“Hansısa hərbçi yaxınına video göndərirsə, o, bunu yaymasın”

“Hansısa hərbçi yaxınına video göndərirsə, o, bunu yaymasın”
Son günlər sosial şəbəkələrdə döyüş zonasından və azad edilən yeni kəndlərdən videomateriallar yayılır. Artıq peşəkar zabitlərin bu videolarda ötürülən məlumat əsasında vurulduğu, şəhid olduğu məlumatları da gəlir.

Ehtiyatda olan polkovnik Şair Ramaldanov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu videoları yayan vətəndaşlar əslində düşmən ordusuna kömək etmiş olur: “Ümumiyyətlə, cəbhə zonasından aralı olan yerlərdə hərbi hissələrin ərazilərində smartfonların istifadəsi qəti qadağandır. Bununla əlaqədar çox ciddi tələblər var idi. Çünki o smartfon tipli telefonlar hər cür texniki vasitələrlə izlənə bilir və o telefondan bütün məlumatlar götürülə bilir.

O ki qaldı cəbhə bölgəsinə, hər gün bütün telekanallarda, saytlarda və sosial mediada təbliğat aparılır ki, cəbhə bölgəsindən rəsmi olmayan məlumat, şəhid olanlar, zabitlər haqda məlumat yaymaq olmaz. İndi düşmən bizim bütün sosial şəbəkələri, bütün yazılanları izləyir. Bunun üçün mərkəzlər qurulub, o mərkəzlərdə müasir avadanlıqlar quraşdırılıb. Bunun da əsas məqsədi ondan ibarətdir ki, Azərbaycan sosial şəbəkə seqmentindən məlumatlar toplasın. Bu, çayın içində qumu ələyib içindən qızılı çıxaranlarla müqayisə etmək olar. Bu saat Ermənistan bizim paylaşdığımız məlumatları bu formada ələyir və mülki əhalinin gözünə görünməyən, bizim üçün təhlükəli ola biləcək məlumatı oradan götürürlər. Hər kəs bilməlidir ki, Azərbaycan Ordusu və cəbhə zonası ilə bağlı rəsmi olmayan video və məlumatları kim yayırsa, bununla düşmənə kömək etmiş olur. Bunu yalnız mən deməli deyiləm, sosial şəbəkə istifadəçiləri bir-birinə deməlidirlər ki, bunu etmək olmaz. Mən ümumiyyətlə, başa düşmürəm ki, bu qədər qadağalar olan yerdə, insanlar rəsmi olmayan məlumatları niyə yayırlar. Çünki düşmən artıq məlumatın çox hissəsini sosial şəbəkələrdən götürür və bilir ki, artıq filan komandir yaralıdır və sıradan çıxıb, filan zabit şəhid olub, bunlar hamısı məxfi məlumatlardır. Digər məsələlər də var. Bizim bölmələrimizin irəliləməsi haqda məlumatı onlar həmin videomateriallardan götürə bilərlər və qısa zamanda həmin əraziyə atəş aça bilərlər. Bu da həmin insanları təhlükə altına qoyur. Və mən sizə deyim ki, belə hallar artıq olub. Bu müraciətlər elə belə deyilmir, xahiş olunur ki, bu cür məlumatları yaymasınlar. Tutaq ki, kimsə bir yaxınına hansısa məlumat, video, foto göndərdi. Şəxsi göndərib, amma daha o adam bunu yaymasın”.

Polkovnik qeyd edib ki, dövlət tərəfindən hərbi vəziyyətlə bağlı qoyulan bütün qadağalar düşünülmüş şəkildə qoyulub:

“Əgər biz o qadağaları pozuruqsa, deməli biz düşmənə dəstək olmuş oluruq. Sosial şəbəkələrdə çox böyük səhvlərə yol verilir. Bəzən bizdən soruşurlar ki, cəbhədə necə kömək edə bilərik? Bax, sizin köməyiniz bu olar ki, rəsmi olmayan məlumatları yaymayasınız. Bu, axı çətin şey deyil. Siz bu məlumatları yaymamaqla Azərbaycan Ordusuna kömək etmiş olursunuz. Bəlkə də içlərində olan yanğı, vətənpərvərlik hissi, sevinci gizlədə bilmirlər, paylaşırlar, amma nəticədə bu, Azərbaycan əsgərinə təhlükə yaradır. Qoy müharibə qurtarsın, torpaqlarımız işğaldan azad edilsin. Sonra nə qədər istəsəniz, o məlumatları yayarsınız. Bu videolar gələcək nəslin formalaşmasında, tərbiyəsində daha çox rolu olar, nəinki indi bu saat yaymaqda. Buna vətəndaşlıq borcu kimi yanaşılmalıdır. Biz indi müraciət etməli deyilik, artıq dövlət qurumları dəfələrlə xəbərdarlıq ediblər. Bunu bildiyi halda bu addımı atırsa, deməli onun məqsədi başqadır, məndən inciməsinlər. Mənə elə gəlir ki, bu yaxınlarda biz qələbə çalacağıq, ondan sonra nə istəyirlərsə, etsinlər”.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
68 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...