“Gələcəkdə Azərbaycan dünyanın ən mühüm, qlobal idman tədbirlərinə ev sahibliyi edə bilər”
Bu gün I Avropa Oyunları Əməliyyat Komitəsində “Bakı-2015” ilə bağlı xarici KİV jurnalistlərin müraciəti əsasında “dəyirmi masa” keçirilib.
APA-nın “AzərTAc”a istinadən verdiyi məlumata görə, “dəyirmi masa”da Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, gənclər və idman naziri, “Bakı-2015” Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov xarici jurnalistləri maraqlandıran bir sıra sualları cavablandırıblar.
Xarici KİV-lərin nümayəndələrini ölkəmizdə salamlayan Ə. Həsənov bunları deyib: “Siz hər biriniz Azərbaycana müəyyən missiya ilə gəlmisiniz. Missiyanızın təməlində Bakıda gördüklərinizi, eşitdiklərinizi, müşahidə etdiklərinizi, Avropa Oyunlarının ən maraqlı məqamlarını təmsil etdiyiniz ölkənin, dünyanın ictimaiyyətinə çatdırmaqdır. Bu müddətdə siz qarşınıza qoyulmuş tapşırıqları yerinə yetirməklə bərabər, Azərbaycanı özünüz üçün kəşf etdiniz. Ümid edirəm ki, öz ölkənizə qəlbinizdə Azərbaycan sevgisi ilə qayıdacaqsınız. Əminəm ki, siz təmsil etdiyiniz ölkələrin xalqları ilə Azərbaycan xalqını birləşdirə, bir-birinə bağlaya biləcək müsbət amilləri də ətraflı işıqlandıracaqsınız”.
Azərbaycanda kifayət qədər müasir idman infrastrukturunun yaradıldığını deyən prezidentin köməkçisi bildirib ki, bu idman infrastrukturları Azərbaycana, Bakıya dünyanın ən mühüm idman tədbirlərinin, o cümlədən Olimpiya Oyunlarının ölkəmizdə keçirilməsinə imkan yaradır: “Ona görə də bu məsələdə Azərbaycanın iddiası heç də digər böyük dövlətlərin iddiasından az deyil. Dövlətin gücü, qüdrəti heç də onun ərazisi və ya əhalisinin sayı ilə ölçülmür. Dövlətin gücü onun iqtisadi-sosial potensialı, milli iradəsi ilə müəyyənləşir. Azərbaycan idman ölkəsidir, tolerantdır. Azərbaycan vətəndaş cəmiyyəti normalarını bərqərar etmiş bir ölkədir. Bütün bunlar gələcəkdə Azərbaycana dünyanın ən mühüm, qlobal idman tədbirlərinə ev sahibliyi etmək imkanı verir”.
Ə. Həsənov bildirib ki, Azərbaycan dövləti tərəfindən düzgün seçilmiş strategiya nəticəsində ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi uğurla yerinə yetirilib. “Azərbaycan ilk neft gəlirlərindən istifadə strategiyasını müəyyən edərkən ölkənin neftdən asılılığının qısa müddətdə azaldılmasının təmin olunması qarşıya əsas vəzifə kimi qoyulub. Daxili iqtisadiyyatı şaxələndirməklə, Azərbaycanın dinamik və davamlı inkişafını təmin etmək yolu seçilib. Bu vəzifəni yerinə yetirmək məqsədilə 2004-cü ildən başlayaraq Azərbaycanın sosial-iqtisadi inkişafı ilə bağlı üç dövlət proqramı qəbul olunub. Birinci proqramın icrasının sonunda artıq məlum oldu ki, Azərbaycanın istehsal etdiyi ümumi daxili məhsulun 65 faizi qeyri-neft sektorunun hesabına formalaşır. Bu, o deməkdir ki, Azərbaycanın büdcə gəlirlərinin də, digər sosial xərclərinin də əsas yükü artıq neft və neft məhsullarının üzərindən götürülüb. Gələcəkdə bu yük daha da azalacaq”,- deyə Ə. Həsənov vurğulayıb.
A. Rəhimov isə ölkəmizə və birinci Avropa Oyunlarına göstərdikləri diqqətə görə xarici kütləvi informasiya vasitələrinin nümayəndələrinə minnətdarlığını bildirib. O qeyd edib ki, Oyunlarla bağlı müxtəlif suallar daxil olur və buna görə də bir sıra tədbirlər keçirilir. Azərbaycan prezidenti İlham Əliyevin və “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın fəaliyyəti sayəsində bu mötəbər idman tədbirinin yüksək səviyyədə keçdiyini diqqətə çatdıran nazir vurğulayıb ki, bunu ölkəmizə gələn nümayəndə heyətləri də dəfələrlə bəyan ediblər. Bu isə onu göstərir ki, ölkəmiz üzərinə düşən işin öhdəsindən layiqincə gəlib.
Birinci Avropa Oyunlarında idmançılarımızın qazandıqları medalların sayının gözləniləndən də artıq olduğunu söyləyən A. Rəhimov medal sayına görə Azərbaycan komandasının ikinci yerdə qərarlaşmasının sevindirici hal olduğunu vurğulayıb. Bu Oyunlar zamanı Azərbaycanda həm də könüllülük məktəbinin yarandığını bildirən nazir deyib ki, on yeddi min könüllünün gördüyü iş Oyunlara dəstək baxımından böyük töhfə olub. Həmçinin Oyunlar zamanı azarkeşlik mədəniyyətimiz nümayiş etdirilib.
Nazir diqqətə çatdırıb ki, Oyunlar üçün inşa edilən arenalar gələcəkdə ölkəmizdə idmanın inkişafına xidmət edəcək. Ümumilikdə, Avropa Oyunları üçün inşa edilən və yenidən qurulan idman obyektləri beynəlxalq idman qurumları tərəfindən bəyənilib, ölkəmizdə bir sıra dünya və Avropa əhəmiyyətli yarışların keçirilməsi ilə bağlı təkliflər irəli sürülüb. A.Rəhimov Bakı ilə yanaşı, Azərbaycanın regionlarında da müasir idman infrastrukturunun yaradıldığını bildirib.
Tədbirdə birinci Avropa Oyunlarının gündəliyinə əlavə edilən idman növləri və jurnalistləri maraqlandıran digər suallara aydınlıq gətirilib.
1313 dəfə oxundu