"Çimərliyə giriş üçün pul tələb oluna bilməz" BŞİH-nin rəsmisi
Hər il çimərlik mövsümü açıq elan olunandan sonra Bakı sakinlərinin çimərliklərə giriş-çıxış problemi müzakirə mövzusu olur. Hələ çimərliklərdə təklif olunan müxtəlif xidmətlərin qiymətlərini demirik. İllərdir vətəndaşlar şikayət edir, kütləvi informasiya vasitələri problemi qabardır, ancaq bir nəticə hasil olmur ki, olmur. Bakı və Abşeron yarımadasındakı əksər çimərliklərə giriş pulludur.
Giriş pulu təbii ki, ilkin mərhələdir. Sonrakı mərhələlərdə qiymətlər daha da yüksəlməyə başlayır...
Bir sözlə, vətəndaşlar narazıdırlar, amma Xəzər dənizinə giriş-çıxışı məhdudlaşdıran, “sahibkarlıq” fəaliyyəti ilə məşğul olan şəxslər isə bu haqlı narazılığı qulaq ardına vurmaqla məşğuldur. Dövlətin qəbul etdiyi qərarlar, verilən sərəncamları saya alan yoxdur. Ümumilikdə çimərliklərdəki obyektlərin "öz əlim, öz başım" prinsipi ilə hərəkət etməsi artıq heç kimə sirr deyil. Bu obyektlər sanki dövlət nəzarətindən kənarda qalıb. Bu sahədə stabil formada normativlərin müəyyənləşməsinə artıq ehtiyac yaranıb. Lap elə dərmanların qiymətinin tənzimlənməsi kimi...
Bakı şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun 26 may 2015-ci ildə Bakı şəhər çimərliklərində əhalinin yay istirahətinin təşkili haqqında imzaladığı sərəncamın 1.3 bəndində qeyd olunub ki, çimərlik ərazilərinə və sahilyanı zonalara giriş pulsuzdur və buna nəzarət olunmasının icrası təmin edilməlidir. Habelə sərəncamın 1.6 bəndində bildirilir ki, əhalinin dəniz sahilində maneəsiz istirahətinin təmin edilməsi üçün firma və şirkətlər aralarındakı sərhədlərin təyin edilməsi məqsədilə çəkdikləri hasarın sahildən 20-25 metr məsafəyə qədər sökülməsini təmin etsin.
Sərəncamda Bakı Şəhər Ticarət və Xidmət Departamentinə tapşırılıb ki, çimərlik ərazilərində istirahət edənlərə lazımi səviyyədə xidmət göstərilməsi üçün ticarət, iaşə və digər xidmətlərin təşkili məqsədilə müvafiq qaydada yerlər müəyyən edilməsini, hüquqi və fiziki şəxslər tərəfindən malların alqı-satqısı, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi qaydalarına əməl edilməsini, həmçinin çimərliklərə giriş üçün pul yığılmasının qarşısının alınmasını təşkil etsin.
Sərəncam da o da qeyd olunur ki, Şıx çimərlik zonasının Qaradağ rayonu sərhədinədək olan və Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamları əsasında müxtəlif firma və müəssisələrin istifadəsinə verilmiş ərazilər daş hasara alınaraq, bir növ qapalı zonaya çevrilib.
Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamenti mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov APA-ya deyib ki, Bakı Şəhəri İcra Hakimiyyəti başçısının imzaladığı sərəncamda da göstərildiyi kimi, Bakı şəhəri və Abşeron yarımadasında çimərliklərin hamısına giriş birmənalı olaraq pulsuzdur: “Bu məsələ ilə bağlı Bakı Şəhəri İcra Hakimiyyəti başçısı Hacıbala Abutalıbov sərəncam imzalayıb. Bu sərəncamda həmin məsələlər ətraflı və izahlı şəkildə qeyd olunub. Bu gün əgər kimsə bunun ziddinə gedirsə, deməli, dövlətin qanununun ziddinə gedir”.
