YAP-dan himnlə bağlı Araz Əlizadəyə CAVAB
Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov həmkarı Araz Əlizadənin Azərbaycan himnini mərsiyə adlandırmasına münasibət bildirib.
Siyavuş Novruzov Teleqraf.com-a açıqlamasında deyib ki, dövlət atributları ilə əlaqədar qərar qəbul olunub, onlara toxunmaq olmaz. Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunun parlament rəhbərliyinin bu cür halların təkrarlanmaması üçün məsələni parlamentdə qaldırması tələbinə gəlincə, YAP rəsmisi söyləyib ki, hamının öz fikri var, hər bir deputat hansısa məsələyə fərqli münasibət bildirə bilər: “Hər kəs bir cür düşünür, bu da Araz Əlizadənin fikridir, o, öz fikrini söyləyib, mən də hesab edirəm ki, dövlət atributlarının heç birinə toxunmaq olmaz”.
Bu yaxınlarda Araz Əlizadə bildirib ki, Azərbaycan himninin nə musiqisi, nə də sözləri dövlət atributuna yaraşır: “Dahi Üzeyir Hacıbəyov himnimizi mərsiyə kimi yazıb. Azərbaycan Demokratik Respublikasının baniləri tələm-tələsik musiqiyə sözlər uyğunlaşdırıblar. Bizim himnə qulaq asanda adam əlinə dəsmal alıb ağlamaq istəyir”. KXCP sədri Mirmahmud Mirəlioğlu isə məsələyə parlament səviyyəsində qiymət verilməli olduğunu dilə gətirib: “Himnin dəyişdirilməsi daha öncə də qaldırılıb. Hər kəs cavabını alıb yerində oturub. Amma parlament üzvü olan şəxsin belə fikirlər səsləndirməsi başqa presedent yaradır. Siyasətçilər və jurnalistlərdən başqa parlament rəhbərliyi də məsələyə müdaxilə etməlidir ki, bu cür şeylər bir daha təkrarlanmasın. Dövlətin atributlarına hörmət etmək vətəndaşların borcu, dövlət məmurlarının isə birbaşa vəzifəsidir. Himn o zaman dəyişdirilə bilər ki, bu məsələ ümumxalq müzakirəsində olsun”.
920 dəfə oxundu