Jurnalist qatil həkimlə bağlı şikayətini geri götürdü

Jurnalist qatil həkimlə bağlı şikayətini geri götürdü


BSU-nun mərhum dekanı, tənqidçi Elnarə Tofiqqızının həyat yoldaşı, zərərçəkənin hüquqi varisi jurnalist Anar Niftəliyev qatil həkim-anestezioloq Firuz İbrahimovla bağlı Nərimanov Rayon Polis İdarəsində aparılan araşdırmadan imtina edib. Bu barədə Axar.az-a jurnalist A.Niftəliyev özü məlumat verib. Onun sözlərinə görə, F.İbrahimov E.Tofiqqızının ölüm işi ilə bağlı son məhkəmə prosesindən yayınırdı və məsuliyyətdən yaxa qurtarmaq üçün sentyabrın 20-nə qədər xəstə adı ilə xəstəxanada yatmaq niyyətində idi: “Artıq ictimaiyyətə məlumat verdiyimiz kimi, sentyabrın 20-də qətlin iki ili tamam olurdu və məhkəmə presedentinə görə, proses həmin tarixə qədər uzansaydı, o, CM-in 320.1-ci maddəsinin cəza hissəsindən azad oluna bilərdi. Ona görə də məhkəmə proseslərində, saxta sənəd təqdim etməklə, iştirakdan yayınırdı. Amma biz onun bu saxtakarlığını ifşa etdik”.

A.Niftəliyev jurnalist araşdırması ilə anestezioloqun 1 saylı Şəhər Kliniki Xəstəxanasında xəstə yatmadığını, bu “xəstə”liyin bəhanə olduğunu ifşa edən məlum videonun üzə çıxmasından sonra qatil-həkimlə bağlı ölçü götürüldüyünü xatırladıb: “1 saylı Şəhər Klinik Xəstəxanasından avqustun 31-də səhər saatlarında əlaqə saxlayaraq bildirdilər ki, F.İbrahimov artıq xəstəxanadan xaric edilib və onun məhkəmədə iştirakı üçün bu tibb müəssisəsi üzərinə düşəni edib. Həmin gün saat 14:30-da Bakı Apelyasiya Məhkəməsində baş tutan prosesdə doğrudan da F.İbrahimovun iştirakı təmin edildi və CM-in 124.1 və 321.1 maddələri ilə təqsirləndirilən qatil-həkim məhkəmə zalındaca həbs edildi. Mən də paralel olaraq 1 saylı Şəhər Klinik Xəstəxanasına qarşı iddiamdan və 30 avqust tarixində məni qəsdlə maşınıyla vurub getdiyi üçün F.İbrahimovla bağlı Nərimanov Rayon Polis İdarəsində başlayan araşdırmadam imtina etməyin daha əxlaqlı addım olduğunu düşündüm”.

Zərərçəkənin sözlərinə görə, o, sentyabrın 1-nə təyin edilən tibbi-ekspertizadan və Travmatologiya İnstitutunun rəyindən, həmçinin F.İbrahimovun onu qəsdən vurduğunu əks etdirən videonun rəsmi şəkildə polisə təqdim edilməsindən də imtina edib:
“Artıq ayağımda heç bir ağrı qalmayıb. Bu barədə bu gün Nərimanov Rayon Polis İdarəsində sözügedən araşdırmanı aparan polis mayoru Ramil Əhmədova məlumat verdim və bildirdim ki, o adamla bağlı artıq şikayətim yoxdur, amma qanunvericilik nə tələb edirsə, o addım da atılmalıdır. Firuzun mənim həyatıma vurduğu zərbənin yanında ayağımın əzilməsi deyil, hətta sınıb-qırılması belə boş şeydir. O, bir insanın, bir gənc ananın qatili kimi həbs edilməyi haqq edib və cəzasını günə-gün çəkəndən sonra ömrünün sonuna qədər həkim fəaliyyəti ilə məşğul olmamalıdır”.

A.Niftəliyev bildirib ki, onun bu addımı həkimlərə və cəmiyyətə bir mesajdır:

“Mənim davam kiminsə mənə küçədə xəsarət yetirməsi məsələsi deyil, ayrı davadır: Canımıza qəsd edən və həyatımızı məhvə sürükləyən həkimlər bilməlidirlər ki, məhz məhv etdikləri insan həyatına görə cəza alacaqlar, küçədə hər hansı insidentə görə deyil. Əslində, bir ananın qətli qarşılığında bu cəza o həkim üçün çox yüngüldür, amma təəssüf ki, qanunvericiliyimiz belələrinin layiqli cəza almasına tam imkan vermir. İnşallah, bir dəfə də mənəvi peşmançılıq keçirməyən, məhkəmədə bircə dəfə də bu ölümün səbəbkarı olduğu üçün üzr istəməyən, prosesdəki son sözündə belə günahını etiraf edib, Allah qarşısında bağışlanmasını diləməyən F.İbrahimovun bundan sonrakı cəzasını Allah verəcək, yetim qoyduğu körpələrin ahı yerdə qalmayacaq”. Qeyd edək ki, avqustun 31-də Bakı Apelyasiya Məhkəməsinin hakimi Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə qatil-həkim Firuz İbrahimov barəsində cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 2,5 il müddətinə həbs qərarı verildi və cəzasının ilk günü 31 avqust 2015-ci ildən hesablanmaqla, o, məhkəmə zalındaca həbs edildi.

Xatırladaq ki, 2013-cü il sentyabrın 20-də “Medi Sina” klinikasında süd vəzi kanalının popilloması əməliyyatı zamanı E.Tofiqqızı dünyasını dəyişib. Bu əməliyyatda cərrah Mahir Məmmədov, assistent Fərəcullah İdrisov və anestezioloq Firuz İbrahimov iştirak ediblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1592 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...