Səfər Mehdiyevin gömrükdə yeni xərac sistemi Ərzaq malları üzrə rüsum hər kq üçün 2.5 dollara qaldırılıb

Səfər Mehdiyevin gömrükdə yeni xərac sistemi


Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) xaricdən gətirilən mal və məhsullar üzrə alınan gömrük rüsumları üçün yeni qayda tətbiq edib. JAMAZ.İNFO xəbər verir ki, həmin qaydalara əsasən Azərbaycana xaricdən gətirilən ərzaq məhsullarına hər kiloqram üçün əvvəllər 1.4 dollar rüsum alınırdısa, sentyabr ayından etibarən bu rəqəm 2.5 dollara qaldırılıb.

Belə ki, DGK mövcud qanuna əsasən rüsumu mal və məhsulun “invoys” qiymətinə (malın ilkin mənbədən alış qiyməti və daşınma xərci) uyğun alırdısa, ötən ilin oktyabrından bunu dayandırıb. Yalnız istisna hallarda həmin qaydanı tətbiq edir. Qeyd edək ki, ötən ilin oktyabrından tətbiq olunan yeni qaydalara əsasən rüsumlar iki cür hesablanırdı. Birinci üsul “invoys” qiyməti nəzərə alınmadan, yəni, gətirilən mal və məhsulun Azərbaycan bazarında olan qiymətinə uyğun rüsum tutulurdu. Bu zaman malın daxili bazardakı dəyərinin 36 faizi rüsum şəkilində alınırdı. Halbuki bu, qanunsuz olmaqla yanaşı, həm də süni qiymət artımına gətirib çıxarırdı. İkinci üsul isə idxal olunan malların çəkisinə görə, rüsum alınırdı ki, bu ilin sentyabrına kimi həmin rəqəm hər kiloqram üçün 1.4 dollar təşkil edirdi.

İş adamlarından aldığımız məlumatlara görə, bu ilin sentyabr ayından etibarən xaricdən gətirilən ərzaq və sənaye malları üzrə alınan gömrük rüsumlıarı 2.5 dollara qaldırılıb. Bundan başqa, həmin məhsullara AQTA tərəfindən razılığın verilməsi də qəti şəkildə tələb kimi qoyulub. Bu isə hər məhsul növü üzrə icazənin alınmasına 300-400 manat əlavə xərc deməkdir.

Məsələnin qısa izahı belədir: Sahibkar “X” ölkədən 2000 dollar ödəyərək (500 dollar yolı xərci) 1 ton kərə yağı gətirir. Əvvəllər MDB ölkələri üzrə həmin məhsula görə 18 faiz, digər ölkələr üzrə 36 faiz rüsum tutulurdu ki, bu da MDB ölkələri üzrə 450-500 dollar, digər ölkələr üzrə 900-1000 dollar ödəniş edilməsinə bərabər idi. Nəticədə, malın maya dəyəri hər kiloqram üçün 3.5 dollar olurdu.

İndi isə bu qiymət hər kiloqram üçün 2.4 dollar müəyyən edilib. Yəni, sahibkar gətirdiyi 1 ton yağa görə, 2500 dollar maya dəyərindən əlavə 2400 dollar rüsum ödəməlidir. Ki, bu da hər kiloqram yağın maya dəyərinin 3.54 dollardan 4.9 dollara qalxmasına gətirib çıxarır. Buraya AQTA-nın icazə üçün lisenziya xərclərini də əlavə etsək, o zaman 1 kiloqram yağın maya dəyərinin 5.3 dollara yüksəlməsini müşahidə edə bilərik. Həmçinin gömrükdəki “növbətçi xərclər” də var ki, maya dəyərinin 6 dollara qədər artmasını qaçılmaz edir.

Bildirək ki, DGK belə bir qaydanı nəyə və hansı qanunvericiliyə əsasən tətbiq edib, məlum deyil. Onsuz da bu qurum özbaşınalığı ilə ad çıxarıb. Ölkədə əsas nazraı qalınan dövlət qurumlarından birincisidir. Sahibkarlar da məhz ildə bir dəfə baş verən dəyişikliklərdən dolayı ya müflis olurlar, ya da xaricdən zəruri ərzaq məhsulları və digər malları gətirməkdən çəkinirlər.

Paralel olaraq, DGK-nın bu addımları nəticə etibarı ilə ölkədə bahalaşmanın əsasını qoyur. Son zamanlar ərzaq məhsullarının ən azır 20-25 faiz bahalaşması da təsdiq edir ki, problemin kökündə dayanan əsas amillərdən biri DGK-nın yarıtmaz fəaliyyətidir.

Gömrükdəki mənbələr iddia edir ki, belə qaydaların tətbiq olunması təkcə onların səlahiyyətində deyil. Bu barədə Nazirlər Kabineti və İqtisadiyyat Nazirliyindən gələn təlimatlar əsas götürülür. Amma mənbələr bu təlimatların verilməsində komitə rəhbərliyinin də günahsız olmadığını qeyd edirlər. Belə ki, rüsumların dəyişdirilməsində komitədəki başbilənlərin də təklifləri nəzərə alınır. Yəni, DGK təklif verir, NK və İN buna düzəliş edərək, təsdiqləyir.

Məsələ ilə bağlı DGK-nın mövqeyini öyrənə bilmədik. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
157 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...