Hosteldə dəm qazından zəhərlənənlər: Hansı qurum CAVABDEHDİR? - AÇIQLAMA

Hosteldə dəm qazından zəhərlənənlər: Hansı qurum CAVABDEHDİR? -

“Yaşayış evlərindən hostel kimi istifadə olunur”

Aprelin 16-da Bakının Səbayel rayonu ərazisində yerləşən “İst hostel”ində iki gənc qadın dəm qazından zəhərlənərək ölüb. Məlumata görə, hadisə hostelin hamam otağında baş verib.

Bu günə qədər əsasən fərdi yaşayış evlərində bu cür hadisələrin baş verdiyinin şahidi olurduq. Hostel, hotel kimi obyektdə belə bir hadisənin baş verməsi geniş müzakirələrə səbəb olub. Bəs bu cür obyektlərdə qaz təchizatına nə dərəcədə nəzarət edilir, bununla bağlı reydlər keçirilirmi?

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı “Azəriqaz”ın mətbuat katibi Ceyhun Səfərov musavat.com-a danışıb.

Qurum rəsmisi qeyd edib ki, qazın texniki vəziyyəti ilə bağlı baxış həyata keçirmək “Azəriqaz”ın səlahiyyətində deyil:

“2016-cı ildə ”Qazın istifadə qaydaları haqqında” qərarda edilən dəyişikliklərdən sonra bu səlahiyyət Energetika Nazirliyi və Fövqəladə Hallar Nazirliyinə verilib. Bizim qurum bu işə nəzarət etmir. Ona görə də mənzil daxilində qurğuların hansı vəziyyətdə olması və yaxud hansı avadanlıqlardan istifadə edilməsi, onlara texniki baxış olub-olmaması proseslərinə hər hansı nəzarət mexanizmimiz yoxdur”.

Azad İstehlakçılar Birliyinin Kommunal məsələlər üzrə eksperti Nüsrət Qasımov isə qeyd etdi ki, ölkədə qaz təchizatına nəzarətlə bağlı çox böyük problemlər var:

“Bildiyiniz kimi, adətən hostellər adi yaşayış evləridir və onlardan hostel kimi istifadə olunur.

Ümumiyyətlə, qaz təchizatına nəzarətlə bağlı çox böyük problemlər var. Dəfələrlə bu barədə mətbuatda məsələ qaldırmışam, lakin çox təəssüf ki, aidiyyəti qurumlar buna biganə yanaşır, reaksiya vermir.

2016-cı ilin 29 oktyabr tarixindən Nazirlər Kabinetinin qərarı ilə bu işlər, yəni daxili qaz kəmərlərinə profilaktik xidmət və nəzarət Fövqəladə Hallar Nazirliyinə verilib. Yəni artıq “Azəriqaz” bu işlərə nəzarət etmir. “Azəriqaz” yalnız yeraltı və yerüstü qaz kəmərlərinin təhlükəsizliyinə və sayğacın çıxışına cavabdehdir. Bu qurum qazın satışı ilə məşğuldur.

Həmçinin Dövlət Qaz Nəzarəti İdarəsi, Yanacaq Energetika Nazirliyinin tərkibində departament var. Onlar nəzarət etməlidir. Axı evdə evdar qadın haradan bilsin ki, qaz cihazlarına necə qulluq edilməlidir. Bunun üçün mütəxəssislər lazımdır və həmin mütəxəssislər 6 aydan bir qaz kəmərlərinə, onların nasazlığına texniki nəzarət etməlidir. Necə olur ki, avtomobillərə ildə bir dəfə texniki baxış keçirilir, amma qaz təchizatına nəzarət edilmir?”

Dəm qazı necə yaranır?

Nüsrət Qasımov bu haqda qeyd edib:

“1 kub/m qazın yanması üçün 9, 5 kub/m hava, oksigen lazım olur. Əgər qaz cihazının üstündə qazan daşırsa, sobalar tutulursa, bu zaman artıq yanma prosesi pozulur. Bu zaman qazın istilikvermə qabiliyyəti aşağı düşür, təzyiq dəyişir və dəm qazının yaranma ehtimalı artır. Bəzən görürük ki, 30-50 il tüstü bacaları təmizlənmir. Bunun hamısına ixtisaslaşmış bir qurum nəzarət etməlidir və nəzarətçilər olmalıdır. Ümumiyyətlə, qaz yanarkən lazım olan oksigen az və ya çox olarsa, bu zaman dəm qazı əmələ gəlir. Yəni karbon 4 oksid əvəzinə karbon mol oksid əmələ gəlir ki, bu da zəhərlidir. Əgər bir otaqda 0, 1 faiz karbon mol-oksid yaranarsa, bu zaman 7-30 dəqiqə ərzində qaz dəmi insanın həyatına son qoyur. Ən yaxşı halda isə şikəst edir.

Baş verən faciələrin səbəbi də qaz təchizatına vaxtında nəzarət edilməməsi, texniki profilaktik işlər aparılmaması, əhalinin bu məsələ ilə bağlı maarifləndirilməməsidir”.

Dəm qazından zəhərlənən şəxsə necə yardım etməli?

Ekspertlər qeyd edir ki, zəhərlənən şəxs özünü pis hiss edən kimi açıq havaya çıxmalıdır. Təcili tibbi yardım gələnədək ətrafdakılar ona ilk yardımı göstərə bilərlər. Zərərçəkəni dərhal təmiz havaya çıxarmaq, kürəyi üstə uzatmaq və yaxasını açmaq lazımdır. İmkan olduqda, oksigen yastıqlarından istifadə edilir. Alın və sinəyə soyuq kompres qoyulmalıdır. Əgər zərərçəkmişin huşu özündədirsə, o zaman ona isti çay verilə bilər. Çünki zəhərlənmə zamanı bədənin hərarəti düşür. Zərərçəkmiş huşunu itiribsə, pambığı naşatır spirti ilə isladıb iylətmək lazımdır. Naşatır spirti olmadıqda, onu adi sirkə ilə də əvəz etmək olar. Zərərçəkmiş nəfəs almırsa və ya tənəffüsü zəifdirsə, ona süni nəfəs vermək lazımdır. Zərurət olduqda, ürək masajı edilməlidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
834 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...