“Sahibkar bilir ki, dövlətdən başqa heç kimə ödəniş etməməlidir”
Prezident İlham Əliyev aprelin 23-də Bakının Xəzər rayonunda Mərdəkan-Qala avtomobil yolunun açılışında iştirak edib. "Gundeminfo" xəbər verir Prezident İlham Əliyev sakinlərlə görüşüb söhbət edib.
Dövlət başçısı İlham Əliyev: Siz görməyimə çox şadam. Çox şadam ki, Mərdəkan qəsəbəsində çox gözəl infrastruktur layihələri icra edilir və yollar salınır, qəsəbənin digər problemləri öz həllini tapır. Bu, bizim siyasətimizdir. Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və çox çalışırıq ki, hər bir yerdə inkişaf olsun, quruculuq, abadlıq işləri aparılsın.
Yol inkişaf üçün əsas şərtlərdən biridir. Buzovna-Mərdəkan yolu keçən il istifadəyə verilib. Bu yol mövcud deyildi. İndi isə yoldan istifadə olunur, yolboyu binalar tikilir, ictimai yerlər, ictimai obyektlər salınır. Yəni, yol olan yerdə inkişaf da var. Azərbaycanda son illərdə bütün yerlərdə müasir yol infrastrukturu yaradılır, o cümlədən Bakı qəsəbələrində. İndi isə Mərdəkan-Qala yolunun açılışını qeyd edirik. Bu, əslində onu göstərir ki, hər bir sahədə, hər bir bölgədə ən müasir standartlar tətbiq olunur.
Bildiyiniz kimi, son 15 il ərzində ölkəmizdə 15 min kilometr yol çəkilib. Hər bir yerdə, hətta dağ kəndlərində, yol olmayan kəndlərə biz yollar çəkdik. Bu gün bu yollar həm insanlara xidmət göstərir, həm biznes imkanlarını genişləndirir, fermerlər üçün yeni imkanlar yaradır və yollar keyfiyyətli salınır. Çünki Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycanda yolların keyfiyyəti dünya miqyasında 34-cü yerdədir. Biz çalışırıq ki, hər bir sahədə ən yüksək standartları tətbiq edək və insanları narahat edən problemləri aradan götürək.
Yol, infrastruktur, elektrik enerjisi ilə təchizat, qazlaşdırma, su layihələri – bütün bunlar diqqət mərkəzindədir və son illərdə bu istiqamətdə çox ciddi addımlar atılır. Ona görə mən gəlmişəm bu gün sizinlə görüşüm, bu gözəl hadisəni bir yerdə qeyd edim və sizə yeni uğurlar, qələbələr arzulayım.
Qəsəbələrarası və qəsəbədaxili yollar diqqət mərkəzindədir. “Azəravtoyol” agentliyinə göstəriş verilib ki, Bakı qəsəbələrində yol infrastrukturuna çox ciddi fikir verilsin və demək olar ki, indi bu proses geniş vüsət alıb. Əminəm ki, bütün qəsəbələrdə daxili yollar təmir olunacaq, bərpa ediləcək və insanlara rahatlıq verəcək. Bir daha sizi təbrik edirəm, sizə uğurlar arzulayıram.
Rayon sakini Altay Mansurov: Hörmətli Prezident, əvvəla, rayon sakinləri və ağsaqqalları adından Sizə “Xoş gəlmisiniz!” deyirəm. Bizim sakinlər, - bilirsiniz ki, Xəzər rayonunun sakinləri Sizi çox istəyirlər, - Sizi həmişə burada görməyə şad olurlar. Bu gün də biz çox şadıq ki, Siz gəlmisiniz, Sizinlə görüş keçiririk. Bu, birinci dəfə deyil. Siz bizim rayonda tez-tez olursunuz, biz görüşürük, bununla da fəxr edirik. Xoş gəlmisiniz, Sizə cansağlığı arzulayırıq.
Sizin gördüyünüz işlər göz qabağındadır. Son illərdə nəinki bizim rayonda, bütün Azərbaycanda görülən işlərin hamısını biz televizorda müşahidə edirik, görürük, nə cür yollar çəkilir, hansı işlər görülür. Son zamanlar Sizin göstərişinizlə, fərmanlarınızla, sərəncamlarınızla insanların sosial rifahının yaxşılaşdırılması istiqamətində çox işlər görülüb. Eyni zamanda, şəhərlərdə, qəsəbələrdə, o cümlədən bizim rayonda çox böyük işlər görülür, hamısı göz qabağındadır, su təsərrüfatını, yol təsərrüfatını demək olar. Son vaxtlar bizim rayonda da çox yollar çəkilir. Qəsəbələrarası yollar çəkilib, köhnə yollar bərpa edilib. Bu da sakinlərimizin yaşayış şəraitinin yaxşılaşdırılmasına töhfə verir. Bu yolun da çəkilməsi qəsəbələr arasında gediş gəlişi, eyni zamanda, şəhərə çıxışı asanlaşdıracaq. Son zamanlar Buzovna-Mərdəkan yolunun çəkilməsi, eyni zamanda, indi Mərdəkan-Qala yolunun mərkəzi yola birləşdirilməsi, şəhərə, qonşu qəsəbələrə çıxışın təmin edilməsi əlbəttə ki, insanların yaşayışına və rifahına böyük kömək olacaq. Sizə cansağlığı arzulayırıq. Biz Sizin daxili və xarici siyasətinizi bəyənirik. Biz bunu hər dəfə təkrar edirik və həmişə biz Sizin arxanızda böyük bir qüvvə kimi dayanmağa hazırıq.
