Polis Tehran küçələrindəki narkoman qadınları yığır
Tehranın cənubunda Herəndi adlanan məhəllədən “bədnam narkoman" qadınların məhəllələrdən toplanaraq sağlamlıqlarının bərpası üçün Narkoloji Mərkəzə göndərilməsi layihəsinə start verilib. Bunu İranın Tehran şəhər bələdiyyə sədrinin ictimai məsələlər üzrə müavini Meysəm Emrudi deyib. Bu barədə Trend İranın İRNA agentliyinə istinadən məlumat verir.
M.Emrudi bildirib ki, bu layihə Tehran əyalət başçısı və prokurorluğun göstərişi əsasında həyata keçirilir: “Narkoman qadınlar evli, subay və yaşlarına görə müxtəlif qruplara bölünəcək və narkoloji mərkəzlərə göndəriləcəklər”. M.Emrudi deyib ki, Şəfəq narkoloji mərkəzində 400 nəfərin saxlanılması və müalicəsi üçün şərait var: “Layihə mərkəzdə yerlər dolana kimi davam etdiriləcək. Onların müalicəsi aparılacaq və sonra qadınlar bələdiyyəyə məxsus yataqxanalarda yerləşdiriləcəklər. Qadınlar 6-9 ay ərzində orqanizmlərinin narkotikdən təmizlənməsi və güclənməsi üçün nəzarətdə saxlanılacaqlar”.
O deyib ki, narkoman qadınların müalicəsi ilə üçün psixoloq, psixiatr və sosial xidmət işçilərindən ibarət mütəxəssislər məşğul olacaqlar. Qeyd edək ki, Tehranın əyalət başçısı Hüseyn Haşimi bir ay öncə bildirmişdi ki,"bədnam nakoman" qadınların küçələrdən toplanması layihəsini polis, bələdiyyə, Tehranın tibb universiteti və İranın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (Behzisti təşkilatı) tərəfindən birgə həyata keçiriləcək. Qeyd edək ki, “bədnam narkoman” qadınlar İranda parklarda və küçələrdə üzərində yatan narkoman xanımlara deyirlər. Bir müddət öncə Tehranın Herəndi məhəlləsinin sakinləri etiraz aksiyası keçirərək narkomanların məhəllədə insanların gündəlik yaşayışına problemlər yaratmasından şikayətlənmişdilər.
Tehran Polisinin komandiri Hüseyn Sacidiniya bir müddət əvvəl İRNA agentliyinə deyib ki, dörd il öncə Tehran parklarında yatan narkoman qadınların sayı 100 nəfərə, ümumi narkoman qadınların sayı isə 5000 nəfərə çatmışdı. İndi 4 ildən sonra Tehran parklarında yatan narkoman qadınların sayı 1500 nəfərə çatıb və 15 mindən çox narkoman kişi var.
Xatırladaq ki, İranın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (Behzisti təşkilatı) məlumatına görə, ölkədə narkotik maddələrdən istifadə edən qadınların sayı 4 faizdən 10 faizə qədər artıb. Ölkədə 1 milyon 300 min nəfər narkotik maddə istifadəçisi var“. Ölkədə narkotik maddələrin, xüsusilə də daha təhlükəli narkotik vasitələrin istifadəsi artıb. İranın şərq sərhədlərində, xüsusilə Əfqanıstanın işğalından sonra narkotik istehsalı iki-üç dəfə artıb.
Qeyd edək ki, hazırda İran həbsxanalarında saxlanılan şəxslərin 50 faizi narkotik maddələrin istifadəsi və qaçaqmalçılığında ittiham olunaraq saxlanılır. Bu rəqəm İranın bəzi əyalətlərində 65 faiz təşkil edir.
1069 dəfə oxundu