3 azərbaycanlı deputatın ABŞ-da verdiyi açılım mesajları - hədəf
Azərbaycan parlamentinin üç deputatı - Səməd Seyidov, Asim Mollazadə və Sahibə Qafarova Amerikaya səfər ediblər. Virtualaz.org xəbər verir ki, səfərin əsas məqsədi hökumətin həyata keçirdiyi siyasi islahatlara dəstəyi təmin etmək olub.
Deputatlar ABŞ paytaxtında bir həftə ərzində Konqresin bir sıra mühafizəkar üzvləri ilə görüşüblər. Həmçinin, İsrailin ictimaiyyətlə əlaqələr üzrə Amerika Komitəsinin nüfuzlu yəhudi lobbi qruplaşmasının (AİPAC) təşkil etdiyi illik siyasi konfransda iştirak ediblər.
“Biz siyasi islahatları başlatmaq üçün Vaşinqtona gəlmişik və böyük məmnuniyyətlə, zövqlə demək istəyirik ki, bu təşəbbüsü anlamağa, dəstəkləməyə hazır olan insanlarla görüşdük”. Bunu S.Seyidov Azərbaycan hakimiyyətinin peşəkar lobbiçilərinin və diaspor nümayəndələrinin qarşısında çıxışı zamanı deyib.
“Mən ümid edirəm ki, bu hələ başlanğıcdır və bu dayanıqlı inkişaf davam edəcək. Biz Azərbaycan nümayəndələri olaraq bunun üçün əlimizdən gələn hər şeyi edəcəyik” - Səmədov əlavə edib. O, Azərbaycanda “daha böyük islahatlar” vəd edib. Lakin o, hansı islahatlardan söhbət getdiyini və həmin islahatların nə zaman həyata keçiriləcəyini dəqiqləşdirməyib.
“Azərbaycan dəyişən Qafqazda: daxili və xarici siyasətdə dəyişiklik” adlı tədbirin təşkilatçılarının sözlərinə görə, Azərbaycan bu yaxınlarda ölkənin iqtisadi və sosial siyasətini modernləşdirmək üçün bir sıra islahatlar həyata keçirib.
Deputat Mollazadə isə çıxışında bildirib ki, islahatlar üçün “islahatçılar” lazımdır. Onun sözlərinə görə, gənclər ABŞ və Avropa tərəfindən köməyin əsas mənbəyi olmalıdır: “Bizə məmurların tamamilə fərqli davranışları lazımdır, hansı ki, onlar hər şeyə nəzarət etmək kimi sovet ənənəsini yaddan çıxarmalıdır”.
Üç deputatın timsalında Azərbaycanın Birləşmiş Ştatlara hansı mesajları ünvanladığı yönündə müxtəlif fikirlər səslənir.
Sabiq dövlət müşaviri Qabil Hüseynli “Yeni Müsavat”a səfərin məqsədləri barədə ehtimallarını bölüşdü: “Kimlərəsə keçirdiyimiz islahatları bəyəndirməyə məcbur deyilik. Hər bir ölkədə siyasət həmin ölkənin siyasi rəhbərliyi tərəfindən həyata keçirilir. Ortada siyasi iradə varsa, islahatlar ardıcıl xarakter almağa başlayırsa, demək ölkə qamətini düzəldib sürətli addımlarla irəliləmək, əvvəlki uğurlarını davam etdirmək və ya artırmaq istəyir. Azərbaycanda islahatlar daha çox siyasi xarakter daşıyır. Bu da siyasi idarəçiliklə bağlıdır. Zənnimcə, deputatlar ölkə prezidentinin həyata keçirdiyi siyasi islahatların mahiyyətini icra etmək üçün Amerikaya gediblər. Niyə məhz Amerika seçilib? Bu sualın da cavabı çox aydındır. Avropa bizə yaxındır, oranın bir siyasi strukturlarında, xüsusilə, Avropa Şurasında, ATƏT-də deputatlarla təmsil olunuruq. Deputatlarımız gedən islahatları hamıya çatdıra bilirlər. Amerika ilə işləmək daha vacibdir. Çünki ABŞ uzun zamandır ki, bir sıra sahələrdə islahatların keçirilməsini tövsiyə edən dövlətlərdən biridir. Burada məsələ ən çox ölkədə siyasi məhbus probleminin qabardılması ilə başlayırdı. Azərbaycanda hakimiyyətin üç qolunun tarixən formalaşmış baxışlara uyğun surətdə qurulması da Amerikanın etdiyi tövsiyələr içərisindədir. Açığı, demək lazımdır ki, ölkəmizdə bir sıra sahələrdə ciddi nöqsanlar var. Hakimiyyətin üç qolu arasındakı əlaqələr, demək olar, itib. Qanunverici və məhkəmə orqanları icraedici hakimiyyətdən asılı vəziyyətə salınıb. İndiyə qədər ölkə rəhbəri iradəsini ortaya qoyaraq, ciddi struktur islahatları həyata keçirib. Qarşıda hələ bir sıra sahələrdə islahatlara duyulur. Parlamentin özünün belə islahatlara ehtiyacının olduğu heç kəsdə şübhə doğurmamalıdır. Elə etmək lazımdır ki, hakimiyyətin üç qolu arasındakı asılılıq vəziyyəti xeyli zəifləsin. Prezident ciddi islahatlara artıq uzun müddətdir ki, start verib, idarəetmədə səmərəliliyin artırılmasını qarşısına məqsəd qoyub. Bütün dünya, o cümlədən Amerika görəcək ki, Azərbaycan inamla demokratik dəyişikliklər yolu ilə irəliləyir. Bu dəyişikliklər haqqında, sadəcə, Amerikaya məlumat verməklə onu göstərmək istəyir ki, Azərbaycan köhnə sovet sistemindən tamamilə qurtulub, özünəməxsus demokratik idarəçilik sisteminə keçib. Bu sistem artıq uğurla işləyərək öz bəhrəsini verməkdədir”.
685 dəfə oxundu