Sülh prosesinə dinamikanı hansı vasitəçi dövlət gətirəcək? - TƏHLİL

Sülh prosesinə dinamikanı hansı vasitəçi dövlət gətirəcək? -


Bu il Qarabağ danışıqları ətrafında bəzi hərəkətliliyə rəğmən, bütövlükdə prosesdə durğunluq davam edir. Xəbər verdiyimiz kimi, bu arada ABŞ tərəfinin Azərbaycan və Ermənistan rəhbərlərinin Vaşinqtonda görüşünü təşkil edə biləcəyi barədə xəbərlər yayılıb. Bir sıra nikbin təhlilçilərə görə, belə bir təşəbbüs nizamlama prosesinə özünəməxsus dinamika gətirə bilər.

Lakin bunun əksini düşünənlər də var. Sonuncuların qənaətincə, söhbət hazırda Rusiya ilə ABŞ arasında problemin həlli uğrunda rəqabətdən daha çox, ona nəzarət uğrunda mübarizədən getdiyindən, Vaşinqton görüşündən də ciddi nəticə gözləməyə dəyməz. Başqa sözlə, işğalçı Ermənistana real təzyiqlər olmayınca, problemin nizamlanmasında irəliləyişdən danışmaq mümkün olmayacaq...

*****

“ABŞ Cənubi Qafqaza diqqəti artırır. Birləşmiş Ştatlar ilk növbədə Ermənistanın Rusiya ilə əlaqələrini zəiflətmək, habelə Nikol Paşinyanın Qarabağ münaqişəsinin həll prosesində qeyri-konstruktiv siyasətinin qarşısını almaq niyyətindədir”. Bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Vaşinqton Ermənistanın baş nazirinə etimad etmir: “Buna görə də ABŞ inqilabdan əvvəl Paşinyana vəd etdiyi pulu vermədi. Digər yandan, ABŞ rəhbərliyi Azərbaycan prezidenti və Ermənistan baş nazirinin Vaşinqtonda görüşünü təşkil etmək istəyir. Hesab edirəm ki, Donald Trampın xüsusi işlər üzrə köməkçisinin (Con Bolton - red.) İrəvana səfəri təsadüfi deyildi. Qənaətimə görə, o, Nikol Paşinyana danışıqların yeni formatda keçiriləcəyi mesajını verib. Çünki ABŞ Ermənistan rəhbərliyinin Qarabağ münaqişəsi üzrə danışıqlarda Moskva ilə koordinasiyalı işbirliyindən razı deyil”.

Ekspert onu da qeyd edib ki, ABŞ problem həll edilmədən Moskvanın regiondakı təsirlərinin zəifləməyəcəyini bilir.

*****

“Dağlıq Qarabağ münaqişəsinin dinc həlli üçün pozitiv impulslar var və ABŞ Konqresi bu tendensiyanın saxlanmasında mühüm rol oynaya bilər”.

“Yeni Müsavat”ın məlumatına görə, bu barədə “Caspian Group Holdings”in baş direktoru, Azərbaycan əsilli amerikalı professor Rob Sübhaninin “The Washington Times”də dərc olunmuş məqaləsində deyilir.

Müəllif yazır ki, Konqres üzvləri 30 illik konfliktə son qoymağa və strateji mühüm bir bölgədə Amerika maraqlarını irəli apara bilərlər. Onun fikrincə, iki münaqişə tərəfi arasında atəşkəs haqda anlaşma olsa da, konfliktin təzədən qızışması imkanı qalır.

“Xoşbəxtlikdən az öncəki hadisələr sülh anlaşması üçün pozitiv perspektiv yaradıb. Konqres bu impulsun qalmasını həvəsləndirmək üçün qətnamə hazırlaya bilərdi. Azərbaycan və erməni kokusları ilə (Konqresdə partiya təşkilati strukturlar - red.) əməkdaşlıq şəraitində hazırlanan adi bir qətnamə təkcə Azərbaycan və Ermənistan rəhbərliklərinə güclü siqnal olmayacaq, eyni zamanda, hər iki tərəfin xalqlarına mesaj olacaq ki, ABŞ bütünlüklə konfliktin ədalətli həllinə tərəfdardır” - məqalədə qeyd olunur.

