Dövlət şirkətlərinin özəlləşdirilməsi: mənfi və müsbət tendensiyalar

Dövlət şirkətlərinin özəlləşdirilməsi:


Özəlləşdirmə dövlət müəssisələrinin satışı və sağlamlaşdırılmasını əhatə edən iqtisadi siyasətdir. Müəssisələrin özəlləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar, onun səmərəli təşkili məsələləri diqqət mərkəzindədir.

Azərbaycan Prezidenti İlham Əliyevin ötən həftə keçirilən müşavirədə özəlləşdirmə ilə bağlı məsələlərə diqqət çəkməsini və bu sahədə islahatlarla bağlı göstərişlərini xatırlatmaq yerinə düşər.

“Özəlləşdirmə sahəsində daha geniş islahatlar aparılmalıdır. Həm özəl, həm də xarici şirkətləri maraqlandırmalıyıq. Biz xarici və yerli investorlara biznes-plan verməliyik - bu sahə var, bu müəssisə var, gəl bunu özəlləşdir”, - deyə Prezident çıxışında qeyd edib.

“APA-Economics” ölkədə özəlləşdirmənin səmərəli təşkili, əhəmiyyəti, dünya təcrübəsi ilə bağlı iqtisadçıların fikirlərini öyrənib.

Dövlət əmlakının özəlləşdirilməsində diferensial yanaşmaya ehtiyac var

İqtisadçı Natiq Cəfərli hesab edir ki, dövlət əmlakının özəlləşdirilməsinə “ağ-qara” yanaşmaq doğru deyil. “Ya özəlləşdirilsin, ya da dövlətin əlində qalsın” kimi kəskin yanaşmadansa, diferensial yanaşmaya ehtiyac var: “Elə sahələr var ki, birdəfəlik özəlləşdirilməldir, elə sahələr mövcuddur ki, uzunmüddətli icarəyə verilə bilər – biznesə, xarici və daxili investorlara, elə sahələr var ki, hələ uzun müddət dövlətin nəzarətində qalmalıdır. Bunlar dövlətin strateji təhlükəsizliyi ilə bağlı məsələlərdir. Məsələn, elektrik enerjisinin istehsalı dövlətin əlində olmalıdır və belə də qalmalıdır. Amma elektrik paylayıcı şirkətlər istər Bakıda, istərsə də rayonlarda özəl sektora dövr edilə bilər. Bu, dövlət büdcəsinin üzərinə düşən yükü də xeyli azaltmış olar. Yaxud qaz hasilatı dövlətin əlində, nəzarətində qalmalıdır. Amma qazın paylanılması xarici, yaxud yerli özəl şirkətlərə uzunmüddətli icarə müqavilələri ilə verilə bilər”.

Özəlləşmə ilə həm büdcənin yükü azalacaq, həm də istehlakçılara xidmət səviyyəsi artacaq

N. Cəfərlinin sözlərinə görə, burada tək məsələ büdcəyə düşən yükün azaldılması və yaxud idarəetmənin optimallaşdırılması deyil.

“Ən vacib məsələlərdən biri odur ki, özəl şirkətlər vətəndaşlara kommunal xidmətlər göstərərkən, qarşılıqlı müqavilə əsasında öhdəliklər də yaranır. İndi inhisarçıların vətəndaşlara xidmətlə bağlı tipik müqavilələri var. Bu müqavilələrdə demək olar ki, bütün məsuliyyət və bütün fors-major hallar vətəndaşın üzərində qalır. Özəl şirkətlər olsaydı, vətəndaş onları məhkəməyə verər, kompensasiya ala bilərdi. Yəni xəbərdarlıqsız qazı, işığı, suyu kəsilirsə, onunla bağlı özəl şirkətlə vətəndaş arasında sivil münasibətlər yarana bilər. Bu nöqteyi-nəzərdən belə kateqorik yanaşmaqdansa, istehsalı dövlətin əlində saxlamaq, paylayıcını isə ya uzunmüddətli icarə müqavilələri ilə - 25-49 illik və ya da birdəfəlik özəlləşdirmə ilə xarici və yerli investorlara həvalə etmək olar. Mənə elə gəlir ki, bu ciddi effekt verəcək və Azərbaycan iqtisadiyyatında yeni liberal iqtisadi modelə keçid üçün zəmin yaradacaq”, - deyə N. Cəfərli bildirib.

