“Türkiyə ilə Rusiya arasında müharibə artıq başlayıb...” - Rusiya kəşfiyyatçısı
Türkiyə ilə Rusiya arasında müharibə artıq gedir-siyasi, iqtisadi və maliyyə sahələrində. Birbaşa hərbi toqquşmalara gəldikdə o da var: Rusiya Suriyanın şimalında Türkiyənin dəstəklədiyi müxalif qüvvələri vurur, Türkiyə isə cavab olaraq rusiyameylli və iranmeylli qüvvələrə artilleriya zərbələri endirir.
Bu fikirləri keçmiş sovet hərbi kəşfiyyatçısı, QRU-nun istefada olan polkovniki, politoloq Andrey Devyatov virtualaz.org və haqqin.az saytlarının əməkdaşı ilə söhbətində deyib.
“Mən başa düşmürəm ki, bizim hər şeyi öz adı ilə çağırmağımız üçün daha nə baş verməlidir? Bu, hərb dövrünün bütün aspektlərinin tətbiqi ilə aparılan əsl hibrid müharibədir”,-Devyatov əlavə edib.
Sovet kəşfiyyatçısının fikrincə, Türkiyə və Rusiya orduları Suriya hərbi əməliyyatlar teatrında qarşılaşmayacaq. Çünki bu mümkün deyil, Rusiya ordusunun Suriyada etibarlı arxa cəbhə təchizatı yoxdur, ora çoxsaylı qüvvələr yeritmək üçün imkanlar məhduddur. Türkiyənin isə belə imkanları var. “Bununla belə, hesab edirəm ki, Türkiyə vəziyyəti daha da mürəkkəbləşdirməyəcək. Hər halda Suriyada çox mürəkkəb vəziyyət yaranıb və hər saat da mürəkkəbləşir”-keçmiş QRU zabiti deyib.
Devyatova görə indi Türkiyə də Rusiyadan az inadkar deyil. Rusiya təyyarəsini vurub, heç üzr istəmək fikri də yoxdur. “Həm biz, həm onlar silah oynatmaqla məşğuluq. Rusiyada nüvə silahı var, ancaq ötən əsrin 60-cı illərində nüvə silahı SSRİ ilə Çin arasında toqquşmaları əngəlləyə bilmədi”-Devyatov bildirib.
915 dəfə oxundu