Prezident İlham Əliyev: Çox sağ olun, təşəkkür edirəm. Mən çalışıram və bundan sonra da çalışacağam ki, doğma xalqıma ləyaqətlə xidmət edim. Ölkə qarşısında duran bütün problemlər öz həllini tapmalıdır. Son illər ərzində görülmüş işlər göz qabağındadır. Azərbaycan müasirləşir, yeniləşir, hər bir yerdə, hər bir bölgədə və hər bir sahədə çox böyük quruculuq, abadlıq işləri aparılır.
Bu gün iqtisadi inkişaf təmin edilir. Bu il iqtisadiyyatımız 3 faiz artır, əvvəlki illərə nisbətən bu artım daha böyükdür. Düzdür, bu, bizi tam qane edə bilməz. Çünki hesab edirəm ki, potensial daha böyükdür və biz iqtisadi baxımdan daha yüksək templərlə artmalıyıq. Ancaq, eyni zamanda, aparılan islahatlar və islahatların dərinləşməsi bizə əlavə imkanlar yaradır. Son illər ərzində çox böyük işlər görülüb, işlər də göz qabağındadır. Ancaq biz indi inkişafımızın yeni mərhələsindəyik. Son prezident seçkiləri ərəfəsində mən bəyan etmişdim ki, növbəti dövr islahatlar dövrü olacaq. Çünki hər bir ölkə üçün islahatlar çox önəmlidir. İslahatlar yenilik, müasirlik, nöqsanların aradan qaldırılması, problemlərin həlli deməkdir. Bizdə hər bir sahə üzrə çox aydın təsəvvür və iş proqramı var. Ona görə islahatların dərinləşməsi nəticəsində əldə edilmiş nailiyyətlər əlbəttə ki, vətəndaşların rifah halını yaxşılaşdırır. Baxın, bu ilin üç ayında büdcə daxilolmaları böyük dərəcədə artıb. Yəni, vergi və gömrük orqanları plandan əlavə 200 milyon manatdan çox vəsait toplayıblar. Nəyin hesabına? İslahatlar hesabına. Nəyin hesabına? Şəffaflıq hesabına, aparılmış siyasət nəticəsində. Sahibkarlar da razıdır, çünki bu gün sahibkar da bilir ki, dövlətin vergisini ödəməlidir, tam ödəməlidir və ondan başqa heç kimə heç bir ödəniş edilməməlidir. Mən indi görürəm ki, sahibkarlarda da bu işlərə böyük inam var.
Biz daxil olan əlavə gəlirləri, ilk növbədə, sosial məsələlərin həllinə yönəldirik. Düzdür, infrastruktur layihələri də lazımdır, biz oraya vəsait ayırmasaydıq, belə yollar çəkilə bilməzdi. Ancaq indiki şəraitdə biz vəsaiti daha çox insanların rifah halının yaxşılaşdırılması üçün yönəldirik. Təsadüfi deyil ki, keçən ilin aprel ayında prezident seçkilərindən sonra imzaladığım ilk Fərman şəhid ailələrinin rifah halının yaxşılaşdırılmasına yönəldilmişdir. Şəhid ailələrinə 11 min manat ödənişin təşkil edilməsi bizim niyyətimizi göstərir və bu ödənişlər aparılır. Ondan sonra qəbul edilmiş qərarlar, imzaladığım fərmanlar da bir məqsədi güdür ki, vətəndaşlar daha da yaxşı yaşasınlar. Minimum əməkhaqqı, minimum pensiya təxminən 40 faiz artırılıb. Mən bu yaxınlarda demişəm, artım faiz baxımından böyük olsa da, bizi qane edə bilməz. Çünki biz daha da yüksək həddə çatmalıyıq və bunu etmək üçün daha da fəal işləməliyik. Sosial müavinətlər orta hesabla iki dəfə, köçkünlərə, şəhid ailələrinə verilən müavinət, tələbə təqaüdləri 50 faiz artıb. Bir çox önəmli fərman və sərəncamlar imzalanmışdır ki, insanların rifah halını, biznes mühitini yaxşılaşdırır və bu istiqamətdə işlər davam etdiriləcək. Çünki minimum əməkhaqqı, minimum pensiyanın qaldırılması daimi proses olmalıdır.
Azərbaycan indi inkişafın yeni mərhələsindədir və bundan sonra iqtisadi artım çox sürətli olacaq. Nəzərə alsaq ki, bizim neft-qaz sahəsində apardığımız siyasət öz bəhrəsini verir, yaxın gələcəkdə Cənub Qaz Dəhlizi işə düşəcək. Bu, əlavə gəlir gətirəcək və gəlir də vətəndaşların rifah halının yaxşılaşmasına yönəldiləcək.
Əlbəttə ki, islahatlar hərtərəfli olmalıdır - həm iqtisadi sahədə, sosial sahədə, siyasi sahədə, həm də idarəetmə sahəsində. Bu sahələrdə hələ ki, təkmilləşməyə böyük ehtiyac var. Biz öz siyasətimizi yerlərdən gələn təkliflər əsasında qururuq.
Bu ilin yanvarında dördüncü regional inkişaf proqramı qəbul edilib. Bu proqramın qəbul edilməsində yerlərdən gələn müraciətlər əsas rol oynayır. Çünki vətəndaşları narahat edən problemlər var ki, biz onları bilməliyik və həll etməliyik. Bizim məqsədimiz budur, siyasətimiz də bundan ibarətdir. Əminəm ki, ölkə qarşısında duran bütün vəzifələr, problemlər öz həllini tapacaq.
674 dəfə oxundu