Qardaşı Füzuli Ələkbərovdan danışdı: “Öz işi ilə məşğuldur”
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun Azərbaycanı tərk etməsi ilə bağlı məlumatlar yayılıb. Azərbaycanda nəhəng biznesə malik olan sabiq nazirin ölkəni birdəfəlik tərk etdiyi də bildirilir. Füzuli Əlkəbərov barəsində yayılan məlumatları dəqiqləşdirməyə çalışdıq. İlk olaraq sabiq nazirin özü ilə əlaqə saxlamağa cəhd etsək də bir nəticəsi olmadı. Daha sonra nazirin rəhbərlik etdiyi “İmproteks” şirkətlər qrupu ilə əlaqə saxladıq. Şirkətdən bu məsələ ilə bağlı heç bir açıqlama verə bilməyəcəklərini bildirdilər.
Sabiq nazirin qardaşı, keçmiş icra başçısı Nizami Ələkbərov musavat.com-a açıqlamasında yayılan məlumatların əsassız olduğunu dedi. Onun sözlərinə görə, Füzuli Əlkəbərov hazırda Azərbaycandadır: “Yalan məlumatlar yayırlar ki, Füzuli Əlkəbərov Azərbaycanı tərk edib. Füzuli Əlkəbərov buradadır. Əvvəl nə iş ilə məşğul idisə, indi də öz işi ilə məşğuldur”.
Xatırladaq ki, Füzuli Əlkəbərov 2013-cü ildə preizdent seçkilərindən sonra postunu itirib. Yeni hökumətin təsdiqlənməsi zamanı siyahıda adı olmayan F.Ələkbərov “İsmayıllı hadisələri”nin qurbanı olub.
2013-cü ilin yanvarında Füzuli Ələkbərovun oğlu Vüqar Ələkbərov “Hammer” markalı maşınla “Kəpənək” istirahət mərkəzinə qalxarkən qəza törətmiş, hadisə yerinə toplaşan insanları söymüş, sonra isə ümumi ismayıllılıların ünvanına təhqiramiz ifadələr işlətmişdi. Bundan qəzəblənən sakinlər nazir oğlunu döyüb, avtomobilini, daha sonra Ələkbərovlar klanına məxsus “Çıraq” hotelini və digər bahalı maşınları yandırmışdılar.
Kütləvi etirazlardan sonra Füzuli Ələkbərovun qardaşı Nizami Ələkbərov ismayıllının icra başçısı postunu itirdi. Ardınca isə Füzuli Ələkbərov vəzifəsi ilə vidalaşdı.
Qeyd edək ki, Ələkbərovlar ailəsinə məxsus nəhəng “İmproteks” şirkətlər qrupu 1991-ci ildə Füzuli Ələkbərov tərəfindən yaradılıb. Şirkətə hazırda rəsmi olaraq sabiq nazirin oğlu Vüqar Ələkbərov rəhbərlik edir.
850 dəfə oxundu