Taekvondoçu Radik İsayev: "Qızıl medalın bir addımlığındayam..."
"Faktiki olaraq qızıl medalın bir addımlığındayam. Yolun yarısından çoxu keçilib. Finaldakı rəqibim də zəif deyil. Rusiyalı Vladislav Larinlə artıq görüşmüşəm və 2 dəfə məğlub olmuşam. Allahın köməyi ilə çalışacağam ki, əlimdən gələni edim, qızıl medalı qazanım".
Trend xəbər verir ki, bunu bu gün Bakı-2015 birinci Avropa Oyunlarının taekvondo yarışlarında 80 kq-dan yuxarı çəki dərəcəsində finalına vəsiqə qazanmış Azərbaycan təmsilçisi Radik İsayev deyib.
Taekvondoçumuz yarışlarda keçdiyi yola da nəzər salaraq rəqiblərini dəyərləndirib: “Birinci dövrəni buraxdım, çünki rəqibim sağlamlığı ilə bağlı problemi olduğundan çıxış etmədi. İkinci döyüş hollandiyalı ilə çətin keçdi. Sonra növbəti döyüşdə asanlıqla qalib gəldim. Hərçənd, rəqibim zəif deyildi. O, olimpiada iştirakçısı və dünya çempionatının mükafatçısı idi. Allaha şükür olsun ki, indi finaldayam. Bir az fasilə və yenə irəli!”
R.İsayev qeyd edib ki, bugünkü görüşün nəticəsindən asılı olmayaraq, yarışlardan sonra ailəsinin yanına gedib bir müddət istirahət edəcək: “Sonra isə geriyə qayıdıb hazırlıqlara başlayacağam. Qarşıdakı olimpiadaya mütləq düşmək lazımdır”.
1252 dəfə oxundu