Miqrasiya böhranı Avropa Birliyini dağıdır
Sloveniyanın baş naziri deyir ki, Avropa Birliyinin həmrəyliyi olmasa ölkə sərhədlərini bağlamaq məcburiyyətində qalacaqlar. Avropa Birliyinin Brüsseldə keçirilən növbədənkənar zirvə görüşündə birlik ərazisinə Balkanlardan keçməklə gələn qaçqınlarla bağlı xüsusi plan qəbul edilib. “Miqrasiya böhranı ilə mübarizə” adı verilən planın qəbul edilməsində yalnız Balkan marşrutuna aid olan ölkələrin liderləri iştirak edib.
Yaxın Şərqdəki savaş nəticəsində minlərlə qaçqın Türkiyədən keçməklə Bolqarıstana, oradan Macarıstan və Sloveniyaya, daha sonra isə Mərkəzi Avropa ölkələrinə axın edir.
Brüsseldə keçirilən zirvə görüşündə qəbul edilən sənəddə bildirilir ki, qaçqın məsələsi bir ölkənin imkanları daxilində çözülə bilməz. Problemə Avropa Birliyi ölkələrinin həmrəyliyə, məsuliyyətə, qaçqınların ilk gəldiyi bölgələrin regional və yerli hakimiyyətlərinə dəstəyə söykənən kollektiv yanaşması ilə çözüm tapıla bilər.
Sənəddə qaçqınlara müvəqqəti sığınacaq, qida, su, verilməsi, tibbi yardım göstərilməsi və sanitar şəraitin yaxşılaşdırılması üçün imkanların genişləndirilməsinə ehtiyac olduğu vurğulanır.
Plana görə, Yunanısatan bu ilin sonuna qədər 30 min qaçqının yerləşdirilməsini üzərinə götürüb. Bundan başqa, Afinaya BMT xətti ilə ilin sonuna qədər daha 20 min qaçqın ailəsini yerləşdirmək üçün subsidiyalar ayrılacaq. Sənəddə BMT –nin digər Balkan ölkələrinə də qaçqınların yerləşdirilməsi məsələsində gərəkli dəstəyi gösətərəcyi bildirlir.
Avropa Birliyi eyni zamanda qaçqın axınının qarşısını almaq üçün sərhədlərə nəzarəti də gücləndirməyi qərara alıb. AB liderləri rəsmi Ankara ilə qaçqınların ilk məskunlaşma məntəqəsi olan Türkiyə ərazilərində qalması məsələsini də müzakirəyə hazırlaşır.
Avropa Birliyi ölkələrinə gələn qaçqınların qeydiyyata alınması məsələsi plan üzrə Frontex Qaçqınlarla İş üzrə Avropa Agentliyinə tapşırılıb. Yaxın günlərdə agentlik Yunanıstandakı qaşqınların qeydiyyatına başlayacaq. Avropa Birliyi miqrant axınını nəzarətdə saxlamaq üçün Sloveniyaya 400 polis göndərilməsini də qərar alıb.
AB liderləri Avropa İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa Birliyi İnkişaf Bankı rəhbərliyi ilə miqrasiya böhranının aradan qaldırılması üçün maliyyə ayrılması məsələsinin müzakirəsinə də hazırlaşır. Plana görə, qaçqınları qəbul edən Balkan ölkələrinə dəstək üçün danışıqlar yaxın 1 həftədə başlamalıdır.
Sloveniyada isə hesab edirlər ki, qaçqın axını Avropa Birliyini tamamilə parçalayacaq və sonda birlik tamamilə dağılacaq. Bu fikri Sloveniyanın baş naziri Miro Serar oktyabrın 25-də Sloveniyanın ictimai tetelekanalı ilə çıxışında deyib.
Onun fikrincə, ən yaxın günlərdə qaçqın axınının qarşısı alınmasa, Avropa Birliyinin çöküşü başlayacaq: “Ümid edirəm ki, Brüsseldəki mini-zirvədə qəbul edilən plan böhranın təcili aradan qaldırılması üçün ciddi addımlarla müşayiət olunacaq. Əgər, Avropa Birliyi ölkələri qaçqınların ilk gəldiyi ölkələrə dəstək göstərməsələr müstəqil qaydada sərhədlərin bağlanmasına qərar verilə bilər. Mən Sloveniyanın təhlükəsizliyinin qorunması üçün bütün addımları atmaq məcburiyyətindəyəm. Əgər biz Avropa Birliyi daxilində miqrasiya böhranı ilə bağlı ortaq dil tapmasaq, birliyin yaşaması mümkün olmayacaq”.
Sloveniyada məskunlaşan qaçqınların sayı 40 minə yaxındır. Sloveniya Nazirlər Kabineti qaçqınların saxlanmasına hər gün 800 min avro xərcləndiyini bildirir.
1251 dəfə oxundu