MSK-dan namizədlərə ciddi XƏBƏRDARLIQ

MSK-dan namizədlərə ciddi


Azərbaycanda Milli Məclisə keçiriləcək seçilərlə əlaqədar deputatlığa namizədlər seçkiqabağı təşviqat kampaniyalarını davam etdirirlər. Ancaq, bəzi namizədlər qanunvericiliyin tələblərinə əməl etməyərək təbliğat plakatlarını fərdi sahibkarların obyektlərinə vururlar. Bunu şəhərin müxtəlif ərazilərinə apardığımız müşahidələr sübut edir.

Mərkəzi Seçki Komissiyasının Katibliyinin Media və İctimai Əlaqələr şöbəsinin rəhbəri Şahin Əsədli AzVision.az açıqlamasında deyib ki, seçkiqabağı təşviqat materialları dövlətin müvafiq reyestrinə daxil edilmiş tarix və ya mədəniyyət abidələri sayılan binalarda, qurğularda və otaqlarda, habelə seçki komissiyalarının otaqlarında yerləşdirilə bilməz.

Ş. Əsədli qeyd edib ki, seçkiqabağı təşviqatın aparılması üçün bütün məntəqələri əhatə edən 6000-dən artıq lövhə quraşdırılıb: “Bütün namizədlər həmin yerlərdən istifadə edə bilərlər. Seçkiqabağı təşviqatın aparılması üçün ayrılan yerlər bütün seçicilərin məlumat alması üçün əlçatan və əlverişlidir.

Fərdi sahibkarlara məxsus obyektlərdə seçkilərlə bağlı yalnız Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanmış plakatlar yerləşdirilə bilər. Namizədlər üçün isə konkret olaraq seçkiqabağı təşviqat materiallarının yerləşdirilməsi üçün yerlər nəzərdə tutulub, lövhələr hazırlanıb. Eyni zamanda namizədlərin seçiciləri ilə görüşməsi üçün ölkə üzrə 256 məkan ayrılıb ki, onlardan 128-i qapalı, qalanları isə açıqdır. Bu yerlərdə namizədlər heç bir ödəniş etmədən seçiciləri ilə görüşlər keçirə bilər. Bu yerlərdə görüşlər keçirmək istəyən namizədlər sadəcə müvafiq Dairə Seçki Komissiyalarını məlumatlandırmalıdır ki, digər namizədlərin görüşü ilə üst-üstə düşməsin”, – MSK sözçüsü əlavə edib.

Onun sözlərinə görə, deputatlığa namizədlər seçkiqabağı təşviqat kampaniyasını apararkən qanunvericiliyin tələblərinə əməl etməli, qanunazidd əməllərdən çəkinməlidir: “Seçkiqabağı təşviqat subyektləri seçkiqabağı təşviqat apararkən təşviqat materiallarında və çıxışlarda hakimiyyətin zorla ələ keçirilməsinə, Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və dövlətin ərazi bütövlüyünün pozulmasına çağırışlar, vətəndaşların şərəf və ləyaqətini təhqir edən mülahizələr olmamalıdır.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq, seçkiqabağı təşviqat aparılarkən kütləvi informasiya vasitələrindən sosial, irqi, milli, dini nifrət və düşmənçilik yaradan təşviqat formasında sui-istifadə qadağandır.
Seçkiqabağı təşviqat qaydalarının pozulması, ona əməl edilməməsi hüquqi məsuliyyət yaradır və bu məsələ namizədin qeydiyyatının ləğvinə qədər gedib çıxa bilər. Ona görə də seçkiqabağı təşviqat qaydalarına əməl olunmalıdır”- deyə Ş. Əsədli vurğulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
891 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...