İcra hakimiyyəti rəsmisi bildirib ki, çimərliklərə giriş üçün pul tələb edən sahibkarlara dəfələrlə xəbərdarlıq olunub: “Lakin buna baxmayaraq, əksəriyyət bildiyi kimi hərəkət edir. Biz daha çox həmin çimərliklərdə alkoqollu içkilərin və tütün məmulatlarının satışı ilə məşğul olan obyektlər, restoranlar, kafelər, barların lisenziyalaşdırılması ilə məşğul oluruq.
Hazırda monitorinqlər aparırıq. Monitorinqlər başa çatandan sonra bu məsələyə yenidən baxılacaq. Bilirsiniz insanları çaşdıran bəzi məqamlar var. İnsanlar elə bilir ki, dənizə girişin pulsuz olması ilə bağlı sərəncam varsa, deməli, gedib orada səhərdən axşama kimi dincəlmək olar. Məsələ belə deyil. Bunun səbəbi var. Çimərliklərdə insanlara təklif olunan skuterlər, çətirlər, ictimai sanitar qovşaqlar, duşxanalar və digər xidmətlərin hamısından istifadə pullu şəkildə həyata keçirilir. Bu xidmətlərə pul ödəməmək olmaz. Ərazini özəlləşdirənlər, icarəyə götürənlər bu qaydaları müəyyənləşdirir”.
Ə. Bağırov ərazinin özəlləşdirilməsi işinin yerli icra hakimiyyəti orqanlarının səlahiyyətində olduğunu da əlavə edib.
Ə. Bağırov müəyyən çimərliklərdə dənizə giriş, habelə göstərilən xidmətlərin baha olmasını həmin çimərliklərdə göstərilən xidmət səviyyəsinin yüksək olması ilə əlaqələndirdi: “Xüsusi yaradılmış turist zonaları var ki, həmin ərazilərdə xidmət səviyyəsinin yüksək olması ilə əlaqədar qiymətlər yüksəkdir. Yenə vurğulayıram ki, bu məsələyə yenidən baxılacaq”.
Ə. Bağırov qeyd edib ki, Bakı və Abşeron yarımadasında 34 çimərlik fəaliyyət göstərir: “Bunlar Binəqədi, Səbail, Xəzər, Sabunçu, Suraxanı və Qaradağ rayonu ərazisindəki çimərliklərdir”.
Hüquqşünas Aslan İsmayılov isə deyir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinin 2.1 bəndində Xəzər dənizinin (gölünün), Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahil boyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri dövlətin mülkiyyətində qalmaqla özgəninkiləşdirilə bilməz və yalnız müvafiq icra hakimiyyəti orqanının qərarı ilə istifadəyə və icarəyə verilə bilər: “Bu maddənin birinci cümləsinə uyğun olaraq istifadəyə və ya icarəyə verilməsi barədə qərar qəbul edilmiş Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahəsi müvafiq icra hakimiyyəti orqanının icazəsi əsasında dənizin sahilinə gediş-gəliş məhdudlaşdırılmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanıla bilər”.
A. İsmayılov əlavə edib ki, 2003-cü il yanvarın 13-də Heydər Əliyevin “Azərbaycan Respublikasında Xəzər dənizinin sahilindən istifadəyə dair bir sıra tədbirlər haqqında” imzaladığı sərəncamla bu problemə münasibət bildirilib: “Burada birmənalı göstəriş var ki, dəniz kənarından 130 metr məsafədə olan bütün tikililər qanunsuzdur və məhkəmə, yaxud da inzibati qaydada sökülməlidir. Həmin ərazilər heç kim tərəfindən özəlləşdirilə və hasarlana bilməz. 2008-ci ildə prezident İlham Əliyevin də bu problemlə bağlı sərəncamı var. Eyni məsələlər burada da qeyd olunub ki, dəniz kənarına çıxış heç kim tərəfindən məhdudlaşdırıla bilməz. Xəzərin sahilindəki torpaqlar qanunsuz zəbt olunub və orada qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar”.
Xəzər dənizi ilə vətəndaşlar arasında bufer zona yaradanların hansı məsuliyyəti daşıdıqları ortadadır. Vətəndaşlar da, rəsmilər də, hüquq da, hamı bir sözü deyir: Dövlətin malı – Xəzər dənizi bu ölkənin, bu ölkə insanındır...
1227 dəfə oxundu