Nərimanov rayonunda hesabat toplantısı keçirilib
“Nərimanov rayonunun sosial-iqtisadi inkişafının 2016-cı ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələr”ə həsr olunmuş Nərimanov Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirilib.
13 aprel 2016-cı il tarixdə “Nərimanov rayonunun sosial-iqtisadi inkişafının 2016-cı ilin birinci rübünün yekunları və qarşıda duran vəzifələr”ə həsr olunmuş Nərimanov Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirilib.
Tədbirdən öncə rayon rəhbərliyi və rəsmi qonaqlar İcra Hakimiyyətinin inzibati binasının foyesində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyaraq Ulu Öndərin əziz və parlaq xatirəsini ehtiramla yad ediblər.
Rayonun rəhbərliyi, Milli Məclisin deputatları, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, həmçinin rayon ictimaiyyəti nümayəndələrinin qatıldığı tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev son günlər təmas xəttində erməni qəsbkarlarının təxribatçı hücumunun qarşısının qətiyyətlə alındlığını deyib, yenilməz Azərbaycan Ordusunun cavab tədbirləri zamanı qəhrəman əsgər və zabitlərimizin göstərdiyi şücaətindən söhbət açıb.
Sonra Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Abdin Fərzəliyev cari il aprel ayının 9-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının geniş nitq söyləyərək ölkəmizdə sosial-iqtisadi inkişafın bütün sahələrində əldə olunmuş nailiyyətlərdən ətraflı söz açdığını və qarşıda duran vəzifələri diqqətə çatdıraraq, həmin vəzifələrin həlli ilə bağlı öz dəyərli tapşırıq və göstərişlərini verdiyini bildirib.
Hesabat məruzəsində tədbir iştirakçılarının diqqəti rayonun sosial-iqtisadi inkişafını təmin edən ayrı-ayrı sahələr üzrə müvafiq dövr ərzində görülmüş işlərə, həyata keçirilmiş tədbirlərə və qarşıda duran vəzifələrə yönəldilərək respublikamızda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində Bakı şəhərinin aparıcı rayonlarından olan Nərimanov rayonunun da hərtərəfli inkişafı üçün böyük işlərin görüldüyü və bu işlərin hazırda da uğurla davam etdirildiyi diqqətə çatdırılıb.
Bakı şəhərinin giriş qapısı sayılan Heydər Əliyev prospektinin yenidən qurulması layihəsinə uyğun olaraq istismar müddətini keçmiş və sökülmüş 8 ədəd yaşayış binasının yerində müasir milli memarlıq üslubunda 4 ədəd yaşayış binasında işlərin sona çatdırılılaraq sakinlərin istifadəsinə verilməsinə başlanıldığı, həmçinin H.Əliyev prospekti 64 və K.Rəhimov küçəsi 3A ünvanlarda orijinal layihə əsasında inşa edilmiş yeni yaşayış binalarının istismara tam hazır vəziyyətə gətirilərək sakinlərin istifadəsinə verildiyi bildirilib.
Rayonda qeyri-neft sektorunun və sahibkarlığın inkişaf etdirilməsi, tikinti ilə bağlı mühüm layihələrə investorların cəlb edilməsi, birinci növbədə əhalinin məşğulluq səviyyəsinin qısa vaxt ərzində artırılması üçün tikinti sektorunun inkişaf etdirilməsi ilə bağlı Rayon İcra Hakimiyyətinin təşəbbüs və təklifləri nəzərə alınaraq Nazirlər Kabineti tərəfindən qəbul olunmuş, rayon ərazisində abadlıq quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə uyğun yeni binaların tikilməsi və həmin binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı qərarın icrasının təmin edilməsindən irəli gələn vəzifələrin mərhələli həlli istiqamətində işlərə başlanıldığı, Nərimanov rayonu üzrə 11031 nəfərin yaşadığı 3028 ədəd mənzillərdən ibarət olan 219 yaşayış binasının sökülməsi və yenidən qurulmasının planlaşdırıldığı qeyd edilib.
