"Xəstəni yalnız əməliyyat stolunda görmüşəm" - mərhum jurnalisti əməliyyat edən həkim

"Xəstəni yalnız əməliyyat stolunda görmüşəm" -


Avqustun 8-də 5 nəfər tərəfindən amansızlıqla döyülən və yerləşdirildiyi xəstəxanada ayın 9-da vəfat edən jurnalist Rasim Əliyevin ölümü ilə bağlı yaranmış ajiotaj səngimək bilmir. Jurnalistin ölümündə onu döyən idmançılarla yanaşı, onu ölümdən xilas edə bilməyən həkimlər də məsul tutulur.
Onlardan adı daha çox çəkilənlərdən biri də həkim Saday Əliyevdir. Saday Əliyevin barəsində ölkə mətbuatında gedən yazılara cavab olaraq, onun adından redaksiyamıza məktub daxil olub.

Professor Saday Əliyevevin məktubunu olduğu kimi dərc edirik:

"Son günlər sosial şəbəkələrdə mərhum jurnalist Rasim Əliyevin ölümü ilə əlaqədar çoxsaylı məlumatlar dərc olunur. Bu məlumatların bir çoxu birmənalı olaraq obyektiv faktlara əsaslandırılmayan “kütlə emosiyası”, populist çıxışlar və böhtan xarakteri daşıyır. Məsələnin məğzindən xəbəri olmayan bəzi insanlar hadisəyə sərbəst, iradi, tərəddüdsüz və birmənalı subyektiv münasibət bildirirlər. Məlumat üçün bir daha xatırladıram ki, mənim mərhum Rasim Əliyevin nə xəstəxanaya qəbulundan, nə onun müayinəsindən və nəzarət olunmasından xəbərim olmayıb və bu proseslərdə iştirak etməmişəm. Onun valideynlərini tanımıram, görməmişəm. Mənə yalnız məsul cərrah xəstəni təcili əməliyyat etməyi həvalə etdi və xəstəni mən yalnız əməliyyat stolunda görmüşəm. Vəssalam. Lakin qeyd etməliyəm ki, əməliyyat zamanı aydın oldu ki, xəstə bədənin hər tərəfini əhatə edən çoxsaylı, ağır travma alıbı. Nəticədə xəstənin daxili orqanlarının əksəriyyəti parçalanmış, cırılmış, funksiyasını itirmişdi. Travmanın xarakteri, daxili orqanların vəziyyəti və əməliyyat barədə mən məlumat vermişəm.

Qeyd etməliyəm ki, alınmış bədən xəsarəti ağır kateqoriyaya aiddir (döş qəfəsinin və qarın nahiyəsinin müştərək travması, qabırğalarının çoxsaylı sınıqları, ağ ciyərin əzilməsi, dalağın partlaması, mədəaltı vəzinin cırılması). Əməliyyatın həcmi travmanın xarakterinə uyğun olub. Lakin çox təəssüf ki, xəstəni xilas etmək mümkün olmadı. Xəstənin ölümü hər bir cərrah üçün dərin psixoloji şok, mənəvi travmadır. Allah ona rəhmət eləsin.

Bu hadisənin ən çox narahatlıq törədən tərəflərindən biri də odur ki, sosial şəbəkələrdə birmənalı olaraq xəstənin cərrahların səhvi nəticəsində ölməsi fikri iddia edilir. Bu vəziyyətdən istifadə edən insanlar məsələyə dəxli olmayan, tamamilə böhtan və şantaj xarakterli daşıyan məlumatlarla çıxış edirlər.

Məsələn, şikayətçi Natiq Abdullayev iddia edir ki, guya atası da mənim icra etdiyim əməliyyat nəticəsində ölüb (2014 –cü il).Bu məlumat tamamilə səhv və böhtandır. Mən xəstəni məsul cərrah kimi qəbul etmişəm, diaqnozu dəqiqləşdirmişəm, lakin mənim nəzarətim altında digər cərrahlar onu əməliyyat ediblər. Bu fakt Natiq Abdullayevə heç bir əsas vermir desin ki, guya mən xəstəni əməliyyat etməkdən imtina etmişəm. Mən məsul cərrah, professor kimi işin təşkilinə cavabdehlik daşımışam. Bəzi insanlar xəstəxanaların daxili iş prinsipləri barədə tam diletant olduqları halda, cərrəhın fəaliyyətinin ciddi məqamlarını tam sərbəstiliklə müzakirə etməyə girişirlər. Hərə bir versiya irəli sürür, hərə bir mülahizə yürüdür və dedikləri fikir barədə heç bir hüquqi məsuliyyət daşımırlar. XXI əsr “Linç Məhkəməsi ” qurmaq dövrü deyil!

N. Abdullayevin nəzərinə çatdırıram ki, onun rəhmətlik atası heç də keçirilmiş cərrahi əməliyyatdan yox, ağciyər vərəmi xəstəliyinin ağırlaşması nəticəsində ölüb.
Təəssüf hissi doğuran odur ki, N. Abdullayevin doğma atasının sağlamlıq vəziyyəti barədə məlumatı olmamışdı. Bəzi insanların bu cür “ psixoloji affekt” (oyanma) xarakteri daşıyan çıxışları bir növ səsi eşidən, lakin onun haradan gəldiyini bilməyən insanın hərəkətinə bənzəyir. Bir nəfər emosional vəziyyətdə əsassız və böhtan xarakterli məlumat verir, işin əsasından məlumatsız kütlə onu təkrar edir. Bu cür insanlar heç də mərhumun və onun ailəsinin halına yanmaq hissi ilə yox, özlərinə sərf edən, böhtan, qərəzçilik və şantaj xarakteri daşıyan “ajiotaj” yaratmaq mövqeyi ilə çıxış edirlər.
Mən belə insanları obyektivliyə, ədalətə və şəffaflığa çağırıram. Biz sivil qanunlar əsasında inkişaf edən ölkədə yaşayırıq. Ona görə də populistik və ucuz effekt xarakteri daşıyan çıxışlardan, emosiyalardan uzaq olmaq lazımdır.

Mən bir daha mərhum Rasim Əliyevin ailəsinə və qohumlarına dərin hüznlə başsağlığı verirəm, Allahdan onlara səbr diləyirəm. Allah rəhmət eləsin".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1095 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...