"Jurnalistə onu maraqlandıran məlumatı verməzsən, o da gedib..."
Mayın 1-də Bakı Dövlət Universitetinin (BDU) Mətbuat və informasiya şöbəsinin 15 illik yubileyi tamam olur
Şöbə hazırda 20 minə yaxın tələbə kontingenti və 3 minə yaxın professor-müəllim heyətinə malik olan universitetin gündəlik fəaliyyətini yorulmadan işıqlandırır.
GUNDEMİNFO.AZ yazır ki, Modern.az saytı yubiley ərəfəsində şöbənin müdiri, həmçinin BDU-nun Jurnalistika fakültəsinin müəllimi, dosent Pərvanə İbrahimova ilə müsahibəni təqdim edir:
- 15 illik yubileyi keçiriləcək Mətbuat və informasiya şöbəsi 2000-ci ilin may ayında yaradılıb. O zaman BDU-nun rektoru, akademik Abel Məhərrəmov Təhsil Nazirliyi qarşısında vəsatət qaldırıb ki, universitetin strukturuna Mətbuat və informasiya şöbəsi də əlavə edilsin. Şöbənin yaradılmasında əsas məqsəd universitetdə baş verən yeniliklər, fakültə, kafedra və alimlərin fəaliyyəti, elmi ixtiralar - bir sözlə təhsil ocağında baş verən hadisələrin ictimailəşdirilməsi idi. Aprel ayında nazirliyin müsbət cavabından sonra may ayında rektorun əmri ilə universitetin digər struktur bölmələrinə Mətbuat və informasiya şöbəsi də əlavə edilib. Özümün də 15 illik iş təcrübəm olan şöbəmiz bu müddət ərzində uğurlu fəaliyyət göstərib. Şöbənin yaranması, formalaşması, qazandığı uğurlar gözümün qarşısında baş verib. Ona görə də bu şöbə mənə çox doğmadır. 2010-cu ilə qədər burada mütəxəssis, son beş ildə isə şöbənin müdiri kimi çalışıram. Şöbə yaranan gündən KİV-lə əməkdaşlığa can atıb. Doğrudur, bəzi vaxtlarda bu əməkdaşlıq güclü, bəzi vaxtlarda isə zəif olub.
-Bunun səbəbi nə ilə bağlıdır?
-Şöbə yarandığı ilk illərdə öz işini məhdud sayda informasiya agentlikləri, qəzetlər və televiziya kanalları ilə qururdu. İndiki kimi sosial şəbəkələr, elektron xəbər portalları, yeni-yeni informasiya agentlikləri yox idi. Yəni, əvvəllər şöbə öz işini dövrün tələb və imkalarına görə qururdu. Bu səbəbdən o vaxtkı fəaliyyətini çox da də zəif saymaq olmaz. Hazırda modern texniki imkanların artdığı vaxtda isə şöbənin məhsuldarlığı da, faydalı iş əmsalı da artıb. Əslində mətbuat xidmətinin hazırkı uğurlu fəaliyyəti əvvəllər qət etdiyi yolun, təcrübənin bazasında formalaşıb. Elə bu arada Mətbuat və informasiya şöbəsinə əvvəllər rəhbərlik edən jurnalistlərin adını çəkmək istərdim: şöbə yarananda ilk rəhbəri hazırda Bakı Slavyan Universitetində kafedra müdiri kimi çalışan Aynur Bəşirli olub. Ondan sonra başqa tanınmış jurnalistlər Qafar Çaxmaqlı və Şərəf Cəlilli şöbəyə rəhbərlik etdilər. Hər üçünün vaxtında media ilə isti münasibətlər olub. Biz bu gün də çalışırıq ki, həmin ənənəni qoruyub saxlayaq.
- Bəs media sizdən razıdır? Sizin şöbəni işini necə dəyərləndirir?
- Bunu medianın özündən soruşmaq lazımdır. Xoş söz eşitmək olar, amma bu sözləri peşəkar və açıqfikirli jurnalistlərdən eşitmək əlavə üstünlükdür. Çünki elə sizin kimi Jurnalistika fakültəsinin tələbələrinə biz zamanında açıqfikirliliyi, lazımı məqamda söz deməyi və hüquqlarını tələb etməyi öyrətmişik. Bu gün də tələbələrimiz bu keyfiyyətləri yaxşı mənada bizim özümüzə qaytarır. Jurnalistika, dördüncü hakimiyyət elə bir zümrədir ki, orada layiq olmadığın tərifi eşidə bilməzsən. Biz də davamlı olaraq jurnalistlərin rəy sorğusuna əsasən, birinci yeri tuturuq. Əgər işlərimiz qənaətbəxş olmasaydı, yəqin ki, bu uğuru qazanmazdıq.
- Şöbə passiv fəaliyyət göstərsəydi BDU nə itirərdi? Universitetdə sanki nə çatışmazdı?
-Bizim ilk üstünlüyümüz ondadır ki, məhz təhsilimizin bayraqdarı olan Bakı Dövlət Universitetinin mətbuat xidmətiyik. İctimaiyyətdə olduğu kimi, medianın da BDU-ya yanaşması tamam fərqlidir. Odur ki, bu, bizim ilk uğurumuzdur. İkinci səbəbi də budur: ictimaiyyətlə əlaqələr nəzəriyyəsində də var ki, hər hansı bir qurum mətbuatla o zaman uğurlu əlaqə qura bilir ki, onun rəhbərinin mediaya münasibəti yaxşı olsun, mediaya açıq olsun. Bu vacib şərtlərdən biridir. Bu gün BDU rəhbərliyi media ilə əlaqələr üçün Mətbuat və informasiya şöbəsinə hər cür şərait yaradıb. Üçüncüsü də biz burada mənimlə birgə 6 nəfərik və hər birimiz işimizin vurğunuyuq. Bu vurğunluq bizi daha məsuliyyətli edib və işimizə daha şövqlə yanaşırıq. Mən hər zaman deyirəm - bizim üçün iş saatının nə zaman bitməsi önəmli deyil, bizim üçün işin nə zaman bitməsi önəmlidir. Saat olur beş, əməkdaşlar demir ki, vaxt tamamdı, duraq gedək. Biz ancaq həmin günün işlərini bitirəndən sonra evə gedirik. Aramızda müdir- əməkdaş münasibətindən daha çox, yaxın dostluq, doğmalıq münasibəti hökm sürür. Bu doğmalığı da işə tətbiq edəndə çox yaxşı nəticə almaq olur!
-Şöbənin heyətindən çox razı görünürsüz. Bir az da bu haqda məlumat verərdiniz...
-Qafar Çaxmaqlı və Şərəf Cəlillinin vaxtında hazırda “Bakı Universiteti” qəzetinin baş redaktoru olan Anzulə Əmirova ilə bu şöbədə çalışırdıq. Yəni müdirlə bərabər üçümüz olurduq. 2010-cü ildə mən Mətbuat və informasiya şöbəsinə müdir təyin edildim, Anzulə xanım da universitet qəzetinə baş redaktor getdi. Ondan sonra şöbəyə nyu-medianın prinsiplərini anlayan, onun texniki tələblərinə cavab verə bilən yeni gənc kadrları dəvət etdik. Fatimə Dursunova, Məryəm Abdullayeva, hazırda Amerikada yaşayan Nigar Balcanova, Xəyalə Qulamova, Nərminə Əsədova və Lətif Mustafayev. Hər birinin xarici dil imkanları, texniki yeniliklərdən yararlanma bacarıqları var. Hər birisi də konkret iş bölgüsünə görə fəaliyyət göstərir. Jurnalist təhsilli olduqları üçün işin incəliklərini bilirlər.
- Konkret olaraq fəaliyyət istiqamətləriniz nədən ibarətdir?
- Kütləvi informasiya vasitələri ilə əlaqə qurmaq, ölkə mediasını, yerli və xarici xəbər portallarını universitet yenilikləri ilə təmin etmək, xarici qonaqlar və xarici səfərlərlə bağlı materiallar hazırlamaq, mətbuat konfransları və müsahibələr təşkil etmək, press-relizlər hazırlamaq, aparılan islahatlar, kəşf və ixtiralar, kafedra və laboratoriyaların fəaliyyəti ilə bağlı davamlı olaraq məqalələrlə çıxış etmək, universitetin və şöbənin saytını idarə etmək, Azərbaycan, rus və ingilis dillərində olmaqla gündəlik xəbərləri yeniləmək, fakültələrin, struktur, mərkəz, laboratoriya və digər qurumların saytlarını diqqətdə saxlamaq, universitetlə bağlı KİV-də işıq üzü görmüş materialları arxivləşdirmək, Facebook və Twitter sosial şəbəkələrində “BDU Mətbuat xidməti” adlı rəsmi səhifələri yeniləşdirmək, KİV-də yayımlanmış xəbərləri, videosüjetləri və illüstrasiyaları həmin səhifələrə əlavə etmək, Youtube-nin “Baku State University” kanalına universitet tədbirlərindən hazırlanmış TV videoları yerləşdirmək və nəhayət mətbu materialların monitorinqini aparmaq bizim əsas fəaliyyət istiqamətlərimizdir. Bilirsiniz, əməkdaşlarımızın fəaliyyətləri çox qaneedicidir, nyu-media ilə işləməyi bacarmaq isə əsas uğurdur.
- Pərvanə xanım, universitet saytını yeniləməkdan danışdınız. Deyəsən saytın tərtibatında müəyyən dəyişikliklər etmisiniz...
- Elədir. Bu yaxınlarda rektorumuzun universitetin saytı ilə bağlı əmri oldu. Ölkədə informasiya texnologiyaları sahəsində aparılan dövlət siyasətini təhsil və tədrisdə tətbiq etmək, təhsil və elmi nailiyyətlərin dünya müstəvisində yayılmasını və təbliğini təmin etmək, o cümlədən beynəlxalq əlaqələri daha da genişləndirmək və struktur bölmələrin informasiya texnologiyaları sahəsində elmi-texniki və tədris potensialını yüksəltmək məqsədi ilə saytın daha da zənginləşdirilməsi qərara alındı. Eyni zamanda saytın fasiləsiz fəaliyyətinin təmin edilməsi və daha effektiv fəaliyyəti üçün fakültələr və qurumlar üzrə veb-redaktorlar təyin edildi. Bütövlükdə saytın fəaliyyətinə və onun idarə olunmasına ümumi rəhbərlik tərəfimizdən həyata keçirilir və uğurlu nəticələrə nail ola bilirik. Yəni hər hansı bir fakültə, struktur və yaxud mərkəzlər, elmi-tədqiqat institutlarının fəaliyyəti, işçi heyəti, tədris olunan fənlər və s. haqqında məlumatlar həmin qurumların saytlarında yerləşdirilib və davamlı olaraq yenilənir. Veb-redaktorlarla işimizi daha səmərəli qurmaq və operativ əlaqə saxlamaq məqsədilə ilə Facebookda “BDU-sayt” qrupu yaratmışıq. Bu qrup həm də gündəlik xəbər mübadiləsi baxımından işimizə çox kömək edir.
- Bildiyimə görə, şöbənizin də müstəqil saytı fəaliyyət göstərir. Bir qədər də bu haqda danışardınız.
- Bəli. Biz şöbəmizin saytını 2011-ci ilin fevral ayında istifadəyə verdik. Sayt gündəlik xəbərlərin yenilənməsindən əlavə, son 15 ildə universitet haqqında KİV-də işıq üzü görmüş materiallardan ibarət banka malikdir. Universitet haqqında yayımlanmış bütün çap məhsulları, universitet rəhbərliyinin açıqlamaları, müəllif yazıları, tədbirlərdən hazırlanmış materiallar, 1919-cu ildən bu günə qədər universitet həyatında baş verən əlamətdar hadisələr, 95 il ərzində universitetə rəhbərlik etmiş rektorların həyat və fəaliyyəti, universitetin görkəmli məzunları və tanınmış elm xadimləri, Fəxri doktorumuz olmuş tanınmış dövlət, elm xadimləri haqqında məlumatlar saytın müvafiq bölmələrində öz əksini tapıb. Eyni zamanda «BDU KİV-də» başlıqlı bölmədə universitetin 80, 90, 95 illik yubileyləri, ulu öndər Heydər Əliyev və prezident İlham Əliyev tərəfindən universitetlə bağlı imzalanmış fərman və sərəncamlar, universitetə etdikləri tarixi səfərlərindən hazırlanmış materiallar və universitet haqqında yazılmış müxtəlif istiqamətli yazılar da yerləşdirilib. Saytda xarici qonaqlarla keçirilmiş görüşlər müvafiq başlıq altında verilib və universitet rektorunun fəaliyyətini əks etdirən ayrıca bölmə yaradılıb.
- Bildiyimə görə şöbəniz tərəfindən “Bakı Dövlət Universiteti 15 il mətbuat aynasında” adlı kitab da hazırlanıb.
- Bəli qeyd etdiyiniz kitab universitetin 95, şöbəmizin isə 15 illik yubileyi məqsədilə hazırlandı. Kitab universitetin son 15 illik fəaliyyəti barədə KİV-də işıqlandırılan materiallar əsasında hazırlanıb. Maraqlı bölmələrdən ibarət olan topluda ümummilli lider Heydər Əliyevin, prezident İlham Əliyevin universitetlə bağlı fərman və sərəncamları, rəsmi görüş və tədbirlər barədə məlumatlar, “BDU-nun Fəxri doktoru” adı verilmiş görkəmli ictimai-siyasi, elm və mədəniyyət xadimləri haqqında informasiyalar, eləcə də universitetin yerli və beynəlxalq həyatı ilə bağlı materiallar xronoloji ardıcıllıqla öz əksini tapıb. Kitab Azərbaycan, rus və ingilis dillərində hazırlanıb və yubileyimizdə təqdimatı nəzərdə tutulub.
- Siz vaxtaşırı olaraq fəaliyyətinizi işıqlandıran jurnalistləri təltif edirsiniz. Yubileyinizdə yenidən təltifetmələr olacaqmı?
- Təbii ki, olacaq. Biz indiyə qədər müxtəlif səpgili tədbirlər, müsabiqələr keçirmişik və Bakı Dövlət Universitetinə informasiya dəstəyi verən, fəaliyyətimizi işıqlandıran KİV rəhbərlərinə “Unversitetin dostu” mükafatı təqdim etmişik. Bu dəfə də bir neçə kateqoriyalı mükafatlar nəzərdə tutulur. Biz ölkə KİV-nin, jurnalistlərin universitetə diqqət və isti münasibətini hər zaman hiss etmişik. Əgər belə olmasaydı, “Bakı Dövlət Universiteti 15 il mətbuat aynasında” adlı kitabı hazırlaya bilməzdik. Bir daha qeyd edirəm ki, həmin kitab məhz mətbu materialların toplusudur.
- Bayaq qeyd etdiniz ki, şöbəniz həm də mətbu monitorinq aparır. 15 illik monitorinq sizə də deyir?
- Maraqlı sualdır. Bəli biz şöbə olaraq hər ilin yekununda universitetlə bağlı KİV-də işıq üzü görmüş materialların monitorinqini aparır və nəticəyə uyğun olaraq istiqamətlər müəyyənləşdiririk. 15 illik monitorinq deyir ki, kütləvi informasiya vasitələri ötən müddət ərzində Bakı Dövlət Universitetinin həyatında baş verən hadisələri, ictimai maraq kəsb edən hər bir faktı diqqət mərkəzində saxlayıb, bu hadisə və faktların oxucuya, tamaşaçıya, dinləyiciyə çatdırılmasına xüsusi səy göstərib. Bu materialların bolluğu və peşəkarlıqla hazırlanması belə bir fikir deməyə əsas verir ki, Bakı Dövlət Universitetinin həyatı xalqa, millətə, dövlətə zamana bağlılığı ilə medianın diqqətini çəkməkdə davam edir. Təkcə 2014-cü ilə diqqət etsək, görərik ki, Media Consaltinq and Service şirkətinin monitorinqinə görə ötən 1 il ərzində BDU xəbər yayımında liderliyini qoruyub saxlayıb, şöbə Təhsil Nazirliyinin “Ali Təhsil müəssisələri” Facebook səhifəsinin aktiv fəaliyyət göstərən ali təhsil müəssisələrinin informasiya mübadiləsi baxımından fevral və mart ayı üzrə qalibi olub.
- Və şöbə olaraq müxtəlif nominasiyalar üzrə mükafatlara layiq görülüb?
- Bəli. Şöbəmiz Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən Fəxri fərman, Qaynar.info və Azxeber.com saytlarının sorğularına əsasən “Ən operativ mətbuat xidməti”, Avrasiya Qəzetçilər Dərnəyi və İctimai Fikir Fondu tərəfindən “Təhsillə bağlı informasiyanın mətbuatda yayımında fəaliyyətinə görə” “Qız qalası” Milli mükafatı, BDU-nun yerli və xarici KİV ilə əlaqələrinin daha da yaxşılaşdırılmasındakı xidmətlərimə görə «İlin ən fəal şöbəsi », ölkənin aparıcı media qurumlarında çalışan jurnalistlərin Modern.az saytının sorğusuna əsasən “İlin ən fəal mətbuat xidməti”, jurnalistlərin Müsahibə Klubu Facebook qrupunda “2013-cü il üçün hansı universitetin mətbuat katibi yaxşı fəaliyyət göstərib?” sualı ilə keçirilən sorğunun və «Azərbaycan Universitetləri»nin facebook səhifəsinin «2014-cü ilin ən yaxşı mətbuat xidməti» sorğusunun qalibi və nəhayət Təhsil Nazirliyinin “Universitet saytları: Hörümçək torunda haradasınız?” araşdırmasında ali məktəblərin veb-resursları və virtual aləmdəki fəaliyyəti ilə bağlı aparılan monitorinqin nəticəsinə və 2014-cü ilin təhsil sahəsində həyata keçirilən islahatların ictimaiyyətə daha dolğun çatdırılması və media ilə fəal əməkdaşlığa görə diplomla təltifi bu mükafatlar sırasındadır.
- Pərvanə xanım, media orqanlarından informasiya siyasəti ilə bağlı hansısa tələblər olub? Məsələn, deyən olub ki, bizə univerisitetin təbliği ilə bağlı yox, mahiyyətində konflikt olan materiallar lazımdır...
- Bəlkə də bir az kobud çıxacaq, deyim ki, biz buna şərait yaratmamağa çalışırıq. Mətbuat xidmətinin işinin də təkcə press-relizləri göndərməkdən ibarət olmasının əleyhinəyəm. Jurnalist hər bir situasiyada vəziyyətdən çıxış yolunu axtarmalıdır. İnformasiya nəzəriyyəsində böhran, böhrandan əvvəl və böhrandan sonra vəziyyətlər var ki, jurnalist bunların üçünə də hazır olmalıdır. Bu 3 situasiya eynilə ictimaiyyətlə əlaqələr işində də mövcuddur. Yəqin dəyərli həmkarlarım da təsdiq edər ki, biz bunlara əməl edərək işləməyə çalışırıq. Təhsil Nazirliyinin İnformasiya şöbəsi tərəfindən “Media və təhsil dialoqu” adı altında keçirilən konfranslarda media ekspertləri, baş redaktorlar BDU-nun Mətbuat və informasiya şöbəsinin işindən razılıq ifadə ediblər. Bilirsiniz, media ilə sıx, səmərəli əməkdaşlıq daha çox müəssisələrin, qurumların özünə lazımdır. Eyni zamanda, jurnalistə onu maraqlandıran məlumatı verməzsən, o da gedib doğru fakt yox, ehtimal, versiya üzərində öz işini görər və yaranan yanlış ictimai rəy də həmin qurumun imicinə xələl gətirər.
- Söhbətin bu yerində jurnalistikaya necə gəlməyinizdən danışsanız pis olmaz...
- Jurnalistikada olanların əksəriyyəti deyirlər ki, bu peşə onların uşaqlıq arzusudur. Məndə isə əksinə olub. Jurnalist olmaq barədə heç düşünməmişəm də. Sənəd qəbulu vaxtı ali təhsilimdə və həyatımda çox böyük rol oynayan qardaşım Bəybala sıralanmada fəlsəfəni birinci yazmağımı israr etdi. Onunla razılaşmadım. Birinci Beynəlxalq münasibətlər, sonra beynəlxalq hüquq, beynəlxalq jurnalistika, hüquq, fəlsəfə və başqa ixtisasları yazdım. 1994-cü ildə 500-ə yaxın balla Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinin beynəlxalq jurnalistika ixtisasına, yəni sıralanmada 3-cü yazdığım ixtisasa qəbul olundum. Tələbə yoldaşlarım arasında jurnalistikaya təsadüfi düşənlər azdı. Məndə isə qətiyyən belə hisslər yox idi. Hətta sonradan istədim ki, başqa sahəyə meyillənim. Tələbə yoldaşım Gülgün Quliyevanın “Hər gün”, Zaur Əliyevin isə “Elçi” qəzeti ilə əməkdaşlığa başlamağımda xidmətləri olub. “Elçi” qəzetinin ab-havası, insanların səmimi münasibəti məni jurnalistikada kökləyə bildi. İlk qonorarım da yadımdadır - 50 manat.
- Bəs Mətbuat və informasiya şöbəsinə gəlişiniz necə oldu?
- 2000-ci ilin yay ayları idi. Redaktorumuz tərəfindən BDU-nun rektoru Abel Məhərrəmovla müsahibəyə göndərildim. Həmin vaxt Mətbuat və informasiya şöbəsinə rəhbərlik edən Aynur xanım universitetin 80 illik yubileyinə hazırlaşdığını və yubileylə bağlı material hazırlamağı məsləhət bildi. Mən də “Universitet 80 ilik yubileyinə hazırlaşır” başlığı altında yazı hazırladım və o çap olundu. Bir gün Aynur xanım zəng vurdu ki, mətbuat konfransı təşkil etmişik, istəsəniz qatıla bilərsiniz. Həmin vaxt Abel müəllim yazımı bəyəndiyini dedi. Bəlkə də həmin yazının rektorumuz tərəfindən bəyənilməsi, üstəlik, həm bakalavr, həm də magistr pilləsini fərqlənmə diplomu ilə başa vurmağım universitetdə qalmağıma kömək elədi. 2000-ci ilin avqust ayının 31-dən Mətbuat və informasiya şöbəsində işə başladım. Tərcümeyi-halımın yazılmasında hörmətli rektorumuz əsas rol oynadı.
- İctimaiyyətlə əlaqələr sektorunda aktiv fəaliyyət müəllimlik işinizə mənfi təsir edib?
- Çalışıram ki, ictimaiyyətlə əlaqələrlə yanaşı, pedaqoji fəaliyyətimi də uğurla aparım. Bu iki fəaliyyətdən də əvvəl mən həm də övladlarımın təhsil və tərbiyəsi ilə maraqlanıram. Zarafatyana deyirəm ki, mənim işim üç növbədən ibarətdir: şöbədə ictimaiyyətlə iş, fakültədə tələbələrlə, evdə də uşaqlarla. Hər üçünü bərabər səviyyədə aparmağa çalışıram.
- Tələbələrin səviyyəsi necədir? Ümumiyyətlə, bilirlər jurnalistika nədir?
-Əlbəttə bilirlər. Bəzilərində bu sahəyə maraq olmaya bilər. Ümumiyyətlə, istedadlı tələbələrimiz çoxdur. Son zamanlar texniki inkişafın verdiyi imkanlar səbəbindən həmin tələbələrin özlərini ifadə etmək, ən azından bloq yaradıb, yaxud sosial şəbəkə vasitəsilə fikrini ictimailəşdirmək imkanları var. Bizim tələbəlik illərimizdə bunlar yox idi. Amma bütün bunlarla bərabər, ən vacib bir məsələ var: jurnalistikaya sevgi olmalıdır. İnsan ya jurnalist doğulur, ya da doğulmur. Sevgi olsa, bu yolda mütləq uğur da olacaq. Hər zaman tələbələrə deyirəm ki, koryeranın ilk illərində maddi qazanc yox, imzanızı tanıtmaq haqqında düşünün. Sonra siz imza üçün deyil, o sizin üçün işləyəcək.
- Müsahibə üçün təşəkkür edirəm.
- Mən də sizə, dəyərli media rəhbərlərinə, jurnalistlərə 15 il ərzində bizimlə olduqlarına görə təşəkkürüm bildirirəm.
1560 dəfə oxundu