“Amin”in sədaları altında qab yumağa utanıram- Bəstəkar Tahir Əkbərin ailəsi ölkəni tərk edir

“Amin”in sədaları altında qab yumağa utanıram-

“Evin yaxınlığındakı kafeyə müraciət elədim, qabyuyan kimi işə düzəlmək üçün. Sahibi dedi Tahir müəllimin altmış yaşlı xanımına qab yudurda, döşəmə sildirə, ofisiant kimi işə götürə bilmərik.

Daha yolum qalmadı. Bəstəkarlar İttifaqı, nazirliklər gəzməkdən, vəzifəlilərin qapılarının ağzında durmaqdan, yalvarmaqdan usandım. Utanıram mənə ianə kimi nəsə uzadılanda. Xəcalət çəkirəm kiməsə çörəkpulu, ya da hansısa problemin həlli üçün müraciət edəndə. Abırdan düşmüşəm. Nə özümə, nə qızıma bu boyda ölkədə iş tapa bilmədim. Ağız açmadığım adam yoxdu. Birdən rica elədim qızımın təhsil haqqını ödədi, başqa biri beş-on manat dolanışıq haqqı yolladı. Biri qızımın diplomunu aldı. Yerin dibinə girirəm. Yalvarmadığım müğənni yoxdur ki, gəlib Tahirin mahnılarını alsın, “su kimi” melodiyalardır.

Bu həyat, güzaran deyil. Qızımla övladımla var olmaq uğrunda mübarizə aparırıq. Tahir müəllim bizi belə, dilənçi kimi saxlamayıb. İndi də qızım min bir əziyyətlə Türkiyədə ali məktəbə qəbul olub, magistraturaya. Oxumaq həvəsi böyükdür. Üzümüzə gələn yanvar ayında ödəniş eləməliyəm, yoxsa zəhməti hədər gedəcək. Aylardır kommunal xərc yığılıb, şəxsi borclar var nə qədər, evimin televizoru, telefonu çalışmır. Şəhərin içində evimizi satıb Yasamala qalxdıq, daha ucuz ev aldıq ki, bir az əlavə pul qalacaq, kiməsə ağız açmarıq. Ona qədər yəqin bizə bir yol açılar, iş tapılar. Yaşlı adamam, heç olmasa qızıma iş verilər. Olmadı!

Biz də artıq getməyi seçdik, sürünməyi, yalan vədləri qəbul edə bilmirəm artıq. Yorğuna, çox yorğun. Tahir müəllimin atasında qalan sata-sata artığı ilə dolandığımız bir otaqlı mənzili bir az əvvəl ev dəllalına verdim ki, birdəfəlik satsın, bizə bu ölkədə yer yoxdur, çıxaq gedək.
“Amin”in sədaları altında qab yumağa utanıram-
“Amin”in sədaları altında qab yumağa utanıram-

Bizim olmayan dövlətdə qabyuyan da işləsəm man deyil mənə. Köçürəm Türkiyəyə. Özümlə, Tahirin pianosunu götürəcəm bircə.

Ora yerləşəndən sonra məzarının və mahnılarının dalıyca gələcəyəm Bakıya bir də. Ona canından artıq sevdiyi ölkədə bir normal məzar yeri də vermədilər, atasının qucağında dəfn elədim, niyə qalsın ki, ata-bala
məzarları?!”…

Sonra hönkürtü…

Telefon xəttində uzun bir küy…

Onu ancaq dinləyə bildim, başqa heç nə!

Danışansa, Əməkdar İncəsənət Xadimi Tahir Əkbərin xanımı Aybəniz Əkbər idi. Bu uzaq keçmiş deyil, bu günümüzdür! Bura uzaq məmləkət deyil, Azərbaycandır!
“Amin”in sədaları altında qab yumağa utanıram-
“Amin”in sədaları altında qab yumağa utanıram-

Tanınmış bəstəkar, Əməkdar İncəsənət Xadimi Tahir Əkbər əcnəbi deyil, bizim milli sərvətimiz olan sənətkarlardandır! Bu ailə onun bizə əmanətdir! Öz payıma Aybəniz xanımın səsindəki üsyanı heç zaman unutmayacağam. Çünki biz Həsən bəy Zərdabi boyda aydının sümüklərinə yeddi il yer verməyən ölkəyik.
Yeddi il indi dördüncü hakimiyyət dediyimiz medianın Azərbaycanda himini qoyan kişini sümüklərinin qızının evinin zirzəmisində saxlandığına göz yuman adamlarıq. Nəimizə gərək ki, indi də Tahir Əkbərin cənazəsi atasını köhnə qəbrinə qoyuldu. Niyə narahat oluruq ki, ailəsi köşüb gedir.

Nə vecimizə…
…Düzü bir də onu bilirəm, bu təəssüf dolu fikirlərin də əhəmiyyəti olmayacaq.

Deyiləcək, Tahir Əkbəri müalicə edib dövlət rəhbərliyi, ona sahib çıxıb. Doğdurdur! Sonra deyəcəklər, məzarını da götüzdürüblər!

Doğrudur! O prosesin birbaşa iştirakçısı kimi bunu dəqiq bilirəm. İndi də deyəcəklər, yaxşı bəs nə lazımdır bu ailəyə, dövlətin onlara borcu yoxdur axı?! Əslində bu da doğrudur. Vəsəlində o ailə də böyük bir şey istəmir. Şəxsiyyəti ilə dolanmaq, yaşamaq, işləmək, dövlətinə faydalı olmaq istəyir Tahir Əkbərin gənc qızı, xanımı.
Yaşaya bilmir! O boyda bəstəkarın ailəsinə, bu cür münasibət, dövlət rəhbərlərinə yalnış məlumatların verilməsi çox dəhşətli mənzərədir. Heç kimin qorxusu o yana dursun, vicdanı, ədaləti qalmayıb elə bil. Heç kim, heç nəyi ciddiyə almır. Amma məncə almaq lazımdır. Zarafat deyil. Eldən gedir belə ailələr, belə adamlar.
Ağlaya-ağlaya, əzabla, getmək istəməyərək, küsüb gedənlər. Onların ahı qalır məmləkətin də, bizim də üzərimizdə. Heç nəyi bizə halal eləmirlər. Hətta udduğumuz havanı da. Söhbət də bitəcək, yazı da ancaq heç zaman unuda bilməyəcəyim sualları həmişə ağlımda qalacaq Aybəniz xanımın:
“Kimsə məni başa düşür, ya da düşəcəkmi, görəsən? Hansısa məmurun sahib olduğu bahalı şadlıq sarayında, Tahirin “Amin” mahnısının sədaları altında, məclisə plov gəlsin, onun altmış yaşlı xanımı, ovcunun içində saxladığı, ali təhsilli qızı mətbəxdə bir qarın yemək üçün qab yusun?!

Kimsə bunu başa düşürmü?! Biz dəhşətli durumdayıq, səsimizi eidən olacaqmı görəsən?!”…
Jalə Mütəllimova
Gununsesi.org



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
578 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...