FİFA prezidentliyinə 5 nəfərin namizədliyi təsdiqləndi
Beynəlxalq Futbol Federasiyasının (FİFA) seçki komissiyası təşkilatın prezidentliyinə 5 nəfərin namizədliyini təsdiqləyib.
Modern.az-ın federasiyanın saytına istinadən verdiyi xəbərə görə, bunlar Avropa Futbol Assosiasiyasının (UEFA) baş katibi Canni İnfantino, FİFA-nın vitse-prezidenti, İordaniya şahzadəsi Əli bin əl-Hüseyn, Cənubi Afrika Respublikasının keçmiş tikinti naziri və Nelson Mandelanın silahdaşı Tokio Seksvale, FİFA-nın keçmiş baş katibinin keçmiş müavini, fransalı Jerom Şampan və Asiya Futbol Konfederasiyasının prezidenti şeyx Salman bin Ubrahim əl-Həlifədir.
Liberiya Futbol Assosiasiyasının rəhbəri Musa Biliti namizədliyini irəli sürsə də, seçkilərə buraxılmayıb. FİFA-dan bunun səbəbinin açıqlanmayacağı bildirilib. UEFA prezidenti Mişel Platini də seçkilərdə iştirakla bağlı ərizə ilə müraciət etmişdi. Ancaq FİFA-nın etika üzrə komitəsi oktyabrın əvvəlində onu, korrupsiya işi üzrə araşdırma aparıldığına görə futbol fəaliyyətindən 90 gün uzaqlaşdırıb. Bu müddət daha 45 gün də uzadıla bilər. Xatırladaq ki, FİFA-ya prezident seçkiləri 2016-cı il fevralın 26-da keçiriləcək.
1138 dəfə oxundu