Sabahdan Azərbaycanda əmanət faizləri vergiyə cəlb ediləcək

Sabahdan Azərbaycanda əmanət faizləri vergiyə cəlb ediləcək
Sabahdan Azərbaycanda yerli bankların və xarici bankın yerli filiallarının fiziki şəxslərin əmanətləri üzrə ödədiyi illik faiz gəlirləri 10% dərəcə ilə vergiyə cəlb ediləcək.

"Report" xatırladır ki, sözügedən gəlirlər 2016-cı il fevralın 1-dən 7 il müddətinə vergidən azad edilmişdi.

Bununla bağlı Vergi Məcəlləsinə edilmiş dəyişikliyin müddəti artırılmayıb.

Xatırladaq ki, əmanət faizlərinin vergidən azad edilməsi manatın 2015-ci ildəki ikili devalvasiyasından sonra banklardan əmanət axınının qarşısını almaq üçün atılmış addımlardan biridir. Bundan başqa, 2016-cı il martın 4-dən 2021-ci il aprelin 5-nə qədər Azərbaycanda əmanətlər tam sığortalı olub.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, əmanətlərin 7 il gəlir vergisindən azad edilməsi banklara daha çox depozit cəlb edilməsinə imkan yaradıb: "Doğrudur bu yeganə səbəb deyildi. Amma vergisiz əmanətlər vətəndaşlar üçün daha cəlbedici idi. Əgər 2016-cı illərdə dəyişikliklər qəbul edilən zaman banklarda fiziki şəxslərin 8 milyard 77 milyon manat əmanəti var idisə ötən müddətdə bu göstərici 11 milyard 743 milyon manata yüksəldi. Bu o deməkdir ki, həmin müddətdə banklarda fiziki şəxslərin əmanətləri 45 %-dən çox artıb. Bu artımlarda 2017-ci ildən sonra əldə edilmiş maliyyə stabiliyinin xüsusi rolunu da qeyd etmək lazımdır".

Bununla yanaşı, onun sözlərinə görə, vergi güzəştinin uzadılmaması əmanətlərin məbləğinə və xüsusən də valyuta strukturuna mənfi təsir göstərə bilər: "Bu milli valyutada yığımlara marağı da azalda bilər. Belə ki, bu dəyişikliklər qəbul edilən zaman əmanət portfelində manatla depozitlərin payı cəmi 18 % idisə, indi bu rəqəm 61 %-ə yüksəlib. Göründüyü kimi, manatın stabilliyi, milli valyutada depozitlərə daha çox dividendin ödənilməsi kimi faktorlar ilə yanaşı vergi güzəştləri də manatla yığımlara marağı artıb.

O baxımdan, daha məqsədə uyğun olardı ki, ya məcəlləyə dəyişiklik edilib güzəşt müddəti daha 1 il uzadılsın və ya sığorta olunan əmanətlər gəlir vergisindən azad olunsun. Birinci halda, növbəti 1 il müddətdən yeni mexanizm hazırlamaq mümkündür. Həmin mexanizm artıq 2024-cü ilin fevralında tətbiq olunan zaman hər hansı çətinlik yaratmaz. İkinci halda, əmanətçilərin əksər hissəsinin depozitləri sığortalanan olduğu üçün bu əksər fiziki şəxsləri əhatə edəcək".

Azərbaycanda əmanət faizlərinin vergi cəlb edilməsinə paralel olaraq kütləvi təklif edilmiş, tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə dividend, diskont və faiz gəlirləri vergidən azad edilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
400 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...