Mövlam Şıxəliyev mobil nömrəsini 20 minə satışa çıxardı - kimə “nömrə” gəlirlər...

Mövlam Şıxəliyev mobil nömrəsini 20 minə satışa çıxardı -
Hüquqşünas: “Mümkündür ki, daim istifadələrində olan nömrələri satışa çıxarmaqla patronlarına mesaj ötürürlər”
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun ardından ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin keçmiş rəisi, general rütbəsi alınan Mövlam Şıxəliyev də mobil telefon nömrəsini satışa çıxarıb.


Bu haqda “Yeni Müsavat”a daxil olan xəbərdə deyilir ki, Mövlam Şıxəliyevə məxsus olan 050 211-05-09 mobil nömrə satışa çıxarılıb. Hazırda Mövlam Şıxəliyevin oğlu Elgün Şıxəliyevin istifadəsində olan mobil nömrəyə ilkin olaraq 20 min manat qiymət qoyulub.

Yada salaq ki, sentyabrın 21-də, Bakı Hərbi Məhkəməsində Mövlam Şıxəliyevin barəsində hökm çıxarılıb. O, Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə mütəşəkkil dəstə tərəfindən hədə-qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələrlə təqsirli bilinib və 12 il müddətinə azadlıqdan məhrum olunub. Məhkəmənin hökmü ilə iş üzrə zərərçəkənlərin mülki iddiaları da təmin olunub. Hökmlə məhkum olunmuş şəxslərə məxsus və istintaq zamanı üzərlərinə həbs qoyulan əmlakların da müsadirə edilməsi, hərrac yolu ilə satılması və zərərçəkənlərə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi də qərarlaşdırılıb. Hökmlə Mövlam Şıxəliyevin general-mayor rütbəsindən məhrum edilməsi barədə Prezidentə təqdimat göndərilib.

Hökmə əsasən Mövlam Şıxəliyevə məxsus olan və öz adına rəsmiləşdirilən, oğlu Elgün Şıxəliyevin və eks generalın digər ailə üzvlərinə məxsus aşağıdakı əmlaklar müsadirə edilib:

Mövlam Şıxəliyevin mülkiyyətində olmaqla öz adına rəsmiləşdirilmiş:

- Səbayel rayonu, Nizami küçəsi, ev 78 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (482 min manat)

- Səbayel rayonu, Bülbül prospekti, ev 7, mənzil 39 ünvanında yerləşən 198.1 kv.m sahəsi olan daşınmaz əmlak (770 min 609 manat)

- Səbayel rayonu, Bülbül prospekti, ev 7 ünvanında yerləşən 35 kv.m. sahəsi olan zirzəmi (35 min 500 manat)

- Nizami rayonu, Qara Qarayev prospekti, 39a ünvanında yerləşən daşınmaz əmlak (974 min 600 manat)

- Nəsimi rayonu, Nizami küçəsi, ev 78, 6 mənzil ünvanında yerləşən daşınmaz əmlak (214 min manat)

- Binəqədi rayonu, 7-ci mikrorayon, ev 9/25, mənzil 63 ünvanında yerləşən daşınmaz əmlak (31 min 500 manat)

- Binəqədi rayonu, Goradil kəndi, 690A ünvanında yerləşən daşınmaz əmlakı (39 min 528 manat)

Mövlam Şıxəliyevin həyat yoldaşı Aybəniz Şıxəliyevanın adına rəsmiləşdirilmiş:

- Ağdaş şəhəri, 20 Yanvar küçəsi, ev 7a ünvanında yerləşən daşınmaz əmlak (26 min 240 manat)

- Ağdaş şəhəri, H.Hacıyev küçəsi, ev 26 ünvanında yerləşən 197 kv.m. əmlak (17 min manat)

- Binəqədi rayonu, Novxanı kəndi, 686k ünvanında yerləşən daşınmaz əmlakın (37 min 600 manat)

- Nəsimi rayonu, Nizami küçəsi, ev 93, mənzil 21 2 ünvanında yerləşən daşınmaz əmlak (400 min manat)