Eyni zamanda, Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamlarına uyğun olaraq 3 ədəd hündürmərtəbəli və çoxmənzilli yaşayış binalarının lahiyələndirilməsi və inşa edilməsi üçün müvafiq torpaq sahələrinin binaları inşa edəcək şirkətlərin istifadəsinə verilməsi qərara alındığı, sərəncama əsasən yeni yaşayış binalarının inşa ediləcəyi ünvanlar və şirkətlərin artıq müəyyənləşdirildiyi, bu layihələrin iş adamları tərəfindən həyata keçirilməsi nəticəsində orada yaşayan sakinlərin, əvvəlki mənzillərinin sahəsindən 20-30% artıq olmaqla tam təmirli mənzillərlə təmin olunacağı, tikintinin aparıldığı müddətdə isə şirkətlər tərəfindən sakinlərə kirayə haqqı ödəniləcəyi vurğulanaraq, hazırda digər ünvanlarda da həmin işlərin davam etdirilməsi məqsədilə tikinti şirkətləri ilə gündəlik görüşlərin keçirildiyi əlavə olunub.
Rayonda yeni müəssisələrin yaradılması, mövcud müəssisələrin fəaliyyətinin bərpa edilməsi nəticəsində 730 daimi iş yerinin yaradıldığı, əhalinin məşğulluğunun təmin edilməsi barədə verilmiş tapşırığa uyğun olaraq abadlıq və yaşıllaşdırma işlərinə 250 nəfərin cəlb edildiyi və binaların təmiri ilə bağlı 240 nəfərlik iş yerinin yaradıldığı xatırlanaraq, yeni iş yerlərinin yaradılması ilə bağlı müəssisələr tərəfindən həyata keçirilən tədbirlərin Rayon İcra Hakimiyyəti tərəfindən mütəmadi olaraq dəstəkləndiyi, bu sahədə onlara müvafiq köməklik göstərildiyi deyilib.
Rayon əhalisinin və rayon ərazisində fəaliyyət göstərən sahibkarları və iş adamlarını narahat edən problemlərin aradan qaldırılması və operativ qaydada həll olunması məqsədilə Rayon İcra Hakimiyyətinin nəzdində 16-43 nömrəli “Qaynar xətt” xidmətinin fəaliyyət göstərdiyi, həmçinin Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər tərəfindən özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı yerli icra hakimiyyəti orqanlarının sərəncamından, əmrindən, hərəkət və hərəkətsizliyindən verilmiş şikayətlərə baxan kollegial orqan olan 9 nəfərdən ibarət Apelliyasiya Şurasının yaradıldığı vurğulanıb.
Eyni zamanda, ötən dövr ərzində rayon rəhbərliyi tərəfindən 488 nəfər vətəndaşın iştirak ilə keçirilmiş 6 səyyar görüş və qəbullar zamanı edilən 62 müraciətdən 59-nun öz müsbət həllini tapdığı, 3-nün isə nəzarətə götürüldüyü nəzərə çatdırılıb.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Adil Əliyev, Bakı Şəhər Uşaq Bərpa Müalicə Mərkəzinin baş həkimi Cəmilə Talıbova, iş adamı, Caspian Audit Company Şirkətinin direktoru Əlibala Məhərrəmzadə və digərləri rayonda geniş vüsət alan abadlıq-quruculuq işləri barədə öz fikirlərini bildirərək, rayon sakinlərinin problemlərinin həlli istiqamətində görülən işlərdən məmnunluq ifadə ediblər. Onlar dövlətimizin başçısının rəhbərliyi altında ölkə həyatının bütün sahələrində əldə edilmiş nailiyyətləri diqqətə çatdırıb və Nərimanov rayonunda hesabat dövründə görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliklərini bildiriblər.
Hesabat iclasının yekununda A.Fərzəliyev Nərimanov rayonunun sosial–iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması, onlara göstərilən kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi və s. istiqamətdə ilk rüb ərzində görülən işlərin gələcəkdə də uğurla davam etdiriləcəyini vurğulayıb.
974 dəfə oxundu