“S.A.B.A şirkəti” MMC-nin baş mühasibi azadlıqdan məhrum edildi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən "S.A.B.A şirkəti" MMC-nin baş mühasibi Taleh Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə T.Rəhimov 10 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, "S.A.B.A şirkəti" MMC-nin direktoru Əvəz Səfərli Binəqədi Rayon Prokurorluğuna müraciət edərək şirkətdə 174 min 504 manatlıq maliyyə çatışmazlığı aşkarlandığını bildirib. Müraciət əsasında "S.A.B.A şirkəti" MMC-nin baş mühasibi T.Rəhimov şirkətin 174, 5 min manatını mənimsəməkdə şübhəli bilinərək saxlanılıb.
O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur. Xatırladaq ki, "S.A.B.A. şirkəti" MMC 2000-ci ildən "Millennium" ticarət nişanlı dondurmaların istehsalı və satışını həyata keçirir.
Şirkətin Azərbaycanın bütün regionlarında nümayəndəlikləri var. (trend)
938 dəfə oxundu