*****

Təbii ki, sülh, yoxsa hərb dilemmasının necə həll olunacağı müstəsna olaraq, işğalçı Ermənistanın özünü necə aparmasından, daimi və ədalətli sülhdə nə dərəcədə maraqlı olmasından asılı olacaq. Ermənistan baş naziri Nikol Paşinyan isə ötən həftəsonu rus jurnalistlərlə görüşündə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə danışıq prosesini gücləndirməyi zəruri saymadığını bildirib. Bununla da bir daha rəsmi İrəvanın real nəticələrə gətirəcək sülh danışıqlarında maraqlı olmadığını, status-kvonu uzatmağa çalışdığını ortaya qoyub.

“Biz bu prosesi gücləndirməyəcəyik, amma tormozlamayacağıq da. Çünki münaqişə var və mən düşünmürəm ki, onu unutmaq məqsədəuyğundur”, - Paşinyan vurğulayıb. Bununla belə, Ermənistan hökumətinin başçısı qeyd edib ki, Dağlıq Qarabağda münaqişənin nizama salınması üzrə danışıqlar üçün ilkin şərtlər qoymağa hazırlaşmır. Paşinyanın fikrincə, Qarabağ məsələsini həll etmək olar, amma bunun üçün Dağlıq Qarabağı danışıqlar prosesinə qaytarmaq lazımdır.

Bundan başqa, erməni baş naziri vurğulayıb ki, Moskva regionda mümkün yeni eskalasiyaya yol verməmək üçün lazımi təsir vasitələrinə malikdir: “Əminəm ki, Dağlıq Qarabağ regionunda eskalasiyanın qarşısını almaq üçün Rusiyanın bütün təsir imkanları var və inanmıram ki, lazım olduğunda Rusiya onlardan istifadə etməsin”.

Beləcə, Paşinyan da öz sələfləri kimi, məhz Rusiyaya güvənərək, Rusiyanın arxasında gizlənərək, işğal rejiminin davamlılığına ümid etdiyini gizlətməyib. Demək, gec-tez müharibə qaçılmaz olacaq. Ona görə ki, uzunmüddətli atəşkəs sülh sazişinə gətirmirsə, deməli, müharibə riski böyükdür. Hər halda atəşkəs rejimi ermənilərin arzularına uyğun şəkildə sonadək sürməyəcək.

Müharibə isə yetişəndə soruşmur və onu Rusiya istəsə də, əngəlləyə bilməyəcək. Hər şey heç də kağız üzərində cızıldığı kimi olmur. Ərazisinin 20%-i on illərdir işğal altında olan müharibə haqqını isə Azərbaycana beynəlxalq hüquq, BMT Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağa dair 4 məlum qətnaməsi, digər mötəbər beynəlxalq təşkilatların qərar və sənədləri verir.

Yeri gəlmişkən, keçən həftəsonu Finlandiyanın paytaxtı Helsinki şəhərində Avropa Şurası (AŞ) Nazirlər Komitəsinin 129-cı sessiyası keçirilib və qurum üzv dövlətlərindəki münaqişələri diqqətdən kənar qoymayıb. Belə ki, sessiyanın nəticəsi olaraq qəbul edilmiş siyasi bəyanatda Avropa qitəsinin bəzi hissələrinin məruz qaldığı qarşıdurma və davam edən münaqişələrə görə narahatlıq ifadə edilib və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, barışıq və siyasi həll üçün birgə səylərin göstərilməli olduğu açıqlanıb. Daha önəmlisi isə, üzv dövlətlərin hüquq və öhdəlikləri barədə müvafiq qərarda Avropa Şurası Nazirlər Komitəsi beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədlər çərçivəsində bütün üzv dövlətlərin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə dəstəyini təsdiq edib.

Bu isə Azərbaycan üçün müharibə haqqının növbəti təsbiti deməkdir...



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
581 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...