatına görə, YAP-ın bu ilin noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə bu dairədən namizədi Calal İbrahimov olacaq. C.İbrahimov 2010-cu ildə keçirilən parlament seçkisində 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizəd olub. Qeyd edək ki, Gülər Əhmədova 1965-ci il avqust ayının 20-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. Psixologiya elmləri namizədidir.
1986-cı ildən Bakıda texniki peşə məktəbində müəllim, orta məktəbdə müəllim, direktor müavini vəzifələrində çalışıb. 1994-cü ildən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin baş təlimatçısı, şöbə müdiri, idarə rəisi olub. G.Əhmədova Milli Məclisin II-IV çağırış deputatı olub. 2012-ci ilin sentyabrın 28-də Gülər Əhmədova deputat mandatının ləğv olunması üçün Milli Məclis rəhbərliyinə müraciət edib və onun mandatı ləğv edilib.
1203 dəfə oxundu