İranda etirazlar şiddətlənir: "Diktatora ölüm!" - Video

İranda etirazlar şiddətlənir:
İranın Kürdüstan vilayətinin rəhbəri İsmayıl Zareyquşa əyalətlərdə keçirilən nümayişlərdə 3 nəfərin öldüyünü açıqlayıb.
Yeniavaz.com Fars Xəbər Agentliyinə istinadən xəbər verir ki, Zareiquşa 2 nəfərin silahla öldürüldüyünü, bir nəfərin ölüm səbəbinin araşdırıldığını bildirib.
Müxalifət mediasında əks olunan xəbərlərdə isə etirazlar zamanı 5 nəfərin öldüyü, 10 nəfərin yaralandığı iddia edilib.
Qeyd olunur ki, Əmininin “əxlaq polisi” tərəfindən həbs olunmasından sonra ölümü ilə başlayan etirazlar artıq əksər əyalətlərə yayılıb və hər gün böyüyür.
Etirazların Kürdüstan, Qərbi Azərbaycan, Kirmanşah, Elburz, Tehran, Gilan, Rəzəvi Xorasan, Yəzd, Xürrəmabad, Sənəndəc, Urmiya, Məşhəd, Kirman, Mahabad, Divandərə və Bükan vilayətlərində davam etdiyi qeyd olunur.
Paytaxt Tehranda isə Vəliəsr küçəsi, Vəliəsr meydanı, Danışcu parkı, Lalə parkı, Keşavərz bulvarı, Hicab küçəsi, Fatimi küçəsi və İnqilab küçəsi kimi insanların sıx olduğu yerlərdə keçirilən etirazlara xeyli sayda iranlı qatılıb.
Yüzlərlə insanın iştirak etdiyi nümayişlərə polis gözyaşardıcı qazla müdaxilə edib, nümayişçilər zibil qablarını yandıraraq yollara barrikadalar qurmağa çalışıblar.
Bəzi nümayişçilər təhlükəsizlik qüvvələrinin müdaxilə zamanı plastik və ya oxşar güllələrdən istifadə etdiyini iddia ediblər.
Tehran rəhbərliyinə qarşı “Diktatora ölüm”, “Bacımı öldürəni öldürəcəm” kimi şüarlar səsləndirən nümayişçilər küçələri tərk etməyəcəklərini bildiriblər.
Qeyd edək ki, İranda hicabını düzgün geyinmədiyi üçün polis tərəfindən saxlanıldıqdan sonra dünyasını dəyişən 22 yaşlı Məhsə Əmininin dəfnindən sonra ölkənin qərbində etiraz aksiyaları başlayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
185 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...