Özəlləşdirmə ilə bağlı bizə ən uyğunu Gürcüstan təcrübəsidir

Ekspert onu da qeyd edib ki, gələcəkdə hədəf kimi Avropa ölkələrinin təcrübəsini qoymaq olar, lakin hazırda ən uyğun variant Gürcüstan təcrübəsidir. Gürcüstandakı neqativ hallar da nəzərə alınmaqla, buna uyğun daha uğurlu model tətbiq etmək olar.
“Ölkələrin müxtəlif təcrübəsi var. Əgər tamamilə postsovet məkanını götürsək, Baltikyanı ölkələrdə tamam fərqlidir. Onlar Avropa İttifaqının üzvüdür deyə, İttifaqın meyarları ilə yanaşır. Orada işıqpaylayıcı onlarla şirkət mövcuddur. Onlar dövlətdən elektrik enerjisini alır, paylamanı həyata keçirirlər. Amma özəl elektrik stansiyaları da var. Hansı investor istəsə, günəş enerjisindən və ya alternativ enerji mənbələrindən istifadə edərək stansiya qurub, özəl yatırımçı kimi bunu sata da bilər. Bu, ən liberal yanaşmadır. Azərbaycanda gələcəkdə hədəf kimi bunu qoymaq olar, lakin indidən bu modelə keçmək, məncə, mümkünsüzdür. Rusiyanın özündə də müxtəlif xidmət sahələrində özəl şirkətlərin payı kifayət qədər yüksəkdir. Məsələn, qazistehsalı tamamilə dövlətin əlindədir, lakin paylayıcı özəl şirkətlər var. Paylama dövlət və özəl sektorun birgə layihələri ilə həyata keçirilir. Bizə ən uyğun gələni Gürcüstan təcrübəsidir. Bizim SOCAR-ın da təcrübəsi var. Çünki SOCAR özü Gürcüstanda həm də qazpaylayıcı şirkətdir. Tək qaz satmırıq. Bundan kifayət qədər də uğurlu istifadə edib, gəlir qazana bilib. Gürcüstanda dövlətin əlində olan resursları bilirik (istehsal dövlətin əlindədir, lakin paylayıcılar özəl şirkətlərdir, burada xarici və yerli şirkətlər iştirak edir - red.). Bu təcrübəni öyrənib, baş verən bəzi neqativ halları da nəzərə alaraq bunun Azərbaycanda daha yaxşı modelini tətbiq etməklə problemin həllində və ölkə iqtisadiyyatının yeni mərhələyə keçidində önəmli addım atıla bilər”, - iqtisadçı ekspert deyib.

İlk mərhələdə kommunal xidmətlər göstərən qurumların özəl sektora idarəetməyə verilməsi təklif olunur

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov bildirib ki, hansı dövlət müəssisələrinin özəlləşdirilməyə cəlb edilib-edilməyəcəyi hələlik bəlli deyil: “İndiki halda özəlləşmə prosesi davam edir. Kütləvi özəlləşdirmədən sonra artıq əvvəlki dövrlərdə səhmlərinin bir hissəsi satılmış müəssisələrin də özəlləşdirilməsi həyata keçirilir. İri müəssisələr, əsasən, investisiya müsabiqələri yolu ilə özəlləşdirilir. Nəzərə alaq ki, indi əsasən iri dövlət müəssisələrinin liberallaşdırılması ilə bağlı məsələlər müzakirə olunur. Hələlik həmin iri dövlət müəssəsilərinin qismən və ya tam özəlləşdirilməsi məsələləri müzakirə olunmur. Baxmayaraq ki, bununla bağlı açıqlamalar var, eyni zamanda özəlləşdirilmənin genişləndirilməsi ilə bağlı göstəriş var. Amma hansı dövlət müəssisələrinin özəlləşdirilməyə cəlb edilib-edilməyəcəyi hələlik bəlli deyil. Bütün hallarda bizim təklif ondan ibarətdir ki, birinci mərhələdə kommunal xidmətlərin göstərilməsi ilə məşğul olan qurumların mərhələli şəkildə özəl sektora idarəetməyə verilməsi məqsədəuyğun olardı. Nəzərə alsaq ki, ötən müşavirədə də qeyd olunduğu kimi, həmin qurumlarda itkilər kifayət qədər çoxdur, onların xidmətinin keyfiyyəti yüksək deyil, ona görə də inkişaf etmiş ölkələrdə, o cümlədən Qərbi Avropa ölkələrində olduğu kimi, həmin qurumların özəl sektora idarəetməyə verilməsi məqsədəuyğun olardı. Özəl sektorun, özəl kapitalın cəlb edilməsi vacibdir”.

