"Bu, sadəcə, mövcud vəziyyətdə çaş-baş qalmaq deməkdir” VİDEO
Ermənilər gah nala vurur, gah da mıxa. Bu sözləri “Hesabat” verilişində Mir Şahinin qonağı olan Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov deyib.
Administrasiya nümayəndəsi son günlər cəbhə bölgəsində yaşanan gərginlik fonunda Ermənistan prezidenti Serj Sərkisyanın danışıqlardan imtina etməsi və Qarabağ münaqişəsinin həlli ilə bağlı siyasi arenada baş verənlər haqqında fikirlərini bölüşüb.
“Ermənistan hakimiyyəti nə edəcəkləri barədə bir qərara gələ bilmir. Hazırkı vəziyyətdən çıxış yollarını tapmaqda çətinlik çəkirlər. Ermənilər gah nala vurur, gah da mıxa. Biri bir söz deyir, digəri onun əksinə olan başqa bir söz deyir. Bu, sadəcə, mövcud vəziyyətdə çaş-baş qalmaq deməkdir”, - deyə Novruz Məmmədov bildirib.
Cəbhə bölgəsində baş verən döyüşlərdən sonra dünyanın diqqətinin bir daha Azərbaycanın probleminə yönəldiyini qeyd edən Novruz Məmmədov münaqişənin ədalətli həllini dəstəkləyənlərin sayının daha da artdığını, Rusiya, ABŞ və Fransanın da Azərbaycanın ədalətli mövqeyni dəstəklədiklərini bildirib.
“Azərbaycanın səbri tükənir. Bunu bütün ölkələr görür, nəzərə alır və almalıdırlar”, - deyə Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov vurğulayıb.
Norvruz Məmmədov həmçinin əlavə edib ki, Azərbaycan və Ermənistan təmas xəttində vəziyyətin gərginləşməsi ölkəmizin nüfuzuna təsir etməyib: "Azərbaycana investisiya qoymaq, əməkdaşlıq etmək istəyənlərin sayı artıb, beynəlxalq banklar, fondlar da ölkəmizlə əməkdaşlıq edir, dünya Azərbaycanı risk, təhlükə zonası kimi görmür".
863 dəfə oxundu