"Ziyan mənə dəysin, pulum getsin, canım getsin, indi də..." - Generalla bağlı MƏHKƏMƏ İŞİ

"Ziyan mənə dəysin, pulum getsin, canım getsin, indi də..." -

Xəbər verildiyi kimi ötən gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş MTN-nin İstintaq İdarəsinin rəisi olmuş general Mövlam Şıxəliyevin və onunla birlikdə ittiham olunanların işi üzrə məhkəmə prosesi başlayıb. Məhkəmə qapalı keçirilir, çünki Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənov və işə baxan hakim Elbəy Allahverdiyev jurnalistlərin məhkəmə zalına buraxılmamasına göstəriş verib. (M.Şıxəliyevlə birlikdə ötən ilin dekabrında həbs edilmiş digər MTN generalı, nazirliyin Hərbi Əks Kəşfiyyat İdarəsinin rəisi olmuş Nizami Şirinovun məhkəməsi isə açıq keçirilir,-red.)

"Ziyan mənə dəysin, pulum getsin, canım getsin, indi də..." -


M.Şıxəliyevlə birlikdə müttəhimlər kürsüsündə onun idarəsində şöbə rəisi olmuş Vüsal Ələkbərov və şöbə rəisinin müavini olmuş Sahib Ələkbərov, idarənin rəis müavini Yasin Məmmədov dayanıblar. Lakin onlardan təkcə M.Şıxəliyev barəsində həbs qətimkan tədbiri seçilib. Şıxəliyev və digərləri sahibkarlardan, bankirlərdən və digər imkanlı şəxslərdən hədə-qorxu, təhdid, şantaj, işgəncə, qanunsuz azadlıqdan məhrum etmə yolu ilə milyonlarla dollar ələ keçirməkdə ittiham olunurlar. KİV-lərdə Şıxəliyevin bu pulları necə aldığına dair çoxsaylı təfərrüatlı epizodlar, şahid ifadələri yer alır.

Jurnalistlər zala buraxılmasa da, AzadlıqRadiosunun prosesdə iştirak edənlərdən əldə etdiyi məlumata görə, keçmiş MTN-çilərin işində zərərçəkmiş qismində tanınan 32 nəfərin bir çoxu həmin üç nəfərin də həbsini tələb edib. Onlar bu barədə vəsatətlər qaldırıblar.

"Ziyan mənə dəysin, pulum getsin, canım getsin, indi də..." -


“Həbs olunsunlar, onların azadlıqda qalması bizi qıcıqlandırır. Bizim pullarımızı qaytarsınlar…”, – zərərçəkmiş Qulam Bağırov belə deyib.

Başqa bir zərərçəkən Əfsər Həsənəliyev təqsirləndirilən Yasin Məmmədovun da həbsini tələb edib. Həmçinin, işin daha ətraflı araşdırılması, əlavə adamların da cinayət məsuliyyətinə cəlb olunması üçün prokurorluğa qaytarılmasını istəyib.

Zərərçəkənlər vaxtilə MTN-də onlardan hədə-qorxu ilə külli miqdarda pul alındığını bildirərək onlara dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə mülki iddialar qaldırıblar. Məhkəmədə bu məsələ ilə əlaqədar fikir ayrılığı yaranıb. Hakim deyib ki, mülki iddiaların qaldırılması üçün rüsum ödənilməlidir. Zərərçəkənlərdən Nizami Kazımovun nümayəndəsi, vəkil Elçin Sadıqov isə etiraz edib. Vəkilin sözlərinə görə, bu, mülki qaydada məhkəmə prosesinin başlanmasına səbəb olan adi iddia deyil. Qanun da bunu fərqləndirir və cinayət nəticəsində dəymiş zərərin ödənilməsi tələbi ilə qaldırılan mülki iddia üçün rüsum ödənişi nəzərdə tutulmayıb.
“Ziyan mənə dəysin, pulum getsin, canım getsin, indi də yenidən pul ödəyim… Özümü təhqir olunmuş hiss eləyirəm. Mənim iddiam cinayət nəticəsində mənə vurulmuş ziyanla bağlıdır. Mütəşəkkil cinayətkar dəstə məni girov götürüb, balalarımı gözüyaşlı qoyub, məndən zorla pul alıb, haqqımı yeyiblər. Buna görə gedib rüsum ödəməyi özümə sıxışdırmıram”, – zərərçəkənlərdən prokurorluq işçisi olmuş Zaur Əliyev bildirib.