Müəssisənin sağlamlaşdırılması və ya birbaşa özəlləşdirilməyə çıxarılması

V. Bayramov bildirib ki, sağlamlaşdırma da özəlləşdirmə təklifinin bir elementi ola bilər. Buna uyğun şirkətə güzəştlər təklif oluna bilər: “Müəssisənin sağlamlaşdırılıb və ya birbaşa özəlləşdirilməyə çıxarılması şərtlərdən asılıdır. Çünki bəzi hallarda, xüsusən də uzunmüddətli dövr üçün müqavilə təklif olunursa, o zaman şirkətin sağlamlaşdırma ilə bağlı təklifləri varsa, birbaşa özəlləşdirmə daha məqsədəuyğun ola bilər. Çünki Mərkəzi Şərqi Avropa ölkələrində özəlləşdirməyə çıxan dövlət müəssisələrini alan şirkətlər onun sağlamlaşdırılmasını həyata keçirir. Bu sağlamlaşdırmanı həyata keçirməsi fonunda şirkətlərə müəyyən güzəştlər təklif olunur. Məsələn, müəyyən müddət vergilərdən azad olunur, nisbətən aşağı vergilər tətbiq olunur və s. Tam olaraq sağlamlaşdırma xərcləri çıxıldıqdan sonra yenidən digər şirkətlər kimi tam vergi ödəyirlər. Və ya digər formada, məsələn, bir sıra Asiya ölkələrində subsidiyalaşmadan istifadə olunur. İdarəetməyə verilən şirkətə subsidiyanın və ya aşağı faizli kreditlərin verilməsi fonunda maliyyə dəstəyi həyata keçirir. Bu, əslində, daha məqsədəuyğundur. Çünki hər hansı müəssisə özəlləşdirilməyə çıxarılıbsa, o zaman paket olaraq sağlamlaşdırma da özəlləşdirmə təklifinin bir elementi ola bilər. Buna uyğun olaraq şirkətə güzəştlər təklif olunması mümkündür. Özəlləşdirmə dövlət proqramı çərçivəsində həyata keçirilir. Bəlkə proqramın yenidən qiymətləndirilməsi aparıla bilər. Amma düşünürəm ki, qanunvericilik hər hansı sərhəd yaratmır. Qanunvericilik idarəetməyə verilmə, özəlləşdirmə və güzəşt paketinin təklif olunmasına imkan yaradır”.

Özəlləşdirmədə məqsəd büdcə gəlirlərinin artırılması deyil

V. Bayramov qeyd edib ki, hələlik hansı müəssisənin özəlləşdiriləcəyi və idarəetməyə çıxarılacağı bəlli olmadığına görə, büdcəyə nə qədər vəsaitin daxil olmasının hesablanması mümkün deyil: “Amma düşünürəm ki, bu tip özəlləşdirmədə, xüsusilə də Mərkəzi Şərqi Avropa ölkələrinin təcrübəsi göstərir ki, əsas məqsəd müəssisələrin səmərəli işləməsinə nail olmaqdır. Yəni özəlləşdirmədə məqsəd heç də büdcə gəlirlərini artırmaq deyil, həmin müəssisələrin səmərəli işləməsinə nail olmaq və bütövlükdə növbəti illərdə həmin müəssisələrdən büdcəyə daha çox ödənişlərin edilməsi və daha stabil ödənişlərə nail olması baxımından vacib hesab olunur. Azərbaycan Prezidenti iqtisadiyyatın liberallaşdırılması ilə bağlı göstərişlər verdi. Özəlləşdirmə də liberallaşmanın bir elementi olduğu üçün gələcəkdə bu istiqamətdə hökumət tərəfindən daha çox diqqətin ayrılması məqsədəuğyun olardı”.

