Hadisə kimi açıqlama: türk müğənnilər Azərbaycanda vergi ödəmir?

Hadisə kimi açıqlama:
İqtisadçı ekspert: “Ebru Gündeş 250 000 manat qazanıbsa, 25 000 manat, Hadisə 328 min manat qazanıbsa, 32 min 800 manat vergi ödəməlidir”

Türkiyəli müğənni Hadisəyə qarşı cinayət işi açıla bilər.

Bu barədə Valyuta.az-a vəkil Əkrəm Həsənov Hadisənin Bakı konsertindən əldə etdiyi gəlirin hüquqi tərəflərini izah edərkən deyib. O bildirib ki, qanunvericiliyə əsasən, Hadisə Azərbaycanda keçirdiyi konsertdən əldə etdiyi gəlirdən ən azı 10 faiz vergi ödəməlidir: “Bundan əlavə, vaxtında ödənilməyən verginin üstünə faiz gəlir. Buna görə müğənni ən azı 50% həcmində cərimə oluna bilər. Üstəlik, vergisini də ödəməlidir. Əgər vergisini ödəməsə, onu cinayət məsuliyyəti gözləyə bilər”.

Əkrəm Həsənov bundan əlavə müğənnini bir neçə illik azadlıqdan məhrumetmə cəzası gözləyə biləcəyini vurğulayıb.

Qeyd edək ki, türk müğənnisi Hadisə Bakıda keçirdiyi konsertindən 5 milyon lirə (328000 manat) qazanıb.

Tez-tez əcnəbi, xüsusən də türkiyəli müğənnilər Azərbaycana gələrək toy şənlikləri və yaxud özəl tədbirlərdə iştirak edirlər. Ölkəmizdə kifayət qədər yaxşı qazanc əldə edən əcnəbi müğənnilərin bu qazancdan dövlətimizə vergi ödəyib-ödəmədiyi hər zaman sual olaraq qalır. Bir müddət bundan əvvəl Şəmkirdə sünnət toyunda iştirakına görə 250 min manat qonorar alan Ebru Gündeşin də vergi ödəyib-ödəmədiyi xeyli müddət müzakirə mövzusu oldu. Onu da əlavə edək ki, türkiyəli müğənnilər öz ölkəsində vergiləri lazımi qaydada ödəyirlər. Belə ki, Türkiyədə ən güclü müğənni daha çox vergi ödəyəndir. O da cəmiyyət içərisində bununla fəxr edir. Müğənni yaşadığı lüks həyat qarşılığında vergi ödəmirsə, istifadə etdiyi mülk əlindən alınır. Bəs türk müğənnilər Azərbaycanda vergi ödəyirmi?

Mövzu ilə bağlı Dövlət Vergi Xidmətinin mövqeyini öyrənməyə çalışdıq. Qurumdan bildirildi ki, qanuna əsasən, əcnəbi müğənniləri Azərbaycana dəvət edən təşkilatçılar və ya şəxslər özləri vergi ödənişi edirlər. O ki qaldı Azərbaycanda 328 000 manat qonorar əldə edən Hadisənin vergi ödəyib-ödəmədiyinə, qurumdan bildirildi ki, tezliklə bu barədə açıqlama veriləcək.

İqtisadçı-ekspert Xalid Kərimli bildirdi ki, əcnəbi sənətçini Azərbaycana dəvət edən şəxs mütləq şəkildə onun vergisini ödəməlidir. Əgər sənətçini dəvət edən, ona qonorar ödəyən şəxs və yaxud təşkilatçı bundan imtina edirsə, burada qazanan tərəf, yəni müğənninin özü vergi ödənişini etməlidir. Bu hal Vergilər Məcəlləsinin 125-ci maddəsində də göstərilir. Qeyd olunur ki, gəlirin 10 faizi vergiyə cəlb edilməlidir.

Xalid Kərimli qeyd edib ki, əgər gələn müğənni vergi ödəmirsə və vergi bəyannaməsini etmirsə, məbləğ böyük olduğu üçün həmin şəxs barəsində qanuna uyğun olaraq axtarış verilə, hətta cinayət işi də başlana bilər: “Yəni bu məsələ Azərbaycan Respublikasının Vergi Məcəlləsində öz əksini tapıb, bununla bağlı heç bir qaranlıq məqam yoxdur. Həm Ebru Gündeş, həm də Hadisə Azərbaycanın qeyri-rezident şəxsləridir. Yəni vergi dövrünün 180 günündən az surətdə Azərbaycanda fəaliyyət göstərirlər və digər ölkədə yaşayırlar. Qeyri-rezidentlər Azərbaycanda gəlir qazandıqda Vergilər Məcəlləsinin 125-ci maddəsinə əsasən, qazancının 10 faizi qədər vergi ödənilməlidir. Məsələn, əgər Ebru Gündeş 250 000 manat qazanıbsa, 25 000 manat, Hadisə 328 min manat qazanıbsa, 32 min 800 manat ödəməlidir. Vergini isə pulu ödəyən şəxs verməlidir. Əgər hansısa səbəbdən pul ödəyən şəxs vergini ödəyə bilməzsə, bu zaman məsuliyyət birbaşa müğənninin boynuna düşür. Müğənni də vergini ödəmədiyi təqdirdə, barəsində qanuna uyğun olaraq axtarış verilə, hətta cinayət işi də başlana bilər”.

Bəs Azərbaycanda ən çox qonorar alan türk müğənnilər kimlərdir?

Araşdırmalardan məlum olur ki, Azərbaycan toylarına ən baha qiymətə gələn məşhur türkiyəli müğənni Tarkandır. Meqastarın ölkəmizdə toy mərasimindən çıxışı üçün 1 milyon manat tələb olunur. Hələ bu il yanvarın əvvəlində Tarkanın Bakı toylarının birində iştirak edəcəyi və bunun üçün 1 milyon pul tələb olunduğu haqda mətbuatda məlumatlar yayılmışdı.

Bu məsələdə ikinci sırada müğənni Ajda Pekan gəlir. Superstarı toya dəvət etmək istəyən azərbaycanlı ən azı 200 min manatından keçməlidir. Hələ pandemiya dövründə, daha dəqiq desək, 2021-ci ilin iyununda müğənniyə Azərbaycanda məkanların birində səhnəyə çıxması üçün 1 milyon 46 min lirə (204 min 597 AZN) məbləğində təklif olmuşdu, lakin müğənni pandemiya səbəbindən bu təklifi rədd etmişdi.

Məşhur türkiyəli müğənni Murad Boz da Azərbaycana toya gələn sənətçilər sırasındadır. Bu ilin yanvar ayında Bakıda toyda iştirak edən müğənninin azərbaycanlı iş adamından 400 min dollar ( təxminən 700 min AZN) pul alması haqda Türkiyə mətbuatında məlumatlar yayılmışdı.

Mustafa Ceceli də tez-tez Azərbaycan toylarında görünür. İddialara görə, müğənninin ölkəmizdəki toyda çıxışı üçün təxminən 100 min manatdan çox qonorar tələb olunur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1164 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...