- Nərimanov rayonu, M.Əlizadə küçəsi, ev 134a ünvanında yerləşən 403.3 kv.m. sahəsi olan daşınmaz əmlak (1 milyon 452 min manat)

- Səbayel rayonu, Bülbül prospekti, ev 7, mənzil 10 ünvanında yerləşən 137.7 kv.m. sahəsi olan daşınmaz əmlak (535 min 653 manat)

- Səbayel rayonu, Bülbül prospekti, ev 7, mənzil 40 ünvanında yerləşən 137.7 kv.m. sahəsi olan daşınmaz əmlak (738 min 711 manat)

Mövlam Şıxəliyevin qızı Samirə Əliyevanın adına rəsmiləşdirilmiş:

- Bakı şəhəri Səbayel rayonu, Bülbül prospekti, ev 7, mənzil 72 ünvanında yerləşən 167.3 kv. m. sahəsi olan daşınmaz əmlak (650 min 719 manat)

- Binəqədi rayonu, Novxanı kənd, 686 ünvanında yerləşən 214.3 kv.m sahəsi olan daşınmaz əmlak (257 min 172 manat)

- Binəqədi rayonu, Novxanı kəndi, 685V ünvanında yerləşən 1087.7 kv.m. sahəsi olan daşınmaz əmlak (1 milyon 305 min 240 manat)

Generalın oğlu Elgün Şıxəliyevin adına rəsmiləşdirilmiş:

- Səbayel rayonu, Nizami küçəsi, ev 96, mənzil 37 ünvanında yerləşən daşınmaz əmlak (360 min manat)

- Səbayel rayonu, prospekti ev 7 ünvanında yerləşən daşınmaz əmlak (714 min 985 manat)

Əmlakların ümumi dəyəri 7 milyon 738 min 17 manat məbləğində müəyyənləşib.

Xatırladaq ki, sabiq nazir Səlim Müslümov da yaxası istintaqçıların əlinə keçəndən sonra illərlə istifadə etdiyi (050) 211-20-72 mobil telefon nömrəsini satışa çıxarıb. Nömrənin qiyməti ilkin oaraq 15 min manat müəyyənləşib.

Həbsə düşən sabiqlərin mobil nömrələrini satışa çıxarmaqda məqsədləri nədir?

Pul əldə etmək, yoxsa bununla kimlərəsə mesaj ötürmək?

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, sabiqlərin nömrə satışı təsadüfi, sıradan məsələ deyil: “Hamı bilir ki, Səlim Müslümovun da, Mövlam Şıxəliyevin də, həbsdə düşən onlar kimi yüksək vəzifələrdə olmuş, əlləri milyonlara çatanların nömrə satışı, sadəcə, diqqət yayındırmaq istəyindən irəli gəlir. Elə ittihamlara baxsaq, barələrindəki ittiham aktlarını vərəqləsək, görərik ki, hər iki şəxs vəzifədən sui-istifadə etməklə milyonlarla manat əldə ediblər. Həbsə düşən kimi 10 illərlə topladıqları milyonları itirməkləri sadəcə, inandırıcı deyil. Hər bir korrupsioner, rüşvətxor bilir ki, gec-tez qapısı istintaqçılar tərəfindən döyüləcək, yığdıqları da təhlükə altına düşəcək. Bu baxımdan qabaqlayıcı tədbirlər görürlər. Çətinə düşəndən sonra var-dövlətlərinin bir hissəsi ilə vidalaşıb həyatlarına davam edirlər. Bu, acı da olsa, bir Azərbaycan reallığıdır”.

Natiq Ələsgərov deyib ki, nömrə satışı ilə hər iki şəxsin son həddə qədər kasıbladığını nümayiş etdirmək istəyi sezilir: “Mümkündür ki, daim istifadələrində olan nömrələri satışa çıxarmaqla patronlarına mesaj ötürürlər, darda olduqlarını, son əlaqə vasitələrinin əllərindən çıxdığını çatdırmaq istəyirlər. Yəni nömrə satışa çıxarılsa da, faktiki satmaq niyyəti yoxdur, sadəcə, mesaj çatdırılır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
486 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...