Türkiyədə FV rejimi müddətində Avropa İnsan Haqları Konvensiyası qüvvədə olmayacaq
“Fövqəladə vəziyyət rejimindən 40-45 gün ərzində lazımi nəticə əldə etməyi planlaşdırırıq. Küçəyə çıxma qadağası qətiyyən olmayacaq. Gündəlik həyata təsir edəcək hər hansı addım atılmayacaq”.
APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyə baş nazirinin müavini, hökumət sözçüsü Numan Kurtulmuş deyib. O bildirib ki, fövqəladə vəziyyət rejimi zamanı Avropa İnsan Haqları Konvensiyasının Türkiyədə tətbiqi təxirə salınacaq.
N. Kurtulmuş kəşfiyyat qurumunda zəiflik olduğunu etiraf edib: “Kəşfiyyatda həm fərdi, həm də struktur baxımından zəiflik var”.
Baş nazirin müavini qanunvericilikdə dini təmayüllü məktəblərin (“İmam Hatip”) məzunlarının hərbi məktəblərə qəbuluna imkan verən dəyişiklik edə biləcəklərini söyləyib. Bundan başqa, o, Silahlı Qüvvələrin Baş Qərargahının Müdafiə Nazirliyinin tabeliyinə verilməsini də mümkün sayıb.
N. Kurtulmuş ölkə daxilində “Fətullahçı Terror Təşkilatı”na qarşı əməliyyatlarda indiyə qədər 9 min 914 nəfərin həbs olunduğunu açıqlayıb.
782 dəfə oxundu