"Suriyada 1000-ə yaxın azərbaycanlı vuruşur"

"Suriyada 1000-ə yaxın azərbaycanlı vuruşur"


İraqın Mosul şəhərindəki dini liderlərdən biri İslam Dövləti yaraqlılarının 2015-ci il büdcəsinin 2 milyard dollar olduğunu ortaya çıxarıb. Bunu Londonda mənzillənən al-Arabiya al Jadeed saytı yazır. Amma bu yaraqlı qrupun büdcəsi haqqında daha böyük rəqəmlər də səslənir. Onların maliyyə qaynaqları haqqında da cürbəcür məlumatlar var. Bu qrupu müxtəlif ərəb ölkələrinin maliyyələşdirdikləri, onların zəbt etdikləri ərazilərdən qanunsuz neft satışı, adam oğurluğu kimi yollarla pul qazandığı haqqında xəbərlər var.

Məsələn, BMT-də Al-Qaeda-ya qarşı sanksiyaların monitorinqini aparan ekspert, Yotsna Lalji 2014-cü ildəki açıqlamasında deyib ki, İslam Dövləti yaraqlı qrupu təkcə adam oğurluğundan ilə 35-45 milyon dollar qazanıb.
İslam Dövləti Suriya və İraqın bir hissəsini nəzarət altına alan və bütün dünyada terrorçu qrup kimi tanınan Sələfi baxışlı silahlı qrupun adıdır. Stanford Universitetinin araşdırmasına görə, qruplaşmanın yaranma kökləri 2000-ci illərə gedib çıxır. Həmin dövrdə Abu Musab al-Zarqawi adlı şəxs ekstremist döyüşçülər hazırlamağa başlayıb. Zarqawi-nin döyüşçüləri Amerikanın İraqdakı hərbi əməliyyatları dövründə "Jama’at al-Tawhid wa’al-Jihad", yəni "Töhvid və Cihad" adı altında fəaliyyət göstərən qrupun aparıcı üzvlərindən olublar. Daha sonra İraqda Al Qaeda-ya sədaqət andı içiblər.

Araşdırmada deyilir ki, qruplaşma 2013-cü ildə adını dəyişərək özünü "İraq Şam İslam Dövləti" adlandırmağa başlayıb. Daha sonra özünü İslam Dövləti adı ilə təqdim etməyə başlayıb.

QƏDDAR EDAM ÜSULLARI

Bu silahlı qrup 2013-2014-cü illərdə Suriya və İraqın ərazilərinin bir qismini ələ keçirib. Qədim şəhərlərə hücum edib, tarixi abidələri dağıdıb. Qrup həm də ən qəddar cəza növləri ilə beynəlxalq medianın gündəmində qalmağa çalışır. Onlar gah əsirləri yandıraraq, gah da azyaşlıları adam öldürməyə məcbur edərək videoya çəkib sosial şəbəkələrdə yayırlar. Qrupun sıralarında müxtəlif ölkələrdən, o cümlədən Azərbaycandan radikal islamçı qruplar var. İnternetdə Suriyada vuruşan azərbaycanlılarla bağlı bir çox videolar yer alsa da, son 2 ildə Suriyada vuruşan azərbaycanlılar məsələsi Azərbaycanın özündə bir neçə dəfə medianın gündəminə gəlib. Hazırda bu qrupun tərkibində vuruşmaq ittihamı ilə bir qrup azərbaycanlı məhkəmə qarşısına çıxarılıb. Günahları sübut olunsa, onlar uzunmüddətli azadlıqdan məhrumetmə cəzası ala bilərlər.

"SURİYADA MİNƏ YAXIN AZƏRBAYCANLI VURUŞUR"

Suriyaya vuruşmağa gedən azərbaycanlıların sayına gəldikdə isə, yerli mediada indiyə qədər müxtəlif rəqəmlər deyilir. Rəqəmlər 60-la 270 arasında dəyişir. Şərq-Qərb Araşdırmaları mərkəzinin rəhbəri Ərəstun Oruclusa bu rəqəmin 600-ü keçdiyini bildirir:

“Bu rəqəm 600-lə 1000 arasında dəyişir. Bu, Azərbaycan üçün ciddi rəqəmdir. Dünya ölkələrində müsəlmanların sayı bir milyard yarımdır. Azərbaycan əhalisi bunun 0.69 faizini təşkil edir. Suriya və İraqdakı muzdlu döyüşçülərin arasında isə azərbaycanlıların sayı 1.5 faizdən çoxdur. Bu, Azərbaycan üçün ciddi təhdiddir. Belə insanların ölkəyə dönməsi təhlükəlidir. Terrorçu şəbəkələrlə əlaqəsi olacaq, silah-sursata çıxışı olacaq. Həmin şəraitdə olan insanlar Azərbaycan cəmiyyətini də bu günkü durumda qəbul etmək fikrində deyillər.” Kremlin Şimali Qafqaz Federal Dairəsindəki nümayəndəsi Sergei Melikov iddia edir ki, Şimali Qafqazdan olan 1500-dən çox şəxs Suriya və İraqda İslam Dövləti yaraqlıları sıralarında vuruşur.

2014-cü ilin payızından İslam Dövləti qruplaşmasına qarşı beynəlxalq koalasiya yaradılıb və ABŞ hava qüvvələri onlara zərbələr endirir. Prezident Barack Obama bazar ertəsi bu qrupa qarşı hərbi əməliyyatları yeniləməyi təklif edib. O Iraqda, Suriyada və Şimali Afrikadakı yeni regionlarda yaraqlıların mövqelərinə 5000-dən çox hava zərbələri endirildiyini vurğulayıb.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1270 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...