Masallıda müəllimlərin etirazı: Təhsil şöbəsinin keçmiş müdirinə cinayət işi açıla bilər
Masallı rayon təhsil şöbəsinin müdiri Astan İbişova cinayət işi açıla bilər. Bu barədə Arqument.Az-a Masallı rayonundan bir qrup müəllim məlumat verib. Onların sözlərinə görə, Astan İbişovun rayon Təhsil Şöbəsində yol verdiyi qanunsuzluqlarla bağlı Təhsil Nazirliyinə və hüquq-mühafizə orqanlarına xeyli şikayət edilib.
Müraciətdə qeyd olunur ki, təhsil şöbəsinin müdiri hər məktəb direktorlarından demək olar, hər ay 150 manatdan pul alırmış. Əgər digər yeyinti hallarını nəzərə almasaq, Masallı rayonunda nə az, nə çox - 99 təhsil müəssisəsi var (63-ü orta, 32-si ümumi, 4-ü ibtidai olan 99 ümumtəhsil məktəbinin, 3 məktəbdənkənar təhsil müəssisəsi). Deməli, şöbə müdiri hər ay təkcə bu məktəblərdən 14 850 manat civarında pul toplayır ki, bu da ildə 178 200 manat təşkil edir.
Bildirilir ki, Astan İbişov vəzifədə olduğu müddətdə özünə Bakı şəhər Nərimanov rayonunda "Şərq Bazarı"nın yanında bir neçə ev alıb. Hazırda həmin ərazidə iki evinin olduğunu deyən şikayətçilərin sözlərinə görə, İbişov 2 il bundan öncə də həmin ərazidə 150 min manata mənzil alıbmış. Evləri isə rayon maliyyə idarəsinin müdiri və bacanağı Azər Zeynalovla birlikdə alıblar. Yəni iki bacanaq təkcə, Masallıda deyil, həm də Bakıda qonşuluqda yaşamaq qərarına gəliblər. Məhz bu iki şəxslərin rayondakı fəaliyyəti əhalini ciddi şəkildə narahat edib.
Müəllimlər bildirirlər ki, əməkhaqqısı 550 manat olan Astan İbişov və 640 manat olan Azər Zeynalov 150 min manata necə mənzil alıblar? Yəni Astan İbişov yeyib-içməsə və 35 il təhsil şöbəsinin müdiri işləyərsə, o zaman 150 min manatı yığa bilər. Amma indi bu müzakirə və sualların artıq cavabı bəllidir. Hər məktəblərdən və ümumilikdə təhsil şöbəsindən 20 mindən artıq pul qazanan bir məmur üçün təkcə Bakıda yox, dünyanın istənilən yerində ev almaq problem olmaz.
Onların sözlərinə görə, Astan İbişovun əməlləri barədə Təhsil Nazirliyinə və Baş Prokurorluğa müraciət edilib. Şikayətçilər həmçinin bildiriblər ki, hazırda rayon Təhsil Şöbəsində yoxlamalar aparılır. Belə ki, Astan İbişovun əməlləri rayonda rezonans doğurub. İddia olunur ki, yoxlamalar zamanı üzə çıxan pozuntular təhsil şöbəsinin müdirinə cinayət işinin açılması ilə nəticələnə bilər.
Qeyd edək ki, iyunun əvvəllərində təhsil naziri Masallı Rayon Təhsil Şöbəsinin müdiri Astan İbişovu vəzifəsindən kənarlaşdırıb. Bu barədə aznews.az saytı məlumat yayıb.
O, 5 ildən yuxarıdır ki, bu vəzifəni icra edib. Rayon təhsil şöbəsinin səlahiyyətləri müvəqqəti olaraq şöbədə müavin işləyən Tariyel Əkbərova həvalə edilib. Masalı Rayon Təhsil Şöbəsindən faktı təsdiqləyiblər. Görünür, İbişovun qanunsuz əməlləri onun barəsində cinayət işinin açılmasını relllaşdırıb. Məsələ ilə bağlı Arqument.Az-ın əməkdaşı Astan İbişovla əlaqə saxlayıb, ancaq təhsil şöbəsinin müdiri heç bir açıqlama verməyib.
863 dəfə oxundu