Əhalinin problemli kreditləri ləğv edilir?

Əhalinin problemli kreditləri ləğv edilir?


"Son qərardan sonra “Aqrarkredit” QSC-nin boynuna ən azı bir milyard manata yaxın zərərli aktiv yüklənəcək".
"Ölkənin ən böyük bankı olan Azərbaycan Beynəlxalq Bankı nəhayət ki, özəlləşdirilir. Beynəlxalq Bank ölkənin bir nömrəli bankıdır və onun bazar payı, təxminən 40%-ə yaxındır, dövlət bankı olmaqla, sistem əhəmiyyətli bank hesab olunur. Ölkə üzrə kredit qoyuluşlarının 1/3-i, depozit qoyuluşlarının isə 1/4-i Beynəlxalq Bankın payına düşür".


ANS PRESS-in məlumatına görə, İqtisadi Təşəbbüslərə Yardım Təşkilatının əməkdaşı, iqtisadçı Samir Əliyev bildirib. Mütəxəssisin sözlərinə görə, dövlətin bütün əsas vəsaitləri Beynəlxalq Bank və qismən də Kapital Bank vasitəsi ilə reallaşdırılır. Mütəxəssis hesab edir ki, digər banklar kənarda qalır və bu da rəqabət mühitini pozur. Mərkəzi Bankın mərkəzləşdirilmiş kreditlərinin də əsas benefisiarı (xeyrinə ödəniş edilmiş, gəlir, mənfəət, güzəştlə əlaqədar pul vəsaiti və s. əldə etmiş şəxs, o cümlədən kreditor) bu bankdır:

Problemli kreditlər silinir?

"Prezidentin son fərmanına əsasən, Beynəlxalq Banka məxsus problemli aktivlər mərhələli şəkildə likvid vəsait müqabilində dövlətə məxsus “Aqrarkredit” QSC-nin idarəetməsinə veriləcək. “Aqrarkredit” QSC isə öz növbəsində borclanmaya gedəcək, mərhələlərlə istiqraz emissiya edərək onları qiymətli kağızlar bazarında yerləşdirəcək. Bu istiqrazlara dövlət zəmanəti veriləcək, ancaq onun həcmi hər ilin dövlət büdcəsinin daxili borclanma limiti nəzərə alınmaqla tənzimlənəcək. Buraxılmış istiqrazlar uzunmüddətli və aşağı faizli (yəqin ki uçot dərəcəsi səviyyəsində olacaq - illik 3%) olacaq. Mərkəzi Bank həmin istiqrazlarınsatın alınmasını həyata keçirəcək. “Aqrarkredit” QSC istiqrazdan cəlb etdiyi vəsaiti dövrü olaraq Beynəlxalq Banka ödəyəcək. Restrukturizasiya və sağlamlaşdırılma tədbirləri başa çatdıqda Beynəlxalq Bankın nizamnamə kapitalında dövlətə məxsus səhmlərin özəlləşdirilməsi üzrə tədbirlər planını altı ay müddətində hazırlanıb prezidentə təqdim ediləcək".

Samir Əliyevin fikrincə, Beynəlxalq Bankın çox böyük problemləri var. Əsas problemlər vaxtı keçmiş və problemli kreditlər ilə bağlıdır: "Təkcə Beynəlxalq Bankın problemli kreditlərinin həcmi bütün ölkə üzrə olan digər problemli kreditlərin həcmindən daha çoxdur. Bankdan milyonlarla dəyərində kredit götürmüş ancaq geri qaytarmamış müştərilərindən həbs yolu ilə borcların bir hissəsi geri alınsa da aktivləri tam xilas etmək mümkün olmayıb. Geri qayıdan vəsaitlərin həcmi barədə məlumatlar açıqlanmır, ona görə zərərli aktivlərin həcmi barədə dəqiq məlumat yoxdur. Ancaq ehtimal etmək olar ki, “Aqrarkredit” QSC-nin boynuna ən azı bir milyard manata yaxın zərərli aktiv yüklənəcək".

İqtisadçı hesab edir ki, Beynəlxalq Bankın özəlləşdirməyə çıxarılması düzgün addımdır. Samir Əliyevin sözlərinə görə, indiki vəziyyətdə özəlləşdirməyə çıxarılması onun dəyər-dəyməzə satılmasına, beynəlxalq reytinqinin aşağı düşməsinə gətirib çıxara bilər: "Sağlamlaşmadan sonra isə bankı normal qiymətə satmaq mümkündür. Həm də bankın indiki vəziyyətdə satılması sektor üçün probemlər yarada bilərdi. Təbii ki, əsas məsələ bankın kim tərəfindən alınması olacaq. Əks halda onun özəlləşdirilməsi ciddi əhəmiyyət daşımayacaq", - deyə iqtisadçı əlavə edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1369 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...