Xatırladaq ki, Azərbaycanda koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı ötən həftə videoformatda keçirilən müşavirədə çıxışı zamanı Prezident İlham Əliyev özəlləşdirmə sahəsində daha geniş islahatların aparılmalı olduğunu bildirib: “Özəlləşdirmə sahəsində daha geniş islahatlar aparılmalıdır. Həm özəl, həm də xarici şirkətləri biz maraqlandırmalıyıq. Çünki bəzi hallarda şirkətlər müraciət edir və onların müraciətlərinə baxılmır, bəzi hallarda uzadılır. Layihələrin bəziləri icra edilir, bəziləri isə yox. Biz özümüz maraqlı olmalıyıq. Biz xarici və yerli investorlara biznes-plan verməliyik - bu sahə var, bu müəssisə var, gəl bunu özəlləşdir. Əgər strateji investor oraya böyük vəsait qoyacaqsa, bunu simvolik qiymətə özəlləşdirmək olar. Əgər, o, zəmanət verirsə ki, buraya böyük vəsait qoyacaq. Ancaq bu yolla biz bu müəssisələri işə sala bilərik”.

Dövlət başçısı onu da bildirib ki, Bakı şəhərində sovet vaxtından qalan nə qədər dağılmış müəssisə var. Onların böyük əraziləri var: “O ərazilərdə həm yeni sənaye müəssisələri yaradıla bilər, – əlbəttə ki, ekoloji standartları tam gözləmək şərti ilə, – eyni zamanda, şəhərsalma ilə əlaqədar burada böyük layihələr icra oluna bilər. Çünki pandemiya dövründə tənəzzülə uğrayan tikinti sektoru özündə böyük potensial cəmləşdirib. Həm iş yerlərinin açılmasına, həm tikinti materialları sənayesinə, həm də bir neçə sahəyə bunun müsbət təsiri olar. İndi şəhərin içində bizim o qədər yarıdağılmış, çürümüş sənaye müəssisələrimiz var. O investorları cəlb etmək lazımdır. Qoy, gedib öz puluna ərazini abadlaşdırsın, ictimai zonalar yaratsın və binalar tikilsin. Çünki buna ehtiyac var və bu, biznesi canlandıracaq”.

Xatırladaq ki, ayrı-ayrı ölkələrdə özəlləşdirmə strategiyası və metodları bir birindən əsaslı olaraq fərqlənir. Bu, öz növbəsində, inkişaf səviyyəsinin tələbləri və məqsədlərdən asılıdır.

Prosesin özü qədər onun səmərəli təşkili də olduqca önəmlidir. Belə ki, özəlləşdirmə prosesi nəticəsində büdcə yükünün azaldılması, sağlamlaşdırma ilə müəssisələrin daha effektiv fəaliyyətinin təmin edilməsi, məşğulluğun artması, daha sivil münasibətlər fonunda istehlakçılara göstərilən xidmətin keyfiyyətinin artması kimi müsbət amillərlə yanaşı, dövlətin nəzarətindən artıq özəl sektora keçən xidmət sektorunda qiymət artımının mümkünlüyü kimi detalları da nəzərdən qaçırmaq olmaz.

Həmçinin, qərb dövlətlərinin özəlləşdirmə təcrübəsi onu da sübut edib ki, müəssisələrin fəaliyyətinin iqtisadi effektivliyi mülkiyyət hüquqlarından çox, rəqabətdən asılıdır. Odur ki, əlverişli investisiya və rəqabət mühiti özəlləşdirmədən sonrakı dövrdə də inkişafı dəstəkləyən amillər kimi qalacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
576 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...