Azərbaycan G20-nin növbəti toplantısına qatıldı
Dünyanın 20 ölkəsini birləşdirən G20 qrupuna Türkiyənin sədrliyi çərçivəsində Bodrumda təşkilatın 3-cü şerpa iclası keçirilib.
Oxu.Az-a Energetika Nazirliyindən verilən məlumata görə, Azərbaycan nümayəndə heyəti də G20 toplantısına qatılıb. Nazirliyin məlumatına görə, Türkiyənin sədrliyi çərçivəsində bu ilin oktyabrında keçirilməsi planlaşdırılan G20 enerji nazirlərinin ilk görüşünün gündəliyi və qəbul ediləcək müvafiq Kommunikedə əks olunacaq enerji məsələləri də əsas müzakirə mövzularından olub. Bundan başqa, enerjiyə əlçatanlıq göstərici zəif olan Sub-Saxara Afrikasının enerji təminatının həlli yollarını əks etdirən Fəaliyyət planının müzakirəsinə həsr edilmiş konfransın keçirilməsi də nəzərdə tutulur.
“Nazirlərin toplantısında enerjiyə əlçatımlıq əsas diqqət yetirilən məsələlərdən olacaq. Enerjidən səmərəli istifadənin vacibliyi, səmərəsiz yanacaq subsidiyalarının ləğvi, eləcə də bərpa olunan enerji mənbələrinin ənənəvi enerji resursları ilə rəqabətə davamlılığını şərtləndirən məsələlər ətrafında da fikir mübadiləsi aparılacaq”-deyə, nazirlik bildirib. Qeyd edək ki, Türkiyə G20 qrupuna ötən ilin 1 dekabrından sədrlik edir. Bu müddət 2015-ci il noyabrın 30-dək davam edəcək. Türkiyənin sədrliyi dövründə dövlət başçılarının iştirakı ilə keçiriləcək zirvə toplantısında, habelə müxtəlif səpkili toplantılarda Azərbaycan da tamhüquqlu üzv kimi iştiraka dəvət alıb.
Onu da əlavə edək ki, Dünya iqtisadiyyatının 90%-i, dünya ticarətinin 80%-i və dünya əhalisinin üçdə ikisini təmsil edən G20 qrupu inkişaf etmiş və inkişaf etməkdə olan iqtisadiyyatları eyni platformada bir araya gətirir.
1109 dəfə oxundu