ABŞ-da tövbə etməyən gənci döyüb öldürdülər
Amerikada iki gənc “Həyat sözü” kilsəsində döyülüb
Oxu.az lenta.ru-ya istinadən xəbər verir ki, onları zorla tövbə etməyə məcbur ediblər. Hadisə bazar günü axşam saatlarında Nyu-York ştatının Nyu Hartford şəhərində baş verib. 19 yaşlı Lukas Leonard və onun 17 yaşlı qardaşı Kristofer zorakılığa məruz qalıb. “Günahlarını etiraf edərək üzr istəyəcəkləri ümidi ilə onlara bir neçə saat ərzində əziyyət verilib”, - Nyu Hartford şəhərinin polis nümayəndəsi Maykl İnserra bildirib.
Oğlanlar qarın, cinsi orqan, bel və böyürlərindən yaralar alıblar. Onların döyülməsində dörd nəfər kilsə üzvündən başqa, oğlanların valideynləri Bryus və Debora Leonard, eləcə də onların böyük bacısı Sara Ferqüsson da iştirak edib. Polislər araşdırmaya bazar ertəsi böyük qardaşın xəstəxanaya gətirilməsi ilə başlayıblar. Gənc adam aldığı yaralar nəticəsində dünyasını dəyişib. Valideynlər kiçik oğullarının yerini bildirməyiblər. Onu döyülmüş halda kilsənin ikinci mərtəbəsində tapan polislər həkimə aparıblar.
Gənclərin valideynləri qətl törətməkdə, digər dörd nəfər və oğlanların bacısı fiziki zorakılıq göstərməkdə ittiham edilərək həbs ediliblər. “Biz ehtimal edirik ki, onlar öz oğullarını öldürmək istəməyiblər. Onlar oğullarına ciddi xəsarətlər yetirməyə cəhd ediblər”, - dairənin prokuroru Skott Maknamara bəyan edib. Şübhəli bilinənlər özlərini təqsirkar hesab etməyiblər. Onların yeddi uşağı, o cümlədən Sara Ferqüssonun dörd uşağı qəyyumluq təşkilatına həvalə edilib.
1094 dəfə oxundu