İŞİD-in Rusiya təyyarəsi ilə bağlı yazışmaları ələ keçdi
İŞİD-in oktyabrın 31-də Sinay yarımadasında (Şarm Əl-Şeyx-Sankt Peterburq reysi) qəzaya uğrayan Rusiya təyyarəsi ilə bağlı yazışmaları ABŞ və Britaniya xüsusi xidmət orqanlarının əlinə keçib. Azadli.info bildirir ki, bu barədə «The Times» qəzeti məlumat yayıb. Məlumata görə, İŞİD-in Misir qanadına aid elektron yazışmalarda A321 təyyarəsinin göyərtəsində bomba olduğu bildirilir. Qəzetin ehtimalına görə, bombanı göyərtəyə sərnişinlərdən biri və ya Misir aeroportunun hansısa əməkdaşı keçirib.
Artıq Britaniya hökuməti Misirdən olan sərnişinlərin yükləri ilə bağlı yoxlamaları gücləndirib. Şarm Əl-Şeyxdən olan sərnişinlərin isə özləri ilə göyərtəyə yük götürməsinə qadağa qoyulub. Bu sərnişinlərin yükləri ayrıca təyyarə ilə göndəriləcək. Qeyd edək ki, Britaniya hökuməti və ABŞ prezidenti Barak Obama Rusiya təyyarəsində bombanın olduğunu istisna etmir. Rəsmi Qahirə və Moskva isə bu versiyanı qəbul etmir. Misir hökuməti bunu terrorçuların təbliğatı, Rusiya ilə spekulyasiya adlandırır.
1040 dəfə oxundu