Avstriyada lüks otel alan azərbaycanlı oliqarx danışdı
Avstriyada otel alan azərbaycanlı iş adamı Fərid Ahverdiyev yeni oteli haqqında danışıb. Biznesmen ANS PRESS-ə açıqlamasında 30 ildən çox Rusiyada yaşadığını və otel biznesi ilə məşğul olduğunu deyib. Lakin qonşu ölkədə iqtisadi vəziyyət pisləşdiyindən o, buradakı səhmlərini, biznesini sataraq Avstriyaya köçüb. İxtisasca hüquqşünas olan Fərid Ahverdiyev burada üçulduzlu otel alaraq biznesini davam etdirmək niyyətindədir. "Biznesmen olduğum üçün, sözsüz ki, maddi maraqlarımı nəzərə alıram. Amma buradakı oteli görəndə ağlıma ilk olaraq Azərbaycanın Kəlbəcər, Laçın, Şuşa kimi gözəl məkanlarının təbiəti gəldi. "Hotel Rupertihaus" o qədər də böyük olmasa da burada həm yay, həm də qış turizmi üçün çox əlverişli şərait var. Bundan başqa, mən burada müntəzəm olaraq mədəni layihələr də keçirmək istəyirəm" - deyən Fərid Ahverdiyev tək azərbaycanlıların deyil, avstriyalıların da Azərbaycan musiqisini, klassik musiqisini bəyəndiyini bildirib.
Üçulduzlu otel dağ xizəyi həvəskarları üçün əlverişli şəraiti olan yerdədir. Burada həm də yay turizmi üçün şərait var.
"Mən Rusiya vətəndaşı olsam da azərbaycanlıyam. Azərbaycan Dövlət Universitetində (indiki BDU-red.) təhsil almışam. Bir dəfə burada konsert təşkil edilmişdi. Orada Fikrət Əmirovun, Qara Qarayevin əsərləri səsələndirilirdi. Fərhad Bədəlbəyli də həmin konsertdə iştirak edirdi. Tədbirdən sonra o, mənə dedi ki, avstriyalılar bu musiqini hiss edir və bəyənirlər. Buna görə "Hotel Rupertihaus" otelində mən həm də müxtəlif konsertlər, mədəni tədbirlər keçirmək niyyətindəyəm. Bunun üçün Azərbaycan filarmoniyası, konservatoriya ilə danışıqlar aparırıq" - deyə azərbaycanlı iş adamı əlavə edib.
30 otaqlı oteldə rahatlıq üçün bütün şərait yaradılıb.
1204 dəfə oxundu