“Azərbaycanın әrazi bütövlüyü digәr ölkәlәrin әrazi bütövlüyü kimi dәyәrli mәfhumdur”
"Azərbaycan və Avropa İttifaqı arasındakı münasibətlər baxımından cənab Tuskun səfəri çox vacibdir". APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Әliyev Bakıda səfərdə olan Avropa İttifaqı Şurası prezidenti Donald Tuskla görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.
Dövlət başçısı bildirib ki, Aİ ilə münasibətlər inkişaf edir: “Uzun illər aramızda məhsuldar münasibətlər formalaşıb. Biz ikitərəfli fikir mübadiləsi apardıq. Müsbət irəliləyişlər var. Görüşdə regional məsələləri, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini müzakirə etdik, həll yolları barədə düşündük. Mən ona danışıqlar prosesi barədə danışdım, münaqişənin tarixi barədə məlumat verdim. Bu münaqişə iki on ildir davam edir. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi işğal altındadır. BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycandan qeyd-şərtsiz çıxarılması ilə bağlı 4 qətnaməsi qəbul edilib. Ermənistan bu qətnamələri yerinə yetirmir. Bizim bir milyondan çox qaçqın və məcburi köçkünümüz var. Xalqımız etnik təmizləməyə məruz qalıb. Biz münaqişənin beynəlxalq norma və prinsiplər çərçivəsində həll olunmasını istəyirik. Ümid edirik ki, gələcəkdə işğalçıya daha çox təzyiq göstəriləcək ki, Azərbaycan torpaqlarını geri qaytarsın və danışıqlar prosesini yekunlaşdırsın. Gәlәcәkdә artıq münasibәtlәrin normallaşmasından danışa bilәrik. Azərbaycanın әrazi bütövlüyü digәr ölkәlәrin әrazi bütövlüyü kimi dәyәrli mәfhumdur”.
1313 dəfə oxundu