Təqsirləndirilən şəxslər özlərini günahkar saymadıqlarını vurğulayaraq mülki iddiaların icraata götürülməsinə etiraz ediblər. M.Şıxəliyevin vəkili onun “xidmətlərini, ali rütbə daşımasını” nəzərə alaraq məhkəmə zalındakı şüşə kabinədən çıxarılaraq zalda oturdulmasını istəyib, habelə onun ev dustaqlığına buraxılması haqda vəsatət qaldırıb. Hakim isə bu istəklərin heç birini qəbul etməyib.

M.Şıxəliyevin pul yığanlarından olan Sahib Ələkbərov isə belə deyib: “Mən istintaqa çağırılanda xaricdə idim. Amma qorxmamışam, gəlmişəm. Azərbaycanın hətta həbsxana divarları da mənə doğmadır. Xahiş edirəm, mənim xidmətlərim nəzərə alınsın. Təkcə özümü demirəm, Mövlam Şıxəliyevin də həbsdən buraxılmasını xahiş edirəm”.

Onun bu cür çıxışı zərərçəkənləri qəzəbləndirib, zalda səs-küy yaranıb. “Mənim xidmətimin milyonda biri bunlarda olmayıb. Nəhayət, İlham Əliyevin dəmir yumruğu bunların başına dəydi. Mən bunların ucbatından evsiz-eşiksizəm. Bunların bizim ailənin başına gətirdiklərinə görə yoldaşımın başı xarab oldu, qalıb ortalıqda. Üç uşağımın evi banklarda batdı, qalmışıq kirayələrdə…”, – onlardan biri deyib.

Hakim Elbəy Allahverdiyev zərərçəkmişə fikrini davam etdirməyə imkan verməyib. Deyib ki, aidiyyəti olmayan məsələlərdən danışır.

M.Şıxəliyev isə heç kimdən pul almadığını iddia edib (cinayət işinin materiallarına əsasən onun hədə-qorxu, təhdid, şantaj yolu ilə zərərçəkənlərdən aldığı məbləğ 15 milyon dollardan çoxdur,-red.), üstəlik ittiham aktını “bədii əsərə” bənzədib.

“Bu ittiham aktı fərziyyələrlə tərtib olunmuş bədii əsərə bənzəyir. Vüsal Ələkbərovun ittiham aktına mənim adımı əlavə edib yeni ittiham aktı hazırlayıblar. Burada oturanların biri də deyə bilməz ki, mənə pul verib”, – deyə o bildirib.

Məhkəmə baxışı oktyabrın 26-na təyin edilib.

Qeyd: General Şıxəliyev 2021-ci ilin aprelində həbs olunub. Sabiq MTN-çilər haqqında cinayət işində ümumilikdə 14 milyon 292 min manat rüşvətdən və hədə-qorxu ilə başqalarının 5 milyon 77 min manatlıq pulunu, əmlakını ələ keçirməkdən bəhs olunur.

Hələ 2015-ci ilin oktyabrında MTN-də nazir Eldar Mahmudovun vəzifədən uzaqlaşdırılması, 20-dən artıq vəzifəli şəxsin, o cümlədən generalların həbsi ilə nəticələnən əməliyyatdan sonra aparılan istintaqda Şıxəliyev və digərlərinin adları hallanırdı. Onlardan Şıxəliyev və Məmmədov şahid qismində də dindirilmişdirlər. Vüsal Ələkbərov isə hədə-qorxu ilə tələb etmə, rüşvət alma və başqa əməllərdə təqsirli bilinərək Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum edilmişdi. Sonradan apellyasiya məhkəməsi onun cəzasını 5 ilə endirdi. O, bir müddət həbsdə saxlandıqdan sonra şərti azadlığa buraxılmışdı.

virtualaz.org



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
480 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...