Etiraz edən güləşçi: “Söz verilib ki, hər şey düzələcək”

Etiraz edən güləşçi: “Söz verilib ki, hər şey düzələcək”

Bir neçə gündür ki, güləşçilərimizin maaş ala bilməməkləri və üzləşdiyi problemlərlə bağlı etdikləri etiraz ölkə mətbuatının gündəmini zəbt edib. Belə ki, güləşçilərimiz 1 ildir, təlim-məşq toplantısı keçirmədiklərini və 15 aydır, maaş ala bilmədiklərini bildiriblər. Eyni zamanda onlar zallarda olan şəraitsizliyi də xüsusi vurğulayıblar.

Güləşçilərə cavab olaraq Azərbaycan Güləş Federasiyası milli komandanın üzvlərinin üzləşdiyi çətinliklər ilə bağlı bəyanat yayıb. Bəyanatda qeyd edilib ki, federasiya maaş almadıqlarını iddia edən idmançıların ittihamlarını qəbul etmir və federasiya sponsor təşkilatlarının ayırdığı maliyyə ilə fəaliyyət göstərir: “Federasiya öz fəaliyyətini dövlət maliyyəsi ilə deyil, sponsor təşkilatların ayırdığı maliyyə ilə tənzimləyir. Federasiyaların sponsorların hesabına fəaliyyət göstərməsi qəbul edilmiş və geniş tətbiq edilən praktikadır. Bu baxımdan Federasiyaların maliyyə durumu bir çox hallarda məhz sponsorların maliyyə vəsaitlərindən asılı olur və bəzən müəyyən çətinliklərin yaranması, maliyyələşmənin azalması təbii və anlaşılan haldır və şübhəsiz ki, müvəqqəti xarakter daşıyır.

İdmançılarla bağlı yaranmış vəziyyətə aydınlıq gətirərək bildiririk ki, ictimai birlik olaraq Azərbaycan Güləş Federasiyasının idmançılara maaş vermək kimi bir öhdəliyi yoxdur. Sponsorlar tərəfindən maliyyə ayrıldığı zaman federasiya rəhbərliyinin təşəbbüsü ilə idmançıların əldə etdiyi nəticələrə uyğun olaraq yığma komandanın üzvlərinə maddi yardımlar verilib. Belə yardımların verilməsi idmançıların ailə, məişət problemlərinin həllində onlara dəstək vermək məqsədi daşıyıb”.

Musavat.com federasiyanın açıqlaması ilə bağlı sərbəst güləş üzrə millinin üzvü Hacı Əliyevin münasibətini öyrənib. Millinin üzvü qeyd edib ki, problemin düzələcəyinə inanırlar: “Biz hələ heç kimə cavab vermək istəmirik. Sözümüzü dedik və gözləyirik. İnşallah, düzələcək. Etirazımızdan sonra söz verilib ki, hər şey düzələcək. Biz də gözləyirik”.

Bundan əlavə güləşçilərin maaşlarının Vergilər Nazirliyi tərəfindən ödənildiyi haqda məlumatlar da yayılıb. İddialara görə, idmançılarımızın maaşı nazirlik tərəfindən ödənilir. Bu səbəbdən də sponsorların kimliyi açıqlanmır. İddialara aydınlıq gətirmək üçün nazirliyin mətbuat xidmətinin rəhbəri Şahin Məmmədovla əlaqə saxladıq.

O, saytımıza açıqlamasında yayılan məlumatların əsassız olduğunu bildirdi: “Güləşlə bağlı suallara federasiyanın mətbuat katibi Mais müəllim cavab verir. Məsələ ilə bağlı yalnız onu deyə bilərəm ki, Vergilər Nazirliyinin bu işə aidliyi yoxdur. Sadəcə olaraq, vergilər naziri Fazil Məmmədov güləş federasiyasının prezidentidir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
843 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...