"Bu, çox utancverici bir gediş oldu" - Etibar Məmmədov

Bu sualı ünvanladığımız Milli İstiqlal Partiyasının fəxri sədri Etibar Məmmədov Moderator.az-a açıqlamasında aşağıdakı fikirləri ifadə edib:
"Bu, çox utancverici bir gediş oldu. Öncə məsuliyyət Ərdoğan üçün belə çıxışı hazırlayan məmurların üzərinə düşür. Ancaq təbii ki, o özü də həmin düşüncədə olmasaydı, deyilən fikirləri söyləməzdi. Təəssüf ki, Türkiyənin hakim partiyası olan AKP içərisində məzhəbçilik düşüncəsi üstünlük təşkil edir. Həmin məzhəbçi düşüncə də vaxtilə Osmanlı-Səfəvi münasibətlərində ön planda olub. Yəni Osmanlının ekspansiya siyasətini əsaslandırmaq üçün həmin dövlətin rəhbərləri məhz bu düşüncəyə istiqamətləniblər. Və təsadüfi deyil ki, osmanlıların səfəvilərə qarşı apardığı müharibə yalnız türkün türkə qarşı savaşı yox, müsəlmanın müsəlmana qarşı savaşıydı. Bunu da əsaslandırmaq üçün hətta Osmanlı şeyxülislamlarından fətvalar alıblar. Yəni Səfəvi dövlətinin əhalisini qeyri-müsəlman, onların canlarını, mallarını da halal elan ediblər. Üstəlik, səfəviləri tarixləri boyu müsəlmanlarla vuruşmaqda suçlayıblar. Halbuki osmanlıların özü məmlüklərə qarşı müharibə aparıb - onlar da müsəlman idi, Anadolu ərazisindəki karamanoğullarına qarşı savaşıb - onlar da müsəlman idi... Bir sözlə, müsəlman dünyasında həmişə müharibələr olub. Həmişə də müsəlman dövlətləri bir-birləri ilə ərazi və resurslar üçün savaşıblar. Səlcuqlar, Ağqoyunlu, Qaraqoyunlu, Qaramanlı, Osmanlı kimi imperiyalar yaranıb, vaxtilə Səfəvi Anadolunun yarısına hakim olub və s. və i.a. Ancaq belə savaşları dini baxımdan əsaslandırmaq cəhdi yalnız Osmanlı tərəfindən edilib. Və təəssüf ki, son dövrlərədək Türkiyənin orta məktəblərində tarix dərsliklərində bu ideya, bu fikir üstünlük təşkil edib. Nəhayət, 1990-cı illərdə uşaq və gənclərə bu cür düşüncələrin aşılanması xeyli azalsa da, çox təəssüf ki, Ərdoğan bu tendensiyanın yenidən dirildib. Bu da çox təhlükəli bir gedişdir...
Türkiyə prezidentinin bəhs edilən çıxışı belə yozulur ki, guya bu çıxışda onun türklər, kürdlər və ərəblər arasında sülh yaratmaq siyasəti dayanır. Odur ki, həmin çıxışında “Çaldırandakı qələbə türklər, kürdlər və ərəblərin birgə qələbəsi idi” kimi fikirlər səsləndirir. Sual olunur ki, bəs səfəvilər kim idi? Səfəvi qoşunları xalis türklərdən ibarət idi. Orada nə kürd, nə də ərəb yox idi... Eləcə də 1071-ci ildəki Malazgird döyüşündə səlcuqların guya kürdlər və ərəblərlə birgə Bizansa qalib gəlməsi haqda deyilənlər də yalandır. Orada Səlcuq dövləti tərəfdən təmiz türklər vuruşub. Özü də Azərbaycan türklərinin də babaları məhz elə həmin Səlcuq türkləri olub və onların varisi də bizik – Azərbaycan türkləri...
Xülasə, öncə dediyim kimi, ümumiyyətlə, Türkiyə lideri tərəfindən məsələnin bu şəkildə qoyulması çox təhlükəli və utandırıcıdır. Odur ki, Türkiyə iqtidarındakı bu neqativ tendensiyaların qarşısı təcili alınmalıdır. Amma sevindirici haldır ki, yalnız Azərbaycanda deyil, Türkiyənin elmi və siyasi dairələrində də Ərdoğanın bu çıxışına ciddi etiraz dolu reaksiyalar var. Hesab edirəm ki, bu tendensiyanın qarşısını almaq üçün məsələni daha da qızışdırmamaq mövqeyindən çıxış etmək lazımdır. Və çox təəssüf edirəm ki, 1990-cı illərdən bəri Türkiyə hökumətləri arasında bu günədək çox düzgün mövqe tutan və Qarabağın azad edilməsi üçün də Azərbaycana ən çox dəstək verən Ərdoğan birdən-birə mövqeyində bu cür yanlışlıqlara yol verib. Bütün hallarda qarşılıqlı ittihamların qarşısını almaq üçün rəhbərlikdə olan insanlar düşünməlidirlər ki, bu cür yanlış çıxışları durdurmaq gərəkdir. Çünki bir tərəf deyəcək, o biri tərəf cavab verəcək, bu cür gedişat günlərlə davam edəcək və belə bir gedişlə bu qalmaqal böyüyə və xoşagəlməz nəticələrə gətirib çıxara bilər.... Arzu edək ki, bu məsələ tezliklə qapansın..."
48 dəfə oxundu