Əcnəbi sığortaçıları bazardan qaçıran SƏBƏBLƏR: - Kimlər niyə gedir?

Əcnəbi sığortaçıları bazardan qaçıran SƏBƏBLƏR: -

Sığorta yalnız iqtisadi deyil, həm də insanların və qurumların qarşılaşdığı xüsusi riskləri təmin edən maliyyə xidmətləri sektorudur.

Əksər sığorta hadisələrində riskləri tamamilə aradan qaldırmaq mümkün deyil. Risk nəzarəti üçün aparılan işlər risk idarəetmə konsepsiyasını ortaya çıxarır. Risklərin idarə olunması üçün sığorta şirkətlərinin gəlirliliyi vacibdir. Azərbaycanda bəzən şirkət gəlirliliyini təhdid edən hadisələri sığortalamaqdan boyun qaçırır.

Danılmaz faktdır ki, Azərbaycan iqtisadiyyatının və sığorta bazarının dinamikası inkişaf etmiş ölkələrlə müqayisədə geri qalır. İnkişaf etmiş ölkələrdə sığorta xidmətləri iqtisadiyyatın aparıcı sektorları sırasında yer alır. Bu ölkələrdə insanların özləri də fərqli zərərlərin ola bilməsi ehtimalını dərk edərək sığortaya könüllü şəkildə müraciət edirlər. Azərbaycanda isə vətəndaşın sığorta sisteminə etibarı yoxdur.

“Cümhuriyət” qəzetinin məlumatına əsasən, 1990-cı illərdə və sonrakı dövrdə yaradılmış və qeydiyyatdan keçmiş təxminən 45 sığorta şirkəti olub. Amma bu şirkətlərin əksəriyyəti illər ərzində müxtəlif səbəblərdən lisenziyasını itiriblər. Bu gün bazarda qalan şirkətlər isə demək olar ki, rəqabətsiz mühitdə fəaliyyət göstərməkdə davam edirlər. Prosesin bu cür davam etməsi, hər keçən il onların sayının kəskin azalmasına təkan verir.

O da faktdır ki, bu gün Azərbaycanda beynəlxalq sığorta şirkətlərinin fəaliyyəti birmənalı olaraq yoxdur. Bunun ilkin səbəbi qeyri-bərabər rəqabət şərtləridir. Vaxtilə “AXA France” sığorta şirkətinin böyük innovasiyalarla bazara girdiyini xatırlayırıq. Bu sığorta şirkəti fəaliyyətə başlayanda bazara beynəlxalq sığorta şirkəti “Ranexa Insurance”nin texnologiyalarını və innovasiyalarını gətirəcəyini iddia edirdi. Amma şirkət bazara girəndən sonra gördü ki, Azərbaycanda nə innovasiya işləyir, nə də texnologiya.Hər şey telefon zəngi ilə həll olunur. Fransanın “AXA” sığorta qrupunun Azərbaycandakı törəməsi “AXA MBASK” Sığorta Şirkəti ASC-nin yaydığı açıqlamaya görə, yerli iş adamı “Unibank” ASC-nin Müşahidə Şurasının üzvü Elxan Qəribliyə satılması ilə bağlı 21 may 2018-ci ildə imzalanmış niyyət sazişi qüvvədən düşüb. Məlumatda, həmçinin bildirilir ki, “AXA MBASK” yeni sığorta müqavilələrinin bağlanmasını dayandırıb. Bundan sonra Azərbaycandakı mövcud müştərilərinin maraqlarını ən yüksək səviyyədə təmin etmək şərti ilə, mümkün olan müddətdə ölkədəki fəaliyyətinə xitam vermək məqsədilə yalnız mövcud portfeli idarə edəcək.

Avropanın bu sığorta şirkəti agent komissiyaları ilə mübarizə aparmağa çalışdı, tam qanuni işlədiyini, “şapka” və qeyri-rəsmi xərclərin olmadığını deyirdi.Amma onları qeyri-rəsmi xərclərə, əlavə komissiyalara məcbur etməyə başladılar. Bu şərtlər qarşısında şirkət ölkədə yoruldu.Avropa şirkətlərinin alışdığı rəsmi, şəffaf və iqtisadi mexanizm Azərbaycanda işləmir. O şirkətlər Azərbaycandakı şərtlərlə fəaliyyət göstərsələr, Avropada və başqa ölkələrdə olan filialları bazarlardan çıxarılar. Çünki beynəlxalq sığorta bazarlarında çirkli pulların yuyulması, anti-korrupsiya kimi qeyri-qanuni və neqativ hallara rast gəlinmir.Azərbaycanda isə bazar bu cür şərtlərə əməl edən şirkətlərlə fəaliyyət göstərir.

Problemləri həll olunmayan beynəlxalq sığorta şirkətləri...

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Azərbaycanda fəaliyyət göstərmək istəyən beynəlxalq sığorta şirkətlərinin problemlərini həll edə bilmədi. Bu sığorta şirkətlərinin problemləri tək Palata ilə yaranmadı. Bəzilərinin problemləri İcbari Sığorta Bürosu ilə yarandı, bəzilərini isə bazarın ümumi şərtləri qane etmədi, bəziləri də mövcud vergi şərtləri altında fəaliyyət göstərməkdən imtina etdi. Bir sözlə, beynəlxalq sığorta şirkətləri istədikləri münbit şəraiti Azərbaycanda tapa bilmədilər.Bu şirkətlərin məqsədi Azərbaycanda böyük pullar qazanmaq və böyük işlər görməkdən ibarət idi. Amma gördülər ki, “AXA France” sığortanın Azərbaycandakı biznesi bütün dünyadakı biznesin 0.001 faizi qədər deyil. Bu cür faktların qeydə alınması şirkətlərə Azərbaycan bazarında artıq vaxt və enerji itirməyə dəymədiyini sübut etdi. Ona görə də həmin şirkətlər yerli bazarları tərk edib, başqa ölkələrdə normal biznes qurmağa üstünlük verdilər.

Qonşu ölkələrin praktikasında xarici sığorta şirkətləri fəaliyyət göstərir. Türkiyədə demək olar ki, bir və ya iki milli sığorta şirkəti qalıb. Bazarın qalan hissəsini xarici investor şirkətləri alıb.Rusiyada da oxşar vəziyyət var. Demək olar ki, Qazaxıstanın sığorta sektorunda da bütün xarici şirkətlər təmsil olunur. Gürcüstanda da xeyli sayda xarici sığorta şirkətləri fəaliyyət göstərir. Təəssüflər olsun ki, xarici sığorta şirkətləri Azərbaycanda tab gətirə bilmədi. İran, Rusiya, Türkiyə sığorta şirkətləri yerli bazarı müxtəlif səbəblərlə tərk etdi. Axıra “AXA France” şirkəti qalmışdı, o da baş götürüb ölkədən çıxdı...